Bu gün Kreml başçısı Astanaya gedir; onun qatılacağı sammitə Sərkisyanın çağırılmamasının azı, iki mühüm səbəbi var; “Stratfor” isə Rusiya prezidentinə qaranlıq gələcək vəd edir; ABŞ-ın “kölgə kəşfiyyatı”na görə, Putini Xruşşovun taleyi gözləyir...
Bu gün Qazaxıstanın paytaxtı Astanada Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrin sammiti keçiriləcək. Bəllidir ki, tədbir Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı təxirə salınmışdı. Putin 10 günlük müəmmalı yoxluqdan sonra artıq üzə çıxıb, hərçənd onun konkret hansı xəstəliyə görə görünməməsi hələ ki sirr olaraq qalır.
İstənilən halda, sirli “yoxa çıxmadan” sonra Putin ilk dəfə olaraq Moskvanı tərk edəcək. Astana sammiti sözsüz ki, ən əvvəl bu xüsusda yerli və beynəlxalq medianın diqqət mərkəzində olacaq, nəinki görüşün gündəliyi ilə. Bir də yəqin ki, Avrasiya İttifaqının digər tamhüquqlu üzvü olan Ermənistanın prezidentinin sammitə dəvət edilməməsi diqqətdə saxlanılacaq.
Yeri gəlmişkən, Sərkisyanın saya salınmamasının bir səbəbi qurumun digər ölkələri ilə coğrafi sərhədi olmayan və hər hansı iqtisadi-ticari maraq və dəyər kəsb etməyən cırtdan Ermənistanın AİB üzvləri üçün əhəmiyyətsiz olması ilə izah edilə bilər.
İkinci maraqlı səbəb isə qazaxıstanlı ekspert Murat Asipov göstərib (vesti.az). Onun qənaətincə, imtina məhz Azərbaycan və Türkiyə amili, daha doğrusu, bu iki türkdilli dövləti qıcıqlandırmamaq istəyi bağlı ola bilər. Sitat: “Erməni prezidentinin görüşə dəvət edilməməsinin səbəbi mənə məlum deyil. Yalnız onu deyə bilərəm ki, Qazaxıstan Türkiyə və Azərbaycanla münasibətlərə çox diqqətlə yanaşır. Ona görə də Ermənistan rəhbərini dəvət etməyiblər...”
*****
Yuxarıda qeyd edildi artıq, Putin sirli xəstəliyindən sonra bu gün ilk dəfə Moskvanı tərk edəcək. Ancaq paytaxtdan əvvəlki kimi əmin-arxayın çıxa biləcəkmi?
Sual boşuna qoyulmayıb. Məsələ ondadır ki, ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan qeyri-hökumət təşkilatı - “Stratfor” analitikləri Kremlin hazırkı başçısı ilə bağlı bədbin proqnoz veriblər. Qurumun hazırladığı məqalədə deyilir: “1964-cü ilin oktyabrında Nikita Xruşşov məzuniyyətdən qayıtdı və gördü ki, daha o, SSRİ-yə rəhbərlik eləmir. On vəzifəsindən isə həmişə etimad edib güvəndiyi Leonid Brejnev uzaqlaşdırmışdı. Eyni şey Rusiya prezidenti Putinin başına gələ bilər”.
“Stratfor” təhlilçiləri Putinin özünə siyasi karyeranı necə qurduğu və hakimiyyətə necə gəldiyini ətraflı təsvir ediblər. Ekspertlərin fikrincə, Putin Boris Yeltsinin ona görə varisi olub ki, Kosovodakı müharibə zamanı Kreml Serbiyanı savaşla hədələyən Qərbə qarşı siyasi və hərbi planda durmaqda bacarıqsızlıq göstərib. “Yeltsin etirazlar bildirdi, ancaq NATO və ABŞ Rusiyanın 90-cə illərdə dağılan ordusu və iqtisadiyyatından çıxış edərək onun mövqeyini vecinə almırdı” - yazır amerikalı analitiklər.
Məqalə müəlliflərinə görə, seçildikdən sonra Putinə orduda lazımi qayda-qanun yaradacaq sərt idarəçi rolu ayrılıb: “Ötənilki hadisələrə qədər bu tapşırığı yerinə yetirmək ona müyəssər olurdu. Lakin Ukraynaya müdaxilə Putinin kobud səhvi oldu... Putinin ehtiyat variantı bu idi ki, Ukraynadan və energetik şantajdan istifadə edib Rusiyaya qarşı duran ABŞ və Avropa arasında parçalanma yaratsın. Ancaq Malayziyanın ”Boeing 777" sərnişin təyyarəsinin vurulması bu planı alt-üst etdi. Avropalılar və amerikanlar əmin oldular ki, məhz Moskva rusiyayönlü terrorçulara hava hücumundan müdafiə sistemləri və bu qurğulardan istifadə eləmək üçün hərbçilər göndərib. Odur ki, Qərbdə parçalanma yaratmaq mümkün olmadı".
“Bu məqamda Putin sərt siyasət yürüdən effektli və təcrübəli idarəçidən yaraqlıların ümidsiz mübarizəsini dəstəkləyən, onlara silah-sursat ötürən təhlükəli və qabiliyyətsiz siyasətçiyə çevrilir”, - deyə təhlil yazısında daha sonra qeyd edilir.
*****
Ekspertlər bu və digər amillərin toplusuna görə Putini Xrüşşov kimi eyni talenin gözləyəcəyini vurğulayırlar: “1964-cü ildə sovet lideri Nikita Xruşşov Kubada nüvə silahı yerləşdirəcəyin ilə hədələdiyi ABŞ-la konflikti özü üçün uğursuz şəkildə başa vurmuşdu. Bu, onun partiya elitası arasında müdafiəsini zəiflətdi. İqtisadiyyatın zəifləməsi də başqa yandan Xruşşovun ziyanına işlədi. Odur ki, silahdaşları onu azad edib, yerinə Brejnevi qoydular.
Beynəlxalq siyasətdə məğlubiyyət və iqtisadi uğursuzluq beləcə, o dövrün ən nüfuzlu liderlərindən birini postundan götürdü. Bu gün də Rusiya iqtisadiyyatı fəlakətli durumdadır. İqtisadi göstəricilər Xruşşov və Yeltsin dönəmlərindəkindən də betərdir və yaxın illərdə yaxşılaşmayacaq. Ukraynadakı müharibə səbəbindən Rusiya iqtisadiyyatı dayanıb və dərin geriləmə başlayıb. Dövlət borcu son 4 ildə iki dəfə artıb, ölkənin bəzi regionları isə ümumiyyətlə, bankrot ərəfəsindədir.
Hərbi konfliktin yalnız ilk yarım ilində Rusiyadan kapital axını 76 milyard dollar təşkil edib. Və bütün bunlar neftin qiymətinin düşməsi fonunda baş verib. Hərbi uğurlar rusiyalıların diqqətini iqtisadi problemlərdən yayındırır, lakin reallıq Putun və onun rejimi üçün böyük təhdidə çevrilib”.
Analitiklər Putinə Mixalil Qorbaçovun da aqibətini xatırladıblar: “Başqa nümunələr də var. Hər halda, kim ağlına gətirərdi ki, Mixail Qorbaçovu hakimiyyətdən uzaqlaşdırarlar? Tarix sübut edir ki, öz siyasətini ”əzələlər" hesabına quran və bu zaman kobud iqtisadi səhvlərə yol verən liderlər qurtuluş tapmırlar".
Siyasət şöbəsi