"Azərbaycanın Rusiya ilə yaxınlaşması və sürətlə silahlanması fonunda Ermənistan Qarabağda yeni savaş başlada bilər"
Xəbər verdiyimiz kimi, Rusiya paytaxtında IV Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı keçirilib. Konfransda 80-ə yaxın ölkənin müdafiə nazirləri və ya ordu komandanları iştirak edib. Beynəlxalq tədbirdə bir sıra hərbi-siyasi məsələlər, o cümlədən regional münaqişələrvə silah ticarəti məsələsi müzakirə olunub.
Konfransda iştirak edən İranın müdafiə naziri Hüseyn Dehqan BBC-yə bildirib ki, Rusiya tərəfindən İrana S-300 raket komplekslərinin verilməsi artıq tamamilə razılaşdırılıb.Onun sözlərinə görə, hazırda raketlərin İrana göndərilməsi tarixi müzakirə olunur. Xatırladaq ki, Rusiyanın İrana S-300 sistemlərinin satışı ilə bağlı müqavilə 2007-ci ildə imzalansa da, sonradan prezident Dmitri Medvedyev müqavilənin icrasını dondurub. Lakin bu həftə Rusiya prezidenti Vladimir Putin İrana S-300 zenit-raket komplekslərinin verilməsinə qadağanı ləğv edib.
Bu hadisə Qərbdə ciddi narahatlıqla qarşılanıb. Belə görünür ki, Moskvada beynəlxalq toplantı öncəsi qadağanın ləğv olunmasında məqsəd silah satışının detallarının müzakirəsi ilə əlaqədar olub. Maraqlıdır ki, Moskva konfransında Azərbaycanla əməkdaşlıq da müzakirə olunub. Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarı olduqlarını bildirib.
Moskva konfransında diqqət çəkən daha bir mühüm açıqlama isə postsovet məkanındakı dondurulmuş münaqişələrlə bağlı olub. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib ki, postsovet məkanında mövcud olan “dondurulmuş” münaqişələr Rusiya sərhədləri yaxınlığında silahlı toqquşmaların meydana çıxması riski yaradır. Eyni zamanda toplantıda çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ı post-sovet məkanında təsirini daha da artırmaq niyyətində olmaqda ittiham edib.
Aydın məsələdir ki, Rusiya Azərbaycan kimi varlı silah alıcısını itirmək istəmir. Bu səbəbdən də son illərdə Rusiyanın silah sənayesinə cavabdeh dövlət məmurları dəfələrlə Azərbaycana səfər edərək yüksək səviyyədə görüşlər keçiriblər. Məlum olduğu kimi, hazırda Rusiya dünyanın ən çox silah satan ölkələrindən biridir. Eyni zamanda, Azərbaycanda planetin ən çox silah alan ilk ölkələri sırasında yer alır. Təbii ki, Moskva Azərbaycanın rus silahlı almağı davam etməsində maraqlıdır. Bu mənada Rusiya rəsmiləri Azərbaycanla silah müqavilələrində hər hansı problem görmürlər. Lakin Moskvada yaxşı bilirlər ki, Azərbaycanın silahlanmaqda məqsədi nədir. Bu mənada, eyni zamanda həm Azərbaycanla hərbi-texniki əməkdaşlıqda maraqlı olduğunu bildirən rus generallarının Qarabağda müharibə riskinə qarşı xəbərdarlıq etməsi də başa düşüləndir. Yeri gəlmişkən, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Qarabağda yeni müharibə riski ilə bağlı xəbərdarlıq etmişdi.
Yeni Türkiyə Araşdırmalar Mərkəzinin Avrasiya üzrə eksperti Orxan Qafarlı deyir ki, Azərbaycanla Rusiya arasında silah ticarətinin böyüməsi Moskvanın maraqlarına cavab verir: “Moskva bununla Azərbaycanı Rusiya hərbi texnikası təsirində saxlayaraq NATO-ya inteqrasiya olunmasının qarşısını alır. Bu şəkildə Azərbaycanın müdafiə sistemini öz standartlarına bağlı saxlayır. Bu, məsələnin strateji tərəfidir. İkincisi, Azərbaycan silahlandıqca Ermənistan özünü daha təhlükədə hiss edir. Belə olduğu halda İrəvanın Rusiyanın himayəsinə ehtiyacı daha da artır. Və Rusiya Ermənistanda olan hərbi kontingentini, texnikasının sayını daha artırır və böyüdür. Burda həm də məsələnin iqtisadi tərəfləri də var. Xüsusilə Rusiya qarşı Qərbin sanksiyalarından sonra Moskvanın iqtisadi olaraq zəifləməsi zamanı belə bir ticarət büdcəyə faydalıdır”.
Qarabağda yeni müharibənin başlaması perspektivinə toxunan O.Qafarlı deyir ki, müharibə ehtimalı günü-gündən yüksəlir. Ekspertin fikrincə, indi Ermənistan hakimiyyəti özü də savaşın başlamasında maraqlı ola bilər: “Çünki tarix göstərib ki, blokadada olan dövlətlər xalqı öz siyasəti ətrafında birləşdirmək üçün və mövcud rejimi qorumaq üçün müharibəyə üz tuturlar. Yaponiya və Gürcüstan buna misal ola bilər. Müharibə dağılmaqda olan rejimi saxlamaq və xalqı savaş əhval-ruhiyyəsində kökləyərək, iqtidarlar ətrafında birləşdirmək üçün hər zaman işlək vasitədir. İndi Ermənistanın iki çıxış yolu var: Ya tamamən Rusiyanın nəzarəti altına düşmək, ya da Qərb ölkələrindən dəstək alıb savaş başlatmaq və yaxud da ən azından atəşkəsi davamlı olaraq pozmaqla regionda stabilliyi aradan qaldırmaq. Bu, Qərbdə “qırğıların” və antirus əhval-ruhiyyəsində olan siyasətçilərin də işinə yarayır. Çünki belə bir gərgin regiona BMT adı altında Avropa və ABŞ sülhməramlıları yerləşdirilə bilər. Bu baxımdan regionda Rusiya-Azərbaycan münasibətlərinin inkişaf edəcəyi halda Ermənistan yuxarıda qeyd etdiyim variantlara əl ata bilər”.
Kənan Rövşənoğlu, musavat.com