Rusiya Fövqəladə Hallar Nazirliyinin Baykal axtarış-xilasetmə xidmətindən bildirilib ki, Baykal gölündə baş vermiş faciə zamanı ölənlər və xəsarət alanlar arasında Yanukoviç soyadlı adam yoxdur.
Virtualaz.org saytı İTAR-TASS-a istinadən xəbər verir ki, Baykal axtarış-xilasetmə xidmətinin mətbuat xidmətindən Viktor Yanukoviçin ölməsi xəbəri birmənalı şəkildə təkzib olunub.
“Birmənalı şəkildə və qətiyyətlə bəyan edirik ki, Baykal gölündəki həmin qəza zamanı orada Yanukoviç soyadlı şəxs olmayıb” - deyə mətbuat xidmətindən bildirilib.
Qurumdan bildirilib ki, martın 20-də Baykal gölü ətrafında Xoboy burnu zonasında doğrudan da qəza baş verib. “Volkswagen” markalı mikroavtobus buzun üstünə çıxıb, buz sınıb və salonunda 6 nəfər olan maşın suyun dibinə düşüb. 5 nəfərin həyatını xilas etmək mümkün olub. Sürücü isə ölüb.
Baykal axtarış-xilasetmə xidmətinin mətbuat xidmətindən onu da əlavə ediblər ki, bu qurumun ölənlərin ad-soyadlarını açıqlamaq səlahiyyəti yoxdur.
* * *13:57
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlu Viktor Yanukoviç Baykal gölündə balıq tutarkən suda batıb.
Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı bir sıra Ukrayna KİV-ləri yayıb. Bu məlumatı bir çox siyasətçilər də sosial şəbəkələrdə paylaşıb. Eyni zamanda Rusiya nəşrləri xəbəri tirajlayıb.
Məsələn, “Antikor” nəşri yazır: “Hadisə martın 20-də saat 19:00 radələrində baş verib. Olay haqda ziddiyyətli informasiyalar gəlir. Versiyaların birinə görə, Viktor Yanukoviçin adaşı olan oğlu ov edərkən buz sınıb və o, dostu ilə birlikdə suya düşərək boğulub. Onun dostunun adı dəqiqləşdirilməyib”.
Bu xəbəri Yanukoviçlər ailəsinə yaxın qaynaqlardan Mixail Pavliv də təsdiqləyib.
Digər versiyaya görə isə Viktorun idarə etdiyi “CİP” markalı maşın kanat körpüsündən çaya düşüb.
Sabiq prezidentin oğlu Baykal yaxınlığındakı qəsəbələrin birində keçiriləcək ralli yarışlarına hazırlaşırdı. Ukrayna və Rusiya KİV-ləri bu ziddiyyətli xəbərləri dəqiqləşdirməyə çalışır.
Virtualaz.org