Bu gün səhər saatlarında Bakının Suraxanı rayonu ərazisində intihar edən qadının şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Elçin Məmmədov küçəsi 4 A ünvanındakı ("Şüşəli bazar" adı ilə tanınan ərazi) doqquzmərtəbəli binanın damından özünü atan qadın üzü üstə düşdüyündən onun sifəti tanınmaz hala düşüb. Bu səbəbdən də qadının şəxsiyyətinin sifət cizgiləri əsasında müəyyən edilməsi və fotosunun yayılması mümkün olmayıb. Həmçinin intihar edən 25-30 yaşlı qadının üzərindən hər hansı sənəd də tapılmayıb.
Hadisə şahidləri polisə bildiriblər ki, həmin qadın özünü öldürməzdən əvvəl binanın damında var-gəl edərək yüksək səslə kiminləsə danışırmış. Məlum olaydan sonra polislər binanın damında və ətraf ərazidə nə qədər axtarsalar da telefonu tapa bilməyiblər. Bina sakinləri və ətrafda yaşayanlar da intihar edən gənc qadını tanımadıqlarını bildiriblər.
Ehtimal edilir ki, o, bu gecəni həmin binada və ya yaxınlıqdakı evlərdən birində keçirib. Araşdırmalar davam etdirilir.
* * * 11:26
Paytaxtda dəhşətli intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, bu gün səhər saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 30-35 yaşlı qadın özünü binanın 9-cu mərtəbəsindən atıb. "Şüşəli bazar" adlanan əraziyə yaxın yerləşən binadan özünü atan qadın hadisə yerindəcə keçinib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İntihar edən qadının kimliyi və onun intihar səbəbləri araşdırılır.