Hərbçi silhasız sakini güllələyib öldürdü; Ölən şəhid qardaşıdır
Martın 31-i günorta saatlarında Bakının Zirə qəsəbəsində yerləşən «N» saylı hərbi hissədə silahlı insident baş verib. Hərbi hissənin ərazisində çaşır (göyərti növü) yığan Xəzər rayon sakini Zəfər Şahverdiyev orada xidmət edən hərbiçi tərəfindən güllələnib. Hadisə zamanı Z.Şahverdiyevin yanında əmisi oğlu Yavər Şahverdiyev və yaxın qohumu Elnur Şirinov da (hər üçü Kəlbəcərdən məcburi köçkün düşüb) olub. Hərbiçi bunları görən kimi yerə yatmalarını əmr edib. Z.Şahverdiyevin yerə yatmadığını görəndə isə əlindəki silahla ona atəş açıb. Bu biri iki nəfər isə digər hərbiçilərlə birgə hərbi hissəyə aparılıb. Qohumları Zəfər Şahverdiyevin qan itirdiyini, ona kömək etmək istədiklərini desələr də, hərbiçilər onlara məhəl qoymayıblar. Hər iki şəxs sənədləri əllərindən alındıqdan sonra evə buraxılıb.
Sonradan Z.Şahverdiyev Zirədəki xəstəxanalardan birinə aparılıb. Yaralının xəstəxanaya kim tərəfindən aparıldığı məlum deyil. Həkimlər vəziyyəti ağır olduğu üçün onun Sabunçu rayon xəstəxanasına köçürülməli olduğunu bildiriblər. Lakin çoxlu qan itirən Z.Şahverdiyev elə yoldaca keçinib. Onun sabah dəfn ediləcəyi bildirilir.
47 yaşlı Z.Şahverdiyevin qardaşı Qarabağ döyüşlərində şəhid olub.
Məlumat redaksiyamıza gec daxil olduğundan Müdafiə Nazirliyinin mövqeyini öyrənə bilmədik.
"Azadlıq"