Gəncədə “Kəlbəcər üsyanı” yetişir

17-04-2015, 10:06   
Gəncədə “Kəlbəcər üsyanı” yetişir

Gəncədə baş verən «Kəlbəcər hadisələri»nin pərdəarxası; həbs olunanların yaxınlarından şok açıqlamalar

Ötən il, gündəmi sarsıdan xəbərlərdən biri də “Gəncədə Kəlbəcər sakinləri icra başçısını döydülər” xəbəri oldu. Bu haqda təkrar-təkrar yazıldı, amma hadisə ilə bağlı hələ də qaranlıq məqamlar var.

Hadisələrin səbəbkarı məmurlar olub

Gəncə şəhəri Gülüstan qəsəbəsi Aqrar Dövlər Universitetinin təcrübə ərazisində (keçmiş “Avtozavod” adlanan ərazidə) əsasən Kəlbəcər rayon məcburi köçkünləri məskunlaşıb. Qəsəbədə aramsız olaraq evlərinin uçurularaq dağıdılmasından təngə gələn Kəlbəcər sakinləri 9 dekabr 2014-cü ildə aksiyaya hazırlaşıblar. Gəncənin icra başçısı Elmar Vəliyev qəsəbəyə gələrək sakinlərlə görüş təşkil edib. Söküntülərdən xəbərinin olmadığını və bundan sonra belə bir hadisənin baş verməyəcəyini bildirib. Bir sözlə qəsəbə sakinləri ilə barış elan olunub.
Amma 10 dekabr 2014-cü il sübh tezdən texnikaların təkrarən söküntünün davam etdiriləcəyi əraziyə gətirildiyini görən sakinlər əraziyə toplaşıblar. Məqsəd isə qanunsuz söküntülərin dayandırılması olub.
Söküntü işlərinin mümkün olmayacağını görən məmurlar və polislər qəsəbə sakinlərini texnikaların yanından barış söhbəti edə-edə 800 metrəyə qədər uzaqlaşdırıblar. Bu zaman Kəlbəcər sakini Ceyhun Səmədov polislərin yanından keçib getmək istəyərkən polislər tərəfindən döyülərək koma vəziyyətinə salınıb. Həmyerlilərinin günahsız döyülməsi də gündəmi sarsıdan insidentə səbəb olub. Araşdırmalar zamanı o da məlum olub ki, Gəncə-Göygöl yolunun kəsilməsinə cəhd söhbəti uydurmadır. Hadisə olan yerlə Gəncə-Göygöl yolunun arasında 1 kilometrdən artıq məsafə var. Yəni məntiqə sığmayan ssenari hazırlanıb və icra olunub.
Bəs bu hadisələrin şahidləri və olaylarda təqsirli bilinərək həbs olunanların yaxınları nə deyir?

Oğlumu Heydər Əliyevin portretinə görə tutublar

Hadisədən ilk zərərçəkən Ceyhun Səmədov deyir: “Polislərlə sakinlər arasında mübahisə gedirdi. Amma heç bir insident yox idi. Polislər yığışan tərəfdə dayanıb mübahisənin səbəbini öyrənmək istəyirdim. Yolumla getmək istəyəndə məni vurmağa başladılar. Polislərin döydüklərindən sonra heç nə xatırlamıram. Xəstəxanada dedilər ki, sən ölmüşdün, yenidən dirildin!
Səhər tezdən məni polis şöbəsinə apardılar. Sorğu-sualdan sonra hədələyərək məcburi izahata qol çəkdirdilər ki, guya məndə əvvəllər “epilepsiya” xəstəliyi olub və bu xəstəlik olduğu üçün yıxılıb özümdən getmişəm. Məndə özündən getmə xəstəliyi olsaydı hərbi xidməti borcumu Daxili

Qoşunlarda necə başa vura bilərdim?

Nə üçün qardaşım Səmədov Aqil heç bir günahı olmadan Həbs olunmalıdır".
Bu hadisələrə görə həbs olunan Ərşad Nağıyevin atası Elbəyi Nağıyevin dedikləri: “Hadisə olan gün kapitan rütbəli polis zabiti rezin dəyənəklə məni döyməyə başladı. Hadisənin təsirindən bədənimdə keyləşmə və tutulmalar baş verdi. Həkim müayinəsində oldum. Dekabrın 13-də sağlığım kəskin pisləşdiyi üçün Gəncə şəhər 3 saylı xəstəxanaya müraciət etdim. Müayinədən keçdikdən sonra həkimlər dedilər ki, infarkt keçirmisiniz. Dekabrın 15-də səhhətim kəskin pisləşdiyi üçün Təcili Yardım çağırıldı. Ayın 17-də isə Göygöl Mərkəzi rayon xəstəxanasına müraciət etdim. 24.12.2014-cü ilədək xəstəxanada infaktdan müalicə olundum. 13.01.2015-ci ildə isə Gəncə şəhər Endikrinoloji xəstəxanaya müraciət etdim. Müayinədən sonra məlum oldu ki, qanımda şəkərin miqdarı 287 olub.
Oğlum Ərşad, döyülərək koma vəziyyətinə salınan Səmədov Ceyhunun xəstəxanaya çatdırılaraq həyata qaytarılmasında yaxından köməklik göstərib.
Bizi izahat verməyə çağıranda hətta oğlumu polislər lağa qoyub dedilər: “Əəə, əlindəki Heydər Əliyevin şəklini haradan tapmışdın. Başqa şəkil tapmadın əlində tutasan?! Sən əlində Heydər Əliyevin şəklini tutduğuna görə həbs ediləcəksən”.
Polis şöbəsində müstəntiqlər mənə də sual verdilər ki, hadisə günü oğlun Heydər Əliyevin portrertini niyə əlində saxlamışdı? Mən də cavab verdim ki, mən 1996-cı ildən YAP-ın üzvüyəm. Heydər Əliyevin xatirəsinə hörmət bəsləmək nə vaxtdan qəbahət olub. Mənə dedilər ki, oğlunun əlində o portrert olduğu üçün başı ağrıya bilər.
Ərşad 10 dekabrda müvəqqəti məskunlaşdığı evdən Heydər Əliyevin portrertini götürərək kütlənin içərisinə daxil olub. Portrerti əli ilə yüksəkdə tutaraq mən Heydər Əliyevçiyəm, bizi incitməyin deyib. Bunu polislər də, kəlbəcərlilər də görüb. Qəsəbə sakinlərinin dediyinə görə polislər portrerti Ərşadın əlindən alaraq yerə atıb, tapdaladıqdan sonra özünü də döyüblər.

Şöbədə Ceyhunu görəndə dəhşətə gəldik

Haqsız yerə həbs olunan kəlbəcər sakini Aqil Səmədovun anası Gülşən Səmədovanın dedikləri: “Hadisə günü oğlum Səmədov Ceyhun işə gedəndə Kəlbəcər rayon məcburi köçkünlərilə dövlət məmurlarının mübahisələrilə rastlaşıb. Məsələ ilə əlaqəsi olmadığı üçün yoluna davam edib getmək istəyəndə Polislər tərəfindən döyərək koma vəziyyətinə salınmışdır. Oğlum nə fiziki cəhətdən, nə də psixoloji cəhətdən davaya meylli deyil. Camaatın qışqırıq səsini eşitdim ki, Ceyhun öldü. Mən də hadisə ilə bağlı 102 xidmətinə məlumat verdim. Nağıyev Ərşad və digər oğlumla birlikdə Ceyhunu Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə apardıq. Polislər gəlib binanı mühasirəyə aldılar və heç kimi yaxına buraxmadılar. Dekabrın 11-i səhər tezdən eşitdik ki, oğlumu xəstəxanadan aparıblar. Mən də 102-yə zəng edib dedim ki, oğlum xəstəxananın reanimasiya şöbəsindan yoxa çıxıb. Bundan sonra Qonşularla birlikdə məni xəstəxanadan Gəncə şəhər Nizami rayon Polis Idarəsinə gətirdilər.
Şöbədə Ceyhunu görəndə dəhşətə gəldik. Oğluma ya xəstəxanada, ya da şöbədə nə etmişdilərsə məni görəndə tanımadı, key kimi, hallı kimi idi.
Gecə saat 1 radələrinədək bizi ac-susuz sorğu-suala tutdular. Sonda hərəmizin qabağına yazılı kağız qoydular ki, imzalayıb gedin evinizə. Qonşular yazılanları oxumaq istəsələr də təhqir edərək yazılanları oxumağa qoymadılar. Artıq bezmişdik və gecə idi. Məcburən kağızları imzalayıb evə getdik.
Gəncə şəhər Prokurorluğunun müstəntiqi Məmmədov Tural oğlum Səmədov Aqilə hazırlanmış izahata qol çəkməyəcəyi təqdirdə “çirkin şantaj metodunun” həyata keçiriləcəyi ilə hədələyib. Oğluma “özümü qismən təqsirli hesab edirəm” yazılmış izahata qol çəkdiriblər".
Göründüyü kimi həbs olunanlara qarşı saxta ittihamlar irəli sürülüb, onlardan təzyiq vasitəsilə etirafedici ifadələr alınıb. Bundan başqa araşdırmalar nəticəsində əldə edilən maraqlı faktlardan biri də Nağıyev Ərşad Elbəyi oğlu 2010-cu ildən Gəncə şəhər rayonlararası Ruhi Əsəb Dispanserində qeydiyyatda olmasıdır. III qrup əlil kimi sosial müavinət alır, əvvəllər heç vaxt məhkum olmayıb. Amma Gəncə şəhər Nizami rayon Məhkəməsin tərəfindən hakimin verdiyi ilk qərarda Ərşadın əvvəllər məhkum olunması ilə bağlı qeydlər var. Həmçinin istintaq aparılan ərəfədə tibbi müayinədən keçirilməmiş, Ruhi Əsəb Dispanserində qeydiyyatda olması nəzərə alınmamışdır deyilir. Həyat yoldaşının himayəsində 2 azyaşlı uşağı var.
Qaraqaşlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar