Şəhrizad
Abu Dabi Universitetinin azərbaycanlı əməkdaşı
Ərəb Əmirliklərində ailə dəyərləri və çoxzövcəliliyə münasibət...
Ailə qurmaq insan həyatının mühüm və zəruri vacibatıdır. Müqəddəs dinimiz İslam ümmətinin sayının çoxalmasında əsas vəsilə olan ailəyə, dini-əxlaqi təməllər üzərində qurulan izdivaclara olduqca böyük önəm verir və təkevliliyi vacib əməl olaraq əmr edir. Lakin ehtiyac, zərurət olduğu təqdirdə, kişinin imkan və şəraiti nəzərə alınaraq, birinci evliliyini təhlükə altında qoymamaq, xanımını, əhli-əyalını incitməmək şərtilə, dinimiz eyni vaxtda 4 qadınla evlənməyə izn verir. Burada bir nüansı qeyd etmək yerinə düşər ki, çoxevlilik heç də bəzilərinin düşündüyü kimi, İslam dini ilə başlamamışdır.
Tarixə nəzər saldıqda görürük ki, İslamdan öncə, Yaxın və Orta Şərq ölkələrində - Misir, Babilistan, İran, Yunanıstan, Hindistan, Çin və s. kimi dövlətlərdə hələ qədim zamanlardan çoxevlilik mövcud olub. Çoxarvadlılıq cahiliyyə dövrü ərəbləri arasında da çox geniş yayılmış və adət halını almışdı. Kişi heç bir məhdudiyyət qoyulmadan istədiyi sayda qadınla evlənə bilərdi. Qədim zamanlarda qəbilə və aşirətlərin gücü ilk olaraq adamların say çoxluğu ilə ölçülürdü. Ailə sayının çox olmasına böyük önəm verən ərəblər qəbilələr arası müharibələrdə qalibiyyət, üstünlük qazanmaq, habelə həlak olanların yerini doldurmaq məqsədi ilə çox sayda qadınla evlənməyə böyük önəm verirdilər. Bir sözlə, çoxzövcəlilik cahiliyyə dövrü ərəbləri arasında üstün sosial-iqtisadi mövqe ilə yanaşı, güc və sərvət əlaməti sayılırdı. Bir qadınla evlənmək isə toplumda zəiflik, acizlik və kasıbçılıq kimi dəyərləndirilirdi.
Lakin İslam dini yarandıqdan sonra, qədimlərdən mövcud olan çoxarvadlılığı müqəddəs dinimiz müəyyən şərtlərlə 4 nəfərlə məhdudlaşdıraraq, bəzi hökm və qaydalarla tənzimlədi.
Bu baxımdan müqəddəs kitabımız "Qurani-Kərim"də çoxzövcəliliyin caiz olmasını şərh edən ayələr mövcuddur. İslam dininin çoxevliliyə rüxsət verməsinin isə, bir çox səbəbləri vardır. Cəmiyyətdə qadın-kişi tarazlığı pozulduqda, zina və əxlaqsızlığın qarşısını almaq, əhalinin artımını təmin etmək, müəyyən şərtlər altında himayəsiz qadınlara sahib çıxmaq, onların ismət və namusunu qorumaq üçün şəriət müsəlmanlara çoxarvadlılığa izn verir. Ümumiyyətlə, çoxarvadlılıq şəriətdə dini məcburiyyət, fərz və ya vacib əməl deyil.
İslam dinində çoxevliliyin şərtləri - Ədalətli davranma
Çoxevlilikdə əsas şərtlərdən biri, ən ali insani fəzilət olan ədalətin gözlənilməsidir. Kişi öz zövcələri və övladları arasında ayrı-seçkiliyə yol verməməli, ədalətli rəftar etməlidir. Müqəddəs kitabımız "Qurani-Kərim"də buyurulur ki, əgər ədalətə riayət edəcəyinizə əmin deyilsinizsə, bir qadınla kifayətlənin.
Maddi durum
Çoxzövcəlilikdə kişinin maddi durumu və imkanı dinimizdə şərt sayılır. Çünki, eyni vaxtda bir neçə qadınla nikaha daxil olmaq istəyən şəxsin maddi durumu ona imkan verməlidir ki, evlənə bilsin. İqtisadi baxımdan ailənin ehtiyaclarını ödəmək, zövcələrinin və övladlarının maddi durumunu təmin etmək kişinin əsas vəzifəsidir.
Özəl səbəblər
Qadin xəstəliyə düçar olduqda, üzərinə düşən vəzifələri yerinə yetirə bilmədikdə, habelə dünyaya uşaq gətirə bilmirsə, səhhətində psixi-fizioloji pozğunluqlar baş verdikdə, təbii ki, onun boşanması, tək, yiyəsiz qalması dinimizə görə, məqbul hal sayılmır və bu zaman xanımın rizası, xeyir-duası ilə həyat yoldaşının ikinci dəfə evlənməsinə rüxsət verilir.
Ərəb Əmirliklərində çoxevliliyə münasibət
Modern.az saytının araşdırması göstərir ki, müasir dövrdə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 2 və ya 3 zövcəli kişilərə nadir hallarda rast gəlinir. Statistik rəqəmlərə əsasən, böyük külfəti, bir neçə arvadı olanların əksəriyyəti yaşlı, ahıl kişilərdir.
Çağdaş günümüzdə yerli ərəb kişiləri yalnız fövqəladə vəziyyətlərdə: birinci evlilikləri uğursuz olduqda, həyat yoldaşı dünyasını dəyişdikdə, xanımı dünyaya övlad gətirə bilmirsə, "yüz ölçüb bir biçərək" ikinci dəfə evlənməyə qərar verirlər. Çünki, BƏƏ höküməti yalnız ilk evlilikdə vətəndaşlarına hər cür köməklik göstərir, xeyli məbləğdə pul verir, ev, torpaq sahəsi ilə təmin edir. Sonrakı nikahlarda vətəndaşlar bu yardımlardan məhrumdurlar. Lakin çoxevlilikdə dünyaya gələn uşaqlara dövlət tərəfindən yardım edilir, aylıq uşaq pulu verilir, onların hər bir ehtiyacı ödənilir. Ailə dəyərlərinə, qadın hüquqlarına böyük önəm verən BƏƏ cəmiyyətində ötən əsrlərdə çoxarvadlılıq təbii hal kimi qəbul olunsa da, son iyirmi ildə bu tendensiya artıq öz aktuallığını demək olar ki, itirməkdədir.
Düzünu desəm, indiki zəmanədə iqtisadi durumu əla olan BƏƏ kişisi bir zövcə ilə kifayətlənərək, ikinci evliliklə necə deyərlər, başını cəncələ salmaq istəmir. Çünki, istənilən qadın həyat yoldaşının yalnız ona aid olduğunu düşünür, ərinin ikinci evliliyini özünə qarşı xəyanət kimi qəbul edir. Kişi nə qədər ədalətli olursa-olsun, istər-istəməz zövcələr arasında dava-dalaşlar olur, düşmənçilik yaşanır, ailələr, qohumlar arasında münasibətlər pozulur. Belə bir durumda kişi qalır savaş meydanının tən ortasında, çıxılmaz vəziyyətdə, iki yol ayrıcında... Sonda isə, ər-arvad arasında yaşanan mübahisələr, anlaşılmazlıq, ixtilaflar tərəflər arasında boşanmaya gətirib çıxarır.
Talaq (boşanma)
İstər sosial, istərsə də iqtisadi cəhətdən heç bir problemi olmayan Birləşmiş Ərəb Əmirlikləri ailələrində boşanmalar mənfi hal kimi qəbul olunur. Məhkəmə ər-arvadın birgə yaşayışı dözülməz dərəcəyə çatdıqda, tərəflərə talaq (boşanmaq) imkanı verir. Boşanmadan sonra, uşaqlar 12 yaşına qədər ananın himayəsinə verilir. Lakin boşanma zamanı ana öz istəyi ilə məhkəmədə uşaqların atası ilə qalmasına rəsmi şəkildə izn verərsə, bu zaman övladlar atada qalır.
Həmçinin ana yenidən ailə qurarsa, bu zaman uşaqlar atanın ixtiyarına verilir. BƏƏ qanunlarına görə, uşaq istər qız, istər oğlan olsun, ögey atanın himayəsində qala bilməz. Boşanma zamanı kişinin villası qadına və övladlarına çatır. Bundan əlavə, ananın və övladlarının yaşayış xərci üçün kişinin aylıq məvacibinin yarıdan çoxu hər ay qadının şəxsi hesabına köçürülür.
Qadına əl qaldıran kişinin cəzası
BƏƏ-də daha bir təqdirəlayiq qanun var. Əgər qadın həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalarsa, o zaman ər cinayət məsuliyyətinə cəlb olunur. Məhz bu səbəbdən BƏƏ cəmiyyətində qadına əl qaldırmaq kişi üçün, ən böyük naqislik hesab olunur və bu ölkədə xanımlara qarşı fiziki zorakılıq demək olar ki, yox dərəcəsindədir.
Günah əməllərə kəsilən cəzalar
Nizam-intizamın, qayda-qanunların hökm sürdüyü və riayət edildiyi BƏƏ-də zənən xeylağına sataşan, söz atan şəxs dərhal cinayət məsuliyyətinə cəlb olunur. Zina edənlər, yəni qeyri-qanuni cinsi əlaqədə olan şəxslər uzunmüddətli həbslə cəzalandırılırlar. Bundan əlavə, İslam ölkəsi olan BƏƏ-də hamilə qadınların uşaqları tələf etməsi (abort) qəti qadağandır. Bu işlə məşğul olan həkim, tibb bacıları, habelə qanunsuz dərman, həb satışı ilə məşğul olan şəxslər həbs olunur və cəzalarını çəkdikdən sonra, ölkədən birdəfəlik deportasiya olunurlar. Qeyri-qanuni uşaq dünyaya gətirən ananın cəzası isə, daha ağır olur. Bir sözlə, dinimizdə haram görülən istənilən səhv addımın cəzası BƏƏ qanunlarına görə, ağır ödənilir.
BƏƏ-də ailə dəyərləri
Müqəddəs ittifaq kimi dəyərləndirilən, cəmiyyət daxilində "kiçik dövlət" sayılan ailə əhəmiyyət baxımından onun əsas dayaq sütunlarından birini təşkil edir və sağlam ruhlu fərdlərin yetişməsində, formalaşmasında böyük rol oynayır. İstənilən ölkənin inkişafı haqqında fikir söyləmək üçün həmin cəmiyyətdə ailələrin sosial-iqtisadi vəziyyətinə və dövlətin ailəyə münasibətinə nəzər salmaq kifayətdir. Millətin, nəsillərin mədəni-tarixi varisliyini təmin edən, milli-mənəvi dəyərlərin ən etibarlı sığortası olan ailənin sosial-iqtisadi durumu dövlətin tərəqqi və inkişaf meyarı ilə ölçülür. Bu baxımdan BƏƏ ailələrinə maddi və mənəvi dəstək dövlətin daim diqqət mərkəzindədir. Onu da qeyd edim ki, BƏƏ ailələrində dini-əxlaqi dəyərlərə xüsusi önəm verilir. Qadınlara hədsiz sayğı, valideynlərə və böyüklərə hörmət, kiçiklərə qayğı, mərhəmət, ağsaqqal nəsihətləri, ağbirçək xeyir-duaları, ailə üzvləri arasında xoş rəftar, qarşılıqlı anlaşma ərəb ailələrinə xas olan səciyyəvi xüsusiyyətlərdir.
Məlumdur ki, qarşılıqlı mehr-məhəbbət, sədaqət, ehtiram, mehriban ünsiyyət, güvən, inam üzərində qurulan ailələr daha möhkəm və uzunömürlü olur. Ailəni qorumaq üçün tərəflər hədsiz dərəcədə diqqətli, dözümlü, məsuliyyətli, alicənab, imanlı və ən əsası isə, səbrli olmalıdırlar. Sağlam düşüncəli şəxs çətinliklər qarşısında aciz qalmamalı, xoşbəxt gələcəyi naminə mübarizə aparmalıdır. Allah-Təala hər kəsə evlənmək, ailə qurmaq və hüzur içində xoşbəxt ailə həyatı nəsib etsin.