“Binamızı Hacıbala Abutalıbov yandırdı” - sakinlər üsyan püskürür - FOTOLAR

11-04-2015, 19:37   
“Binamızı Hacıbala Abutalıbov yandırdı” - sakinlər üsyan püskürür - FOTOLAR

Bakı binaları bundan sonra da yancaq - səbəbi penoplast

Aprelin 10-da Xətai rayonu, Nobel prospekti, Məhəmməd Hadi küçəsində çoxmərtəbəli yaşayış binasında dəhşətli yanğın hadisəsi baş verib. Baş verən yanğın o qədər sürətli olub ki, sakinlərin böyük hissəsi alovlanan mənzillərindən əşyalarını çıxara bilməyiblər. Musavat.com olaraq, hadisə haqqında geniş məlumat yazmışıq. (Yazı 1, yazı 2, yazı 3)

Biz məsələnin səbəblərini, niyə bu qədər qısa müddət ərzində bütün binanı əhatə etməsini araşdırmaq qərarına gəldik.

İlkin olaraq yanğının baş verməsinə səbəb kimi, reklam lövhəsində baş verən qısaqapanmanı göstərdilər və yanğının belə sürətli şəkildə böyüməsinə səbəb kimi Bakıda əsən küləyi bəhanə etdilər. Amma...

Həqiqətsə bir az başqadır. Belə ki, yanğın baş vermiş binanın üz örtüyü penoplast materialı ilə bəzədilibmiş. Hər kəsə məlumdur ki, Bakıda yerləşən və xarici qonaqların görə biləcəyi köhnə binaların üz örtüyünə bəzək vurulur. Binaların magistrallardan görünəcək hissəsi tez alışan material olan penoplastla bəzədilir. Digər hissəsi isə olduğu kimi qalır. Artıq yerli dövlət qurumlarının bu fəndlərini bütün ölkə əhalisi bilir. Bakı məmuriyyəti ancaq və ancaq görüntü üçün çalışırlar. Və bununla da hər kəsi aldadırlar.



Öncə penoplast haqqında qısa məlumat verək. Adətən televizor, soyuducu və bu kimi ev əşyaları alanda, görürük ki, onlar öz qutularında qoruyucu ağ baloncuqlardan ibarət olan materialla əhatə edilir. Penoplast həmin materialdır. Artıq tikinti sektoruna da girən bu material həm, fasad örtükləri, həm mərtəbəarası örtüklər həm də dam örtüyü kimi istifadə olunur.



Görünüş cəhətdən daş örtüyü xatırladan bu tez sınan və tez alışan material, əsl daş örtüyündən çox ucuzdur. Ucuz olmaqla yanaşı, həm də quraşdırılması asan başa gəlir və vaxt itkisi az olur. Bu da Bakı Şəhər İcra Hakimiyyətinə sərf edir. Məlumat üçün bildirək ki, dağılmış, sökülmüş, uzun zamandır təmir üzü görməyən binaların bəzənib-düzənmə işini BŞİH öz öhdəsinə götürüb. Onlar bu haqda bəzəmə işləri apardıqları ərazilərdə yazılı plakatlar da yapışdırıblar.



“5 dəqiqə ərzində yanğın birinci mərtəbədən, 5-ci mərtəbəyə qalxdı. Hamısı da bu penoplasta görə oldu. Kağız kimi tez alışır. Bizə lazım deyil. Gəlsinlər, söksünlər”





Birbaşa Hacıbala Abutalıbovun nəzarətində olan bu bəzəmə prosesində ancaq görünüş düşünülür. Binalarda yaşayanların sağlamlığı, həyatı nəzərə alınmır. Çünki bu materiallar hava keçirmir. Mənzillər hava görmür. Üstəlik, son yanğın hadisəsində olduğu kimi, kiçik bir alov, qısa zaman ərzində, bütün binanı bürüyə bilir. Çünki penoplast kağız kimi tez və güclü yanma qabiliyyətinə malikdir. Yanğın baş verən zaman, bu material tez alışır, yanarkən əriyir və zəhərlənməyə yol açacaq dərəcədə qara rəngli tüstü əmələ gətirir.



Biz musavat.com saytı olaraq, binaların fasad hissəsinin bu materiallarla bəzədilməsinin təhlükəli olduğu haqda bir müddət öncə yazmışdıq.

Bəzi media orqanlarında penoplast materialının Çindən gətirildiyi yazılır. Əslində isə bu material artıq Azərbaycanda istehsal edilir. Bakının bir çox bölgəsində penoplast sexləri mövcuddur. Misal üçün Ramana qəsəbəsində penoplast zavodu da var. Hətta bu xidməti təşkil edən şirkətlər də var. Misal üçün "TİVİ" və "AİK" şirkətləri. Onlar da bu ucuz, amma həyat üçün çox təhlükəli materialın satışı ilə məşğuldurlar.



Avropa Oyunlarına qədər Bakıdakı binaların bəzədilmə prosesi bitməlidir. Təmir işlərinin penoplastla aparılmasına bir səbəb budursa, digər səbəblər isə bu materialda "yeyilən" pullardır. Guya materiallara xaricdən gətirilirmiş adı verərək, penoplastları ölkə daxilində istehsal edirlər. Çünki bu materialın istehsalı çox asandır.



Xarici ölkələrdə də bu materialdan istifadə edilir. Həm də tikintidə... Amma binaların fasadları üçün yox, fasadda istifadə edilən müxtəlif formada gipslərə şəkil vermək üçün... Bu penoplastlardan ancaq Azərbaycanda yaşayış və qeyri-yaşayış binalarının təmirində istifadə edilir. Hətta "Caspian Otel", "Gənclər Mərkəzi" və bu kimi yerlərin fasad örtükləri də bu materialdandır.




Yol kənarları kasıb insanların yaşayış tərzinin gizlədilməsi üçün hasarlanır. Əgər əvvəllər bu hasarlar tamamı ilə daş örtükdən ibarət idisə, indi onların da üz örtüyü penoplastdır. Bu materiala istənilən forma və rəng vermək mümkün olduğu üçün, daş örtük adı ilə "alınır". Və bu yolla da böyük pullar mənimsənilir. Və gözdən pərdə "asılır".



Qayıdaq dünən gecə demək olar ki, tamamı ilə yanmış olan binaya. O bina ilə yanaşı olan digər binaların da fasadı penoplastla örtülür. Həmin prospekt boyu təkcə bu ərazidə 16 binaya belə üzlüklər çəkilir. Və 8 aydır ki, bu bəzəmə işləri davam edir.

Ümumilikdə isə Bakı şəhərində 500-ə yaxın binada bu materialdan istifadə olunub və bu sistem hələ də davam edir. Bu da o deməkdir ki, eyni aqibət həmin binaları da gözləyir. Çünki kiçik bir qığılcım, bütün binanın yanması deməkdir.



“Əgər ölkəyə gələcək 5-10 turistə yaxşı görünmək istəyirlərsə, xalqın yaşayışını düzəltsinlər. Hamısı saxtadır. Təmirləri də, görüntüləri də”



Xoşbəxtlikdən dünən gecə yanmış olan yaşayış binasında yaşayan sakinlərdən heç biri ciddi xəsarət almayıb. Əgər bunun əksi olsaydı, H. Abutalıbov bunu heç bir kompensasiya ilə həll edə bilməzdi. Çünki insanlara dəyən bu qədər ziyanın, binanın bu hala düşməsinin bir başa səbəbkarı bu bəzəmə işləridir. Bu işləri də BŞİH aparır.



Bu gün yenə yanğın baş verən Məhəmməd Hadi küçəsində olduq. Hadisə baş verən binaya qonşu olan yaşayış binalarına baş çəkdik və sakinlərlə söhbətləşdik.




“Biz məhz Hacıbalanın günahı ucbatından bu fəlakəti yaşadıq. Bizim evlərimizi Hacıbala Abutalıbov yandırdı”




Bina sakinlərindən biri olan Oqtay Səfərəliyev deyir ki, onları da eyni aqibət gözləyir: "Bizim binanı da, qonşu binaları da bu cür təmir edirlər. Hamısının fasadına bu materialdan vurulub. Yanan binanın halını gözümüzlə gördük. 5 dəqiqə ərzində yanğın birinci mərtəbədən, 5-ci mərtəbəyə qalxdı. Hamısı da bu penoplasta görə oldu. Kağız kimi tez alışır. Bizə lazım deyil. Gəlsinlər, söksünlər. Canımızdan önəmlidir? Təbii ki, yox. Turistlərə bizim binaları, küçələri yaxşı göstərmək istəyirlərsə, düzgün təmir etsinlər. Yalançı bəzəmə bizə lazım deyil".



Digər bir bina sakini Simuzər Xankişiyeva bütün günahın İcra Hakimiyyətində olduğunu dedi: "Bunlar hamısı pul tələsidir. Daha çox qazansınlar deyə, bu ucuz, təhlükəli materialdan istifadə edirlər. Bütün günah İcra Hakimiyyətindədir. Onlar təmir edirlər. Əgər buna təmir demək olarsa. Əgər ölkəyə gələcək 5-10 turistə yaxşı görünmək istəyirlərsə, xalqın yaşayışını düzəltsinlər. Hamısı saxtadır. Təmirləri də, görüntüləri də... İnsanların həyatını düşünmədən addım atırlar. Bu gün köhnə binanı yalandan bəzəyib, təzə kimi göstərənlər, sabah da kasıb insanlara bahalı paltar geyindirərlər ki, varlı görünsünlər".



Söhbət etdiyimiz sakinlərdən biri isə dedi ki, binanı Bakının rəhbəri Hacıbala Abutalıbov yandırıb: “Bütün məsuliyyət ondadır. Bu işin biznesi də, gəliri də ona gedir. Biz məhz Hacıbalanın günahı ucbatından bu fəlakəti yaşadıq. Bizim evlərimizi Hacıbala Abutalıbov yandırdı. Özü gəlib kibrit çəkməsə də, məhz onun əməlləri və tamahı nəticəsində küçələrdə qaldıq, hər şeyimizi itirdik...”

Məhəmməd TÜRKMƏN
Fotolar müəllifindir. //musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.