Biznes camiəsi Azərbaycanda aprelin 17-dən sonra milli valyutamızın dollar qarşısında 1,63 manat olacağı xəbərinin şokuna düşüb
Fevralın 21-dən sonra manatın 34 faiz dəyərdən düşməsindən sonra səksəkə içində olan əhali daha bir qorxulu şaiyə ilə günü başa vurmalı oldu. JAM.AZ xəbər verir ki, dünən Bakıdakı əksər Valyuta Dəyişmə Məntəqələri (VDM) fəaliyyətlərini dayandıraraq, dollar satışı həyata keçirməyiblər. Səbəb isə manatın yenidən devalivasiyaya uğrayacağı barədə xəbərlərin yayılması və əhalinin VDM-lərə üz tutaraq manatlarını dollara dəyişmək istəməsi olub.
Birinci qorxulu xəbər
Məlumatlara görə, Azərbaycanda dolların növbəti dəfə kəskin bahalaşacağı gözlənilir. Bakıda valyutadəyişmə məntəqələrinin əksəriyyəti bağlanıb. Valyutadəyişmə məntəqəsində çalışanlar bunun səbəbini sabah (bu gün-red.) dolların bahalaşacağı ilə izah ediblər.
Onların sözlərinə görə, dollar daha 10 qəpik bahalaşacaq. Yəni, 1 dollar 1,15 manat olacaq.
Mərkəzi Bank açıqlama yaydı, amma…
Qeyd edək ki, baş verənlərin ardından Mərkəzi Bank açıqlama yayaraq, manatın dəyərdən düşəcəyi barədə dolaşan xəbərləri təkzib edib. Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirib ki, dolların kəskin bahalaşacağı ilə bağlı deyilənlər şayiədir.
Onun sözlərinə görə, dolların məzənnəsi Mərkəzi Bankın saytında göstərilib: "Sabah kəskin bahalaşma barədə deyilənlər əsassızdır. Heç bir panikaya ehtiyac yoxdur".
İkinci qorxulu xəbər
Amma Mərkəzi Bankın bu açıqlaması da camaatın qorxusunu aradan qaldırmayıb. Əksinə, manatla bağlı daha qorxulu bir məlumat yayılıb. Həmin məlumatda isə deyilir ki, Azərbaycanın milli valyutası aprel ayının 17-dən sonra daha da dəyərdən düşərək, dollar qarşısında 1 manat 63 qəpik təşkil edəcək.
JAM.AZ xəbər verir ki, bu xəbər əsasən iş adamları arasında yayılıb və onlar ciddi şəkildə narahat olduqlarını gizlətmirlər. İş adamları qeyd edirlər ki, əgər manat həqiqətən də deyilən həddə qədər ucuzlaşsa, bu hətta bir sıra orta və iri sahibkarlıq subyektlərinin fəaliyyətlərini dayandırmasına gətirib çıxaracaq. Çünki qeyri-sabit qiymətlər fonunda bizneslə məşğul olmaq ciddi zərərlərlə yanaşı, həm də iflas olmanı şərtləndirir.
Manatın real dəyəri nə qədərdir?
Bu əsnada JAM.AZ daha bir maraqlı məsələni araşdırıb. Həmin araşdırmalar zamanı məlum olub ki, Azərbaycanın milli valyutası olan manatın dollar qarşısında real dəyəri heç də 1,05 manat deyil. Əksinə, bu rəqəm 1 dollar üçün 1,89 manat təşkil edir. Və proses uzun müddət imiş bu şəkildə davam edirmiş. Lakin Milli Bankın neft pulları sayəsində bir xeyli manatı məzənnəsindən daha yüksəkdə saxlaya bilib.
Amma ötən ilin dekabrından etibarən proses nəzarətdən çıxmağa başlayıb. Xüsusən də, Rusiyada iqtisadi böhranın başlaması Azərbaycana da özünün ağır formada mənfi təsirini göstərib. Hətta belə bir iddia da var ki, Mərkəzi Bank bazarı sabitləşdirmək üçün satışa çıxardığı günlük dolların böyük qismini məhz Rusiya bankları alıblar. Amma bunu hansı şəkildə həyata keçirdikləri barədə isə dəqiq və tutarlı məlumat yoxdur.