Cəbhədə böyük savaş - 20 erməni əsgəri öldürüldü

20-03-2015, 09:33   
Cəbhədə böyük savaş - 20 erməni əsgəri öldürüldü

TANAP-ın təməlinin qoyulmasından dərhal sonra düşmən ölkə cəbhədə məkrli planlara əl atmağa başlayıb; Azərbaycan Ordusu ermənilərin təxribatlarının qarşısını alıb
“Martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb”. Bu açıqlamanı Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı yayıb.

Nazirlik bildirir ki, qoşunların təmas xəttində guya Silahlı Qüvvələrimizin bölmələri tərəfindən təxribat törədilməsi barədə Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır: “Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar”.

MN qeyd edir ki, Silahlı Qüvvələrimizin tank bölmələrinin heyətləri qarşısında çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı olaraq anlamalıdır ki, o özgə torpağına soxulub və sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir: “Əks təqdirdə, düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçularımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaqdır”.

Müdafiə Nazirliyi bildirir ki, cəbhədəki döyüş toqquşması barədə təsdiqedici materiallar əlavə olaraq təqdim ediləcək.

MN həmçinin bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 58 dəfə pozub.

Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.



Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çaylı, Qızıloba, Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Erməni mətbuatı martın 19-da məhv edilən erməni hərbçilərdən bəzilərinin adlarını açıqlayıb.



ANS PRESS-in məlumatına görə, hələ ki bunlar 1996-cı il təvəllüdlü Hakop Xaçatryan, 1995-ci il təvəllüdlü Eduard Hayrapetyan, 1995-ci il təvəllüdlü Arşak Harutunyandır.
Ermənistanın tanınmış jurnalisti Romella Mnasakanyan isə itkilərin xeyli çox olduğunu bildirib.

“Ermənistan rəhbərliyi erməni anaların qəzəbindən qorxaraq itkini gizlədir”, - deyə o vurğulayır.

***
Ermənistan artıq neçə aylardır ki, cəbhə xəttində hər gün təxribatlar törədir, düşmənin diversiya qrupları dəfələrlə təmas xəttini yarmağa cəhd ediblər. Onların bu cəhdlərinin qarşısı alınarkən ermənilər hər dəfə xeyli itkilər veriblər. Ancaq görünən budur ki, Ermənistan öz məkrli planlarından əl çəkmək istəmir. Heç şübhəsiz, cəbhə xəttində gərginliyin artırılmasına çalışmaqla, düşmən ölkə müəyyən məqsədlər güdür, danışıqlar prosesinin - böyük sülh sazişinin imzalanmaması, işğal etdikləri torpaqları azad etməməsi, mövcud status-kvonun saxlanılması üçün əlindən gələni etməyə çalışır...



Ekspertlər onu da qeyd edirlər ki, bugünlərdə ermənilərin daha da azğınlaşmasının səbəbi martın 17-də TANAP layihəsinin əsasının qoyulması ilə bağlı ola bilər. O mənada ki, bu, 21-ci əsrin layihəsi adlandırılır və Azərbaycanın bölgədə, dünyada çəkisinin ciddi şəkildə artması ilə nəticələnəcək. Heç şübhəsiz ki, bu layihənin Dağlıq Qarabağ məsələsi ilə bağlı da Azərbaycan üçün əhəmiyyəti böyükdür. Həmçinin Ermənistan bu regional layihədən də kənarda qalıb. Ölkəmizin bu uğurunu görən, faktiki olaraq iqtisadiyyatı Azərbaycanla müqayisədə qəpik-quruş üzərində qurulan Ermənistanın təxribatlar törətməklə Azərbaycanı müharibəyə vadar etməyə çalışması, bölgədə sabitliyi pozmaqla iqtisadi uğurları ləngitmək kimi məkrli planlarının olması kifayət qədər inandırıcı versiyadır...

Amma təbii ki, Azərbaycan bütün variantlarda Ermənistanı neytrallaşdırmağa qadirdir.
Yeri gəlmişkən, elə martın 19-da Novruz şənliyində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev ermənilərə sərt mesaj vermişdi. Prezident çıxışında Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasına təəssüfləndiyini bildirib: “Müxtəlif səviyyəli görüşlərin keçirilməsinə baxmayaraq, Ermənistan təxribatçı hərəkətlərindən əl çəkmir. Şəhidlərimizin qanı yerdə qalmamalıdır və qalmır da”.

Prezident bildirib ki, təmas xəttində ordumuz vəziyyətə tam nəzarət edir: “Əsgərlərimiz Vətəni ləyaqətlə qoruyurlar. Ordu quruculuğu bizim üçün əsas vəzifədir. Azərbaycan ordusu indi dünyada öz gücü, texniki təchizatı ilə fərqlənir”.

Dövlət başçısının sözlərinə görə, güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi, düşünülmüş siyasət, sosial vəziyyət cəmiyyətdə bərqərar olmalıdır.



İlham Əliyev qeyd edib ki, Azərbaycanda iqtidarla xalq arasında möhkəm birlik var.
Bir neçə gün öncə təməli qoyulan TANAP qaz kəmərinin əhəmiyyətindən danışan prezident vurğulayıb ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və ölkədə hasil olunan qaz dünya və Avropa üçün böyük əhəmiyyət daşıyır: “Bundan əlavə, görülən işlər Azərbaycanın geosiyasi əhəmiyyətini də artırır. Azərbaycanın yürütdüyü siyasət ədalətli siyasətdir. Azərbaycan bu gün dünya miqyasında nümunəvi ölkə kimi tanınır. Bakının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bu gün onu dünya miqyaslı sərvətə çevirib”.

Ermənilərin təxribatlarının TANAP-la bağlı olmasını İlham Əliyevin Ermənistana mesajlar verdikdən sonra çıxışını TANAP layihəsi ilə bağlı danışmaqla yekunlaşdırmasından da sezmək mümkündür...

Düşmən ordusunun öz təxribatlarının və yanlış siyasətlərinin nəticəsi olaraq cəbhə xəttində böyük itkilər verməsi Ermənistanda əsgər analarının küçələrə çıxmasına səbəb olub.
Övladları işğal olunmuş Azərbaycan ərazilərində həlak olmuş bir qrup əsgər anası martın 19-da yenə Ermənistan prezidentinin administrasiyası qarşısında etiraz aksiyası keçiriblər.
Onlar övladlarının həlak olması ilə bağlı cinayət işinin açılmasını tələb edirlər.

T.ƏHMƏDLİ /musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar