Qaçırdığı qızı və ailə üzvlərini güllələyən gəncin hekayəsi

15-04-2015, 20:57   
Qaçırdığı qızı və ailə üzvlərini güllələyən gəncin hekayəsi
Salyan rayonunda baş verən və üç nəfərin güllələnməsi ilə nəticələnən insidentin təfərrüatları məlum olub.

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri bu gün hadisənin baş verdiyi Yenikənd kəndində olub, faciənin törədildiyi evə baş çəkib. Amma ailə üzvlərindən heç kimlə görüşə bilməyib. Çünki qanlı hadisənin baş verdiyi ikimərtəbəli evin həyətinin qapısı bağlı olub. Evin sahibi Vaqif Didarov xəstəxanaya - yaralı ailə üzvlərinin yanına gedibmiş.

Qonşuların verdiyi məlumata görə, güllə yarası alanlardan biri - 1998-ci ildə anadan olmuş Bahar Didarova əslində orta məktəbin XI sinfində oxumalı imiş. Amma hələ 3 il əvvəl - 15 yaşı olarkən qonşuluqda yaşayan 18 yaşlı Rəşad Məmmədov onu ailə qurmaq məqsədilə qaçırıb. Qızın nikah yaşı çatmadığından gənclər rəsmi ailə qura bilməyiblər. Ona görə də Baharı evlərinə aparandan bir neçə gün sonra Rəşadın ögey anası qızı ata evinə yola salıb.

Bu yaxınlarda hərbi xidmətdən qayıdan Rəşad ailə qurmaq üçün Baharı yenidən qaçıraraq öz evlərinə aparıb. Amma qız 2 il əvvəl ata evinə qayıtdığı üçün Baharla Rəşad arasında mübahisə yaranıb və Rəşad Baharı döyüb. Bu dəfə Baharın anası Xədicə qızı öz evinə geri qaytarıb ki, bu da Rəşadın qəzəbinə səbəb olub.

Faciənin baş verdiyi ev

21 yaşlı Rəşad Məmmədov aprelin 14-də axşam saat 22 radələrində evlərində olan “TOZ-8” markalı ov tüfəngini götürərək Didarovların evinə gedib. Hasardan aşaraq həyətə daxil olub. Bu vaxt ev sahibi Vaqif Didarov işlədiyi suötürücü yarımstansiyasında gecə növbəsində imiş.

Qəzəbdən ağlını itirmiş Rəşadın məqsədi Baharı öldürmək olsa da onun anası, 37 yaşlı Xədicəyə və qardaşı 15 yaşlı Xanquluya da atəş açıb, sonra öz evlərinə qayıdıb.

Gecə vaxtı dalbadal açılan atəş səslərindən vahiməyə düşən qonşular polisə zəng vurublar. Elə Rəşadı da öz evlərində həbs ediblər. Yaralılar isə xəstəxanaya çatdırılıb.



Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimləri virtualaz.org saytına bildirdilər ki, 15 yaşlı Xanqulu yalnız qolundan yaralandığı üçün vəziyyəti orta-ağırdır, Bahar və anası Xədicə isə bu gün əməliyyat olunublar, vəziyyətləri ağır-sabitdir.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda CM-in 29, 120.2.7-ci maddəsi ilə cinayət işi başlanıb.

Emil Məmmədov

Fotolar müəllifindir

Salyan

Virtualaz.org




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.