İnqilab iqtisadi sektordan başlayır

3-04-2015, 09:58   
İnqilab iqtisadi sektordan başlayır
Banklardakı ciddi dəyişikliklərin əsl səbəbi - “Bakı qrupu”nun gücü; Neft böhranı olmasaydı, dəyişikliklər siyasi sektordan başlayacaqdı; “Bakı qrupu”na stavkanın sirri açılır; “yad kültürlü” oliqarxlar hədəfdə...
“Son dəyişikliklər Azərbaycan prezidentinin bank sektorunu, daha sonra isə siyasi idarəetməni “ASAN” sisteminə transfer etdirmə siyasətinin tərkib hissəsidir. Söhbət “Bakı qrupu”nun gücündən getmir, söhbət prezidentin yeni siyasətinə cavab verə biləcək kadrlara və onun “bank”ına stavka etməsindən gedir”




Martın 18-də gözlənilmədən “səhhəti ilə bağlı” istefaya göndərilən Beynəlxalq Bankın İdarə Heyətinə yeni sədr təyin edilib. Beynəlxalq Banka rəhbərlik Fərid Axundova həvalə edilib. Beynəlxalq Bankın mətbuat xidməti İdarə Heyətinin toplantısının keçirilmədiyini desə də, F.Axundovla bağlı yayılmış xəbəri təkzib etməyib.

Günün sonunda isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilməsi barədə xəbər yayılıb. Bankdan verilən məlumata görə, təşkilati məsələyə baxılıb. Məlum olduğu kimi, Bankın Müşahidə Şurasının 18 mart 2015-ci il tarixində keçirilmiş iclasında Cahangir Hacıyevin səhhəti ilə əlaqədar Bankın İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi barədə ərizəsi təmin edilib və o, tutduğu vəzifədən kənarlaşdırılıb.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən İdarə Heyəti sədrinin vəzifəyə təyin və azad olunması məsələləri səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edildiyindən, Bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin sədri C.Hacıyev tutduğu vəzifədən azad edilib. Hazırda İdarə Heyəti sədrinin vəzifəsini sədrin birinci müavini Emil Mustafayev icra edir.

Böyük ehtimalla F.Axundovun təyinatına artıq qərar verilib və İdarə Heyətinin yaxın günlərdəki toplantısında bu qərar rəsmiləşdiriləcək.

1971-ci ildə anadan olan Fərid Axundov 2007-ci ildən “Paşa Bank”ın İdarə Heyətinin sədri vəzifəsində işləyir. Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun sənayenin planlaşdırılması fakültəsində alan F.Axundov 1993-cu ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib. 1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin biznesin administrasiyası fakültəsini bitirib. 1996-2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında maliyyə nəzarəti şöbəsinin meneceri, müştəri xidmətləri şöbəsinin meneceri, baş icraçı direktorun müavini vəzifələrində çalışıb. 2003-2005-ci illərdə QSC “Bank Standard” İdarə Heyətinin sədri vəzifəsində fəaliyyətini davam etdirib.



Fərid Axundov

C.Hacıyevin istefasından sonra bankın İdarə Heyətinə müvəqqəti rəhbərlik Emil Mustafayevə həvalə olunub. O, bankın İdarə Heyətinə cəmi iki il əvvəl gətirilib. E.Mustafayevdən başqa bankın rəhbərliyinə daha üç şəxs daxil: Vaqif Əkbərov, Qubad Hüseynov və Rəşad Hacıyev. Hazırda Beynəlxalq Bankın üç əsas rəhbər orqanından ikisinə isə Maliyyə Nazirliyinin nümayəndələri rəhbərlik edir: nazir müavini Azər Bayramov Müşahidə Şurasının sədri, nazirliyin şöbə rəisi Ziyəddin Allahverdiyev isə bankın Auditor Komitəsinin rəhbəridir. Bundan əlavə, səhmdarların ümumi yığıncağında istənilən mühüm məsələyə dair qərarın qəbulunda həlledici söz bankın 50,2 faiz səhminə sahib olan dövlətə məxsusdur. Qeyd edək ki, aprelin 2-də bank sektorunda daha iki ciddi kadr dəyişikliyi də olub. Belə ki, “Unibank”ın icraçı direktoru Cəlal Qasımov bundan sonra “Paşa Bank”ın İdarə Heyətinə sədrlik edəcək. “Unibank”da icraçı direktorun birinci müavini vəzifəsini tutan Xalid Əhədov isə icraçı direktor postuna təyin edilib. Xalid Əhədov istiqlalçı-deputat, kardioloq Nurəddin Əhədovun oğludur.

“Paşa Bank”a rəhbər gətirilən C.Qasımovun personası da maraq doğurur. O, təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur. Beləliklə, “Yeni Müsavat”ın C.Hacıyevin istefasından dərhal sonra irəli sürdüyü ehtimal-Beynəlxalq Bankın da tam olaraq hakimiyyətdəki ikinci məşhur soyadın nəzarətinə keçəcəyi təsdiqlənir. Elə həmin soyadın daha bir kadrı-təhsil nazirinin yaxın qohumunun da “Paşa Bank”ın İdarə Heyətinə rəhbər gətirilməsi şərti olaraq “Bakı qrupu” adlandırılanların ölkənin bank sektoruna nəzarəti daha da möhkəmləndirdiyini göstərir.

Qeyd edək ki, “Bakı qrupu”nu digər hakimiyyətdaxili qruplardan fərqləndirən başlıca cəhəti daha çox iqtisadi qurumlar, xüsusilə külli miqdarda vəsaitin cəmləşdiyi bank sektorunda təsir imkanlarını artırması və sahə vasitəsilə nüfuz dairələrin genişləndirməsidir. Artıq belə məlumatlar da var ki, bu gün, aprelin 3-də parlamentdə daha 5 il müddətinə Mərkəzi Bankın İdarə Heyətinə sədrliyi rəsmiləşəcək Elman Rüstəmova yaxın aylarda məmurlardan bir neçəsinə aid olan bankın lisenziyasının ləğv etməsi istənilib.



Bundan sonra isə növbə çoxdandır məhz bu qrupun hədəfində olan daha bir neçə oliqarxa çatacaq. Nümunə üçün deyək ki, onlardan biri general Bəylər Əyyubov, digəri isə nəqliyyat naziri Ziya Məmmədovdur. “Yad kültürü”nü təmsil edən oliqarxların iqtisadi sferada tam sıxışdırılması və onlara aid olan bankların, digər biznes qurumlarının nəzarətə alınması artıq baş verməkdədir.

* * * *
Beynəlxalq Bankda ciddi kadr dəyişikliyinin bankın səhmlərinin satışı çıxarılması ərəfəsinə təsadüf etməsi əslində haqlı suallar yaratmışdı. Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bu ilin martın 11-də qeydə aldığı səhm emissiyasına görə, emissiyanın məbləği 100 milyon 17 manat, qiymətli kağızın miqdarı 370 milyon 370 min 371 ədəd, səhmlərin nominal dəyəri isə 27 manatdır. Emissiya baş tutsa, bankın nizamnamə kapitalı 17 faiz və yaxud 100 milyon manat artaraq, indiki 590 milyon manatdan 690 milyon manata çatacaq.
C.Hacıyev də hakimiyyətdəki məşhur soyada yaxın kadr idi və 14 il ərzində məhz bu səbəbdən İdarə Heyətində sədrlikdə qala bilmişdi.

Amma son illər o bankın pullarına nəzarəti itirmiş, kapitalın böyük hissəsini ya kreditə, ya da özünün biznesinin inkişafına yönəltmişdi. Təsadüfi deyil ki, onun istefaya göndərilməsinin səbəbləri sırasında ən çox həm problemli kreditlər, həm də şəxsi varlanması dayandığı deyilir. Xəbərlərə görə, Cahangir Hacıyev rəhbərlik etdiyi bankdan ayrı-ayrı vətəndaşlara milyonlarla dollar kredit verib, qarşılığında isə heç bir təminat tələb etməyib. Onlardan biri də vaxtilə “Dünya gözəli” titulunu almış rus qadına verdiyi 50 milyon dollar kredit olub. Məşhur azərbaycanlı milyarderin (adını etik cəhətdən açıqlamırıq) sevgilisinə verilən məbləğin geri qaytarılması hələ də mümkün olmur və bu fakt C.Hacıyevə güzəşt limitini bitirib.



Cahangir Hacıyev devalvasiya qərarından öncədən xəbərdar olması və iri kapital sahiblərinin sərəncamından olan manatı dövlətin sərəncamında olan dollarlarla dəyişməsi də onu bitirən səbəblər sırasındadır. Məlumatlarda deyilir ki, bu alverdən C. Hacıyev yüz milyonlar qazansa da, Mərkəzi Bank və səhm paketi dövlətə məxsus Beynəlxalq Bank xeyli ziyan çəkib. Qeyd edilir ki, prezident İlham Əliyevin konkret ad çəkməsə də, “devalvasiyada bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə edirdilər” deyəndə C.Hacıyevi nəzərdə tutduğu iddia edilir.



* * * *
Məlumatlara görə, Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin səhhətində yaranan problemlərdən sonra “Bakı qrupu” daha da güclənib. Ehtimal edilir ki, Avropa Yay Oyunlarından sonra ciddi kadr dəyişikliyi olacaq və hakimiyyətdə indidən bu istiqamətdə mövqe savaşı qızışıb ki, bank sektorundakı hadisələr də bunun sübutu sayıla bilər.

* * * *
Kifayət qədər ciddi ekspertlərin iddialarına görə, bu qrup öz ətrafına daha çox şəhər kültürünü təmsil edən, bir neçə dildə danışan və feodal xarakterli məmurların tam ziddinə vərdişlərə yiyələnmiş, adları korrupsiyaya bulaşmamış simaları toplamağa çalışır. Son təyinatlar da məhz bu qəbildəndir.

“Onlar artıq ciddi və təsirli bir güc mərkəzinə çevrilib. Təbii ki, bu da iqtidardakı bir sıra qruplarda qıcıq və müqavimət yaradır. ”Bakı qrupu"na müxalifət düşərgəsindən olan baxış da loyaldır. Bu düşərgədə hesab edirlər ki, “Bakı qrupu” idarəetmə payını artırsa, “çörəyi demokratiyadan çıxanlar”a da gün doğacaq..." deyə, tanınmış politoloqlardan biri “Yeni Müsavat” a söyləyib.



Lakin bütün bunların tam əksini iddia edənlər də var. Başqa bir ekspertsə deyir ki, ölkədə bütün nəzarət prezidentin əlindədir. Baş verən dəyişikliyin müəllif və icraçısı da dövlət rəhbəridir. Stavkalar da ona məxsusdur: “İlham Əliyev Rusiya da daxil olmaqla, regiondakı dövlətlər arasında öz ölkəsinə problemsiz və tam nəzarət edə bilən yeganə prezidentdir. Onun metodları tənqid olunur, sərt görünə bilər və belədir; lakin ciddi nəticələr verir və işləyir. Son dəyişikliklər də Azərbaycan prezidentinin bank sektorunu, daha sonra isə siyasi idarəetməni ”ASAN" sisteminə transfer etdirmə siyasətinin tərkib hissəsidir. Söhbət “Bakı qrupu”nun gücündən getmir, söhbət prezidentin yeni siyasətinə cavab verə biləcək kadrlara və onun “bank”ına stavka etməsindən gedir. Azərbaycan böyük dəyişikliklər astanasındadır“.

Ölkənin tanınan siyasətçilərindən olan bu qaynaq iddia edir ki, əgər neft qiymətlərinin düşməsi nəticəsində iqtisadı böhran yaranmasaydı, dəyişikliklər siyasi sektordan başlayacaqdı.

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar