Martın 28-də Ağsu rayonunda iki nəfəri güllələyərək qətlə yetirən şəxs polisə təslim olub. Lent.az-ın əldə etdiyi məlumata görə, rayon sakini, 49 yaşlı Sərxan Soltanovu və xalq artisti Mikayıl Mirzənin qardaşı oğlu Mahir Mirzəyevi qətlə yetirən 1953-cü il təvəllüdlü Ramiz Ələkbərov gecə saatlarında Ağsu rayon Polis Şöbəsinə gələrək, təslim olub. Onun daha 3 nəfəri qətlə yetirdikdən sonra qayıdacağı barədə məlumatlar yayılsa da, bu iddialar doğru çıxmayıb.
Qeyd edək ki, R.Ələkbərov Ağsuda "Lomka Ramiz" adı ilə tanınıb.
Onu da qeyd edək ki, martın 28-də Ağsu rayonunda 2 müəmmalı qətl hadisəsi törədilib. 1953-cü il təvəllüdlü Ələkbərov Ramiz Ələkbər oğlu özünə məxsus avtomobilin xarab olan mühərrikini düzəltdirmək bəhanəsi ilə motor ustası işləyən, şəhərin Azadlıq küçəsindəki 20 saylı ünvanda qeydiyyatda olan və Heydər Əliyev prospektindəki 16 saylı evdə yaşayan 1966-cı il təvəllüdlü Soltanov Sərxan Əsgər oğlunu kirayə yaşadığı evə dəvət edib. Ramiz Ələkbərov evinə çağırdığı Sərxan Soltanovu əvvəlcədən hazırladığı ov tüfəngi ilə güllələyərək qətlə yetirib.
Sərxan Soltanovu qətlə yetirən Ramiz Ələkbərov həmin ov tüfəngi ilə bu gün səhər saatlarında Ağsu aşırımındakı “Ata yurdu” restoranının qarşısında Xalq Artisti, tanınmış aktyor Mikayıl Mirzənin qardaşı oğlu, sahibkar Mahir Mirzəyevi də öldürərək qaçıb. Məlumata görə, Ramiz Ələkbərov şəxsi maşını ilə Ağsu aşırımı ilə Şamaxı rayonunadək gedib, sonra avtomobilini Şamaxıda yolun kənarında saxlayaraq yoldan keçən başqa avtomobilə oturub və onunla Qobustan rayonu Mərəzə qəsəbəsinədək gedib. R.Ələkbərov orada həmin avtomobildən düşərək naməlum istiqamətə gedib.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.