Bir müddət öncə Bakı metrosunun “Həzi Aslanov” stansiyasının çıxışında, gecə saatlarında naməlum bir "budka" yerləşdirilmişdi.
Məsələ haqqında məlumatı musavat.com-a həmin ərazinin sakinləri bildirmişdilər. Məlumat əsasında adıçəkilən ünvana gedərək, oradan geniş reportaj hazırlamışdıq.
Məsələ burasındadır ki, metronun çıxışında dəmir konstruksiyalardan quraşdırılmış obyekt var idi. Sakinlərin şikayəti isə həmin obyektin onların yolunu bağlaması və hərəkətə mane olması ilə bağlı idi. Biz də həmin zamanlarda vətəndaşların şikayətlərini və mövcud problemlərini yazaraq, işıqlandırdıq.
Hətta məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə də əlaqə saxlamışdıq. N.Paşayev musavat.com-a açıqlamasında, "Bizdə də elə bir məlumat var. Kimsə gecə vaxtı gətirib, o "budka"nı oraya qoyub. Əməkdaşlarımız ərazidə olublar və maraqlanıblar. Amma "budka" sahibinin kim olduğunu hələlik öyrənə bilməmişik. "Budka" metroya giriş və çıxışa da mane olur. Ona görə də, biz də bu məsələni araşdıracağıq" demişdi və dediklərini də etdi.
Bir müddət sonra həmin ticarət obyekti söküldü. Və sakinlərin problemləri qismən də olsa, həll edildi. Qismən, çünki sökülən obyektin qalıqları hələ də, həmin ərazidə qalmaqdadır.
Həmin ərazi isə artıq zibilxanaya çevrilir. Belə ki, yoldan keçən hər kəs, əlində olan zibilləri həmin əraziyə tullayır. Adıçəkilən ünvana yaxın binalarda yaşayan sakinlər isə bu vəziyyətdən narazıdırlar.
Şikayətçilər deyirlər ki, obyekti sökənlərin öz işlərini düzgün sona çatdırmamaları buranı zibilliyə çevirib: "Sökdülər. Sağ olsunlar. Şikayətimizi cavabsız qoymadılar. Yolumuz açıldı. Amma əlavə daha bir problem yarandı. Söküntüdən qalan daşları aparmayıblar. Gələn-gedən zibilini bura tullayır. Hələ bu, yaxşı vəziyyətdir. Buradakı tikinti qalıqlarını təmizləməsələr, bizi daha pis günlər gözləyir. Hər tərəf zibilxana olacaq".
Yaxınlıqdakı obyekt sahibləri də bu vəziyyətdən narazıdırlar: "Bura getdikcə zibilxanaya çevrilir. Yaxınlıqdakı dükanlar da, sakinlərin bəziləri də evinin, iş yerinin zibilini buraya atır. Bu, bizim üçün də problemdir. Görüntü cəhətdən xoş təəssürat da yaratmır. Xahiş edirik ki, buranı təmizləsinlər".
Adıçəkilən ünvanda olarkən yaxınlıqdakı yarmarkanın fəaliyyətinə nəzarət edən Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə də görüşdük və bu vəziyyətlə bağlı onunla da söhbət etdik.
İcra nümayəndəsi söküntüdən xəbərsiz olduğunu dedi və problemin qısa zaman ərzində həll ediləcəyinə söz verdi.
Bizə isə hələlik verilən sözün yerinə yetirilməsini gözləmək qalır.
Məhəmməd TÜRKMƏN,
Fotolar müəllifindir.