İsmayıllıda baş verən qətlə səbəb kimi kişinin “ruhi xəstəliyi” göstərilir, 28 səhifəlik məktub isə qətlin planlaşdırıldığını ortaya çıxarır...
İsmayıllı rayonunda iki nəfərin qətlə yetirilməsi barədə məlumat vermişdik. Belə ki, rayonun Qurban Əfəndi kəndində ailə münaqişəsi zəminində qətl törədilib. 64 yaşlı kişi 56 yaşlı arvadını və 62 yaşlı qonşu kişini öldürüb. Bundan sonra isə özünün halı pisləşib və xəstəxanaya aparılıb.
Əməkdaşımız martın 24-də baş verən qətldən bir neçə gün sonra İsmayıllıda olub. Qonşular, tanışlar, həmçinin rayonda qətli törədən şəxsi tanıyanlar hadisə barədə musavat.com-a danışıblar.
Tanışların sözlərinə görə, Məhəmməd Əhmədov neçə illərdir ki, heç yerdə işləmirdi. Ailənin dolanışığı bu səbəbdən çətin olub. Bahar Əhmədova ilə ailəli olan M.Əhmədovun 5 uşağı var. Onların dördü ailəlidir.
“Hamısını evləndirmişdi. Bircə kiçik oğlu nişanlı qaldı”, - deyə qonşular bildirirlər.
İddialara görə, M.Əhmədov arvadını və qonşuluqda yaşayan Allahverdi Rəhimovu qısqanclıq zəminində öldürüb: “Əvvəlcə tüfənglə qonşunu küçədə öldürüb, sonra da evə gələrək, arvadını... Heç kim mane ola bilməyib. Sonra da özü gedib, polisə təslim olub”.
Tanışların sözlərinə görə, M.Əhmədovun ailəsində problem, mübahisə həmişə olub: “Dava-dalaş olurdu. Evdir də, hamıda olur, belə şeylər... Kim deyə bilərdi ki, sonu belə nəticələnəcək?”.
Qonşuların bir neçəsi bildirirlər ki, iki nəfəri öldürdükdən sonra M.Əhmədov infakt keçirib və təcili reanimasiyaya aparılıb: “Hazırda xəstəxanadadır. Hələ də müalicə gedir”.
Onun oğlu isə hadisə barədə danışmaqda çətinlik çəkir: “Deyilənlərin hamısı əsassızdır, atamın qısqanclığı da əsassız olub. O ölən də qonşumuz idi. 4-5 il idi ki, atamın səhhətində problem var idi, birdən əsəbiləşirdi, özündən çıxırdı. Həkim demişdi ki, beyin damarlarında problem var və bu da ona problem yaradırdı. Başı çönürdü kişinin, ruhi problemləri vardı. Bu da bir hadisədir də oldu”.
M.Əhmədovun bacısı da baş verənləri sakitcə “olacaq hadisə”, “faciə” adlandırır, qardaşına nə qarğış edir, nə də günahlandırır: “Başında problemi vardı, ruhi xəstə kimi idi. O gün də əlindən belə hadisə çıxdı”.
Tanışları bildirirlər ki, M.Əhmədovun arvadını gənc olarkən qonşu oğlan A.Rəhimov da sevib, ancaq sonunda qızı o, alıb: “Valideynləri Allahverdiyə vermədilər, qızı... O vaxtdan on illər keçib. İndiyədək bu ailələr arasında heç bir problem yaşanmayıb, toyda, yasda görüşüblər, söhbətləşiblər. Allahverdi həm də qadının qohumudur, anasının dayısı oğludur. Kişinin qısqanclığının heç bir əsası yoxdur”.
Hadisənin bir müddət əvvəl digər qonşunun toyundan sonra törədildiyi bildirilir. Kişi məktubunda son olaraq, həmin toyda arvadı ilə qonşu kişinin hərəkətlərindən şühbələndiyini yazıb:
“Bu da əsassızdır. Qadın toy olan qonşuda yemək bişirib. Qonşu qonşu ilə salamlaşar da, söhbət də edər. Kişinin dedikləri onun yanlış fikirləridir, beyninə dolub. Qadının heç bir günahı olmayıb, elə o biri adamın da...”
Qeyd edək ki, M.Əhmədovun iki nəfəri öldürməsindən sonra 28 səhifəlik məktubu da üzə çıxıb. Bu məktubda onun qısqanclığının səbəbləri göstərilib.
Həm oğlu, həm bacısı, həm də digərləri məktubda yazılanların həqiqəti əks etdirmədiyini vurğulayırlar: “Məktubda heç bir əsas yoxdur. Kişi qadının heç bir pis hərəkətini görməyib, məktubda da bununla bağlı heç nə yazılmayıb. Yazdığı şübhələridir, hamısı da əsassızdır. Gündəlik yazıb, özü üçün...”
Məlumata görə, kişi 4 il əvvəl 3 dəfə infakt keçirdikdən sonra başında problem yaranmağa başlayıb: “Hətta həkim demişdi ki, getdikcə o, heç kimi, heç uşaqlarını da tanımayacaq. “Başı itmişdi” onun... Elə qətli də o səbəbdən törədib”.
Həmin 28 səhifəlik gündəliyə bənzər məktubun isə nüsxəsini çıxararaq, küçələrə, yollara atıb.
“Qətldən bir neçə gün əvvəl Bakıdan rayona gəlmişdim. Bahar gəldi, məni və Rusiyadan gələn qardaşımı görməyə... Bir gün əvvəl mən onlara gəlib, bir az oturdum. Bilsəydim, belə olacaq, həmin gün qalardım, onlarda...” - deyə ölən qadının bacısı bildirir.
O, qətlin səbəbini göstərməyə çətinlik çəkir: “Deyirlər, dəli kimi olmuşdu, kişi...”
Bəzi qohumları qətli törədən şəxsin hələ də xəstəxanada ağır vəziyyətdə olduğunu bildirsələr də, bəziləri artıq polis tərəfindən saxlanıldığını və xəstəxanadan çıxarıldığını vurğulayırlar.
Adının çəkilməsini istəməyən yaxını isə bildirir ki, ruhi xəstə adlandırmaqla, yaxınları M.Əhmədovu həbsdən qurtarmaq istəyirlər: “Onların arasında cavanlıqdan dava-dalaş olub, yola getmirdilər. Qohumları nədənsə, kişini dəli adlandırmaqla, məsələnin üstünü örtməyə çalışırlar”.
Hadisə ilə bağlı mətbuatda yayılan məlumatlarda isə bildirilir ki, Məhəmməd Əhmədov qəti əvvəlcədən planlaşdırıbmış. O, hətta cinayəti törətməmişdən əvvəl məktub da yazıb. Həmin məktub 28 səhifədən ibarətdir.
Məktubda Məhəmməd Əhmədov həyat yoldaşı Bahar Əhmədova ilə qonşusu Allahverdi Rəhimov arasında sevgi münasibətlərinin olduğunu yazıb. Hətta bu barədə dəfələrlə ona deyiblər. Bir neçə dəfə qonşu qadınlar Bahar Əhmədova ilə dalaşan zaman onu ərinə xəyanət etməkdə günahlandırıblar.
Belə hallar Məhəmməd Əhmədova olduqca pis təsir edib. Bu səbəbdən o, əvvəlcədən plan qurub. Hətta cinayətdə istifadə etdiyi ov tüfəngini kustar üsulla düzəldib. O, silahın lüləsini kəsib. M.Əhmədov məktubunda da əvvəlcədən cinayəti törətməyi planlaşdırdığını yazıb. O, uzun zamandır ki, qısqanclıq hissilə qovrulduğunu vurğulayıb. Qeyd edib ki, gənclik illərində əsəblərini cilovlamasının səbəbi övladlarını böyütmək olub.
O, kənddə ATS kimi tanınan ərazidə camaatla birlikdə oturan A.Rəhimovun yanına gələrək, silahı çəkib və “İllər əvvəl sən məni ürəyimdən vurdun, indi mənim növbəmdir”, - deyərək, qonşuların yanında onu ürəyindən güllələyib. Daha sonra evə gedən kişi heç bir söz demədən həyat yoldaşı B.Əhməovanı da güllələyib.
Röya RƏFİYEVA,
Fotolar müəllifindir.