BMT-də Azərbaycan hakimiyyəti sərt tənqid olundu

20-03-2015, 10:01   
BMT-də Azərbaycan hakimiyyəti sərt tənqid olundu

Müxtəlif ölkələrdən olan təmsilçilər Cenevrədəki sessiyada Əliyev rejiminin repressiyalarından danışdı


Isveçrənin Cenevrə şəhərində BMT-nin Insan Hüquqları Şurasının 28-ci sessiyası keçirilir. Sessiyada BMT-nin Insan Hüquqları üzrə ali komissarı Zeyid-Əl-Hüseyn dünyada insan hüquqlarının vəziyyətinə dair geniş məruzə ilə çıxış edib. Ayrı-ayrı ölkələrdə insan hüquqları sahəsindəki durumdan danışan Ali Komissar Azərbaycanda son bir ildə hakimiyyətin siyasi fəallara, hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı apardığı repressiya siyasəti haqda da məlumat verib.
Həmçinin sessiya iştirakçıları arasında BMT-yə üzv olan ayrı-ayrı dövlətlərlə insan haqlarının durumu ilə bağlı müzakirələr keçirilib. Toplantı iştirakçıları insan haqlarının pozulduğu ölkələrlə bağlı fikirlərini bölüşüblər.
Irlandiyadan olan nümayəndə bəzi ölkələrlə yanaşı, Azərbaycanda da hakimiyyətin repressiya siyasətinin ciddi narahatlıq doğurduğunu vurğulayıb.
Sessiyada Almaniyanı təmsil edən nümayəndə də Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalardan danışıb. Bildirib ki, Azərbaycan hökumətindən belə qanunsuz əməllərə son qoyulması, həmin halların araşdırılması, günahkarların cəzalandırılması tələb olunmalıdır.
Sessiyada Norveç təmsilçisi Azərbaycanda hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyalar nəticəsində ağır vəziyyət yarandığını bildirib.
Çexiya təmsilçisi də çıxışında qeyd edib ki, Azərbaycanda hüquq müdafiəçiləri və tənqidçi jurnalistlərin vəziyyəti adamı dəhşətə gətirir.
Belçika nümayəndəsi də çıxışında deyib ki, bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda da insan hüquqlarının durumu ciddi narahatlıq doğurur.
Kanada təmsilçisi də çıxışında vətəndaş cəmiyyətinə və siyasi fəallara qarşı repressiyaların həyata keçirildiyi ölkə kimi Azərbaycanın adını çəkib və bu ölkədəki vəziyyətin dərin narahatlıq doğurduğunu bildirib.
Sessiyada bir sıra nüfuzlu beynəlxalq insan haqları təşkilatlarının təmsilçiləri də iştirak edib. Onlar Azərbaycan hakimiyyətinin repressiya siyasətini sərt tənqid ediblər.
Insan Hüquqları Evi Fondu, Insan Hüquqları Liqalarının Beynəlxalq Federasiyası, “Article 19" və digər təşkilatların nümayəndələri birgə bəyanatla çıxış edərək, Azərbaycanda aparılan repressiyalara son qoyulmasına çağırıblar.
Sessiyada Azərbaycanı təmsil edən nümayəndə isə Azərbaycan torpaqlarının işğal altında olmasından, Ermənistanın etnik təmizləmə siyasətindən danışıb. Bundan əlavə, Norveç, Almaniya, Belçika, Böyük Britaniya, ABŞ kimi ölkələrdə antisemitizm və islamafobiyanın güclənməsindən, irqi ayrı-seçkiliyə etiraz edən şəxslərə qarşı hədsiz güc tətbiqindən dərin narahatlıq keçirdiyini, belə halları kəskin pislədiyini bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar