Həbsdən çıxıb arvadını öldürən şəxsə- Ağır cəza+Fotolar

6-04-2015, 20:35   

Bakı Ağır Cinayətlər Məhkəməsində Salyan rayon sakini Elmar Əliyevin (1972-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.


“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, ötən il noyabrın 20-si, axşam saat 21 radələrində Bayıl qəsəbəsinin Bədəlov küçəsində əvvəllər məhkum olunan Elmar Əliyev həyat yoldaşı, Salyan rayon sakini Münəvvər Miriyevaya (1977-ci il təv.) bıçaq zərbələri vurmaqla, onu ağır yaralayıb. Kliniki tibbi mərkəzə aparılan qadın yolda kəskin qanitirmədən dünyasını dəyişib, cinayəti törədən şübhəli şəxs isə Səbail RPİ 8-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təqdim olunub.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, M.Miriyeva döş boşluğuna nüfuz etməklə ürəyi və ağciyəri zədələyən 4 ədəd deşilmiş-kəsilmiş yaraları nəticəsində vəfat edib.

İstintaqla müəyyən edilib ki, sonuncu dəfə CM-nin 178 (dələduzluq) maddəsi ilə məhkum olunan Elmar Əliyev azadlığa həmin il çıxıb. Münəvvər Miriyeva ilə birgə nikahdan onların iki övladı olub.

Qeyd edək ki, mərhum Münəvvər Miriyeva onun 2-ci həyat yoldaşı idi, Əliyevin birinci nikahından 3 övladı olub. Həbsxanadan qayıdandan sonra o yoldaşının başqa həyat tərzi sürməsindən şübhələnib və dəfələrlə bununla əlaqədar aralarında mübahisələri olub. Hətta Elmar Əliyev bir neçə dəfə arvadını izləyib, nəhayət əsəblərini cilovlaya bilməyən şəxs noyabrın 20-də Miriyevanı küçədə tutaraq, onu bıçaqlayıb.

Məhkəmə prosesində Elmar Əliyev özünü təqsirli hesab etməklə, əməlindən peşman olduğunu, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

“Qafqazinfo”





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.