Azərbaycandan olan ekstrasens Xəyal Mustafayev Kiyevdə ötən ilin mayında baş vermiş müəmmalı qətlin üstünü açıb.
Virtualaz.org saytı xəbər verir ki, bu əhvalat haqda “Arqumenti i faktı” nəşrinin Ukrayna versiyası yazır.
32 yaşlı Lüdmila Komaşnya ötən ilin mayında - ad günündə yoxa çıxıb. İki gün sonra onun cəsədini metro stansiyalarından birinin yaxınlığındakı kolluqda tapıblar. Qadının boğularaq öldürüldüyü, yarıçılpaq olduğu, alt paltarının çıxarıldığı məlum olub.
Cəsədin yanında üç ədəd liliya (zanbaq) gülü olub. Qatil heç bir iz buraxmadığından və yağan yağış barmaq izlərini sildiyindən istintaq qətlin üstünü aça bilməyib. Qadının yaxınları istintaqın dalana dirəndiyini görüb STB telekanalında yayımlanan “İstintaqı ekstrasenslər aparır” proqramına müraciət ediblər.
Ekstrasenslər komandası Kiyevin Qoloseyevsk rayonuna, Lüdmilanın öldürüldüyü yerə gediblər və onun qatilinin izini tapmaq üçün işə başlayıblar. Proqramın ekspert-kriminalisti Andrey Lısyuk deyir ki, əvvəlcə hər şey elə görünürdü ki, qadın seksual zorakılığın qurbanı olub. Lakin ekspertiza müəyyən edib ki, qadın zorlanmayıb.
Araşdırmaya Azərbaycandan olan ekstrasens, “Ekstrasenslərin döyüşü” yarışmasında iki dəfə qalib olmuş Xəyal Ələkbərovu cəlb ediblər.
Qətlə yetirilən Lüdmila Jitomorsk vilayətindən olub, bir neçə il əvvəl Kiyevə köçüb və iri supermarketlərin birində baş kassir işləyirmiş.
Mayın 14-də Lüdmila işdən çıxıb və daha sonra ondan xəbər almaq mümkün olmayıb. Lüdmila ilə eyni marketdə işləyən bacısı onun cəsədin tapıldığı rayonda heç vaxt olmadığını deyib. Və yaxınlıqda da onun tanışlarından heç kim yaşamırdı.
Xəyal Ələkbərov təxmin edib ki, qatil Lüdmilanın yeni tanışlarından biri ola bilər. Ekstrasens bu qətllə bağlı mürəkkəb və yeni çapdan çıxmış qəzet qoxusu hiss etdiyini bildirib. Nəticədə belə təxmin edilib ki, qatil ya yaxınlıqdakı qəzet köşklərinin birində, ya da nəşriyyatda işləyir.
Ekstrasenslərdən biri Larisa Lüdmilanın anası ilə birlikdə qətlin baş verdiyi ərazinin yaxınlığında yerləşən həyətlərdən birinə daxil olub. Xəyal isə onlardan xeyli aralıda olsa da həmkarını ölüm təhlükəsinin gözlədiyini, qatilin yaxınlıqda olduğunu hiss edib.
Sonra ekstrasenslər “şübhəli” qapını döyüblər. Ancaq qonşular deyiblər ki, evin sakinləri onların gəlişindən əvvəl harasa gediblər. Bu, beş nəfərlik ailədir - ata, ana və üç oğul. Oğullardan ikisi əvvəllər məhkum olunub. Və məlum olub ki, onların hamısı nəşriyyatda işləyirlər.
Bu dəlillər əsasında işə müstəntiqlər qoşulub. Məlum olub ki, qardaşlardan biri həqiqətən Lüdmilanı tanıyırmış. Onlar sosial şəbəkə üzərindən tanış olublar, Lüdmila isə ad günündə onunla ilk görüşə gedib.
Şübhəli şəxs dindirilərkən qətli törətdiyini boynuna alıb və bildirib ki, ilk görüşdə Lüdmila ilə intim əlaqədə olmaq istəyib, ancaq qadın müqavimət göstərib. Və bu hərəkət onun xoşuna gəlməyib və qadının başına bir neçə dəfə daşla vurub, sonra onu boğub.
Bəs cəsədin yanındakı üç liliyanı kim qoyub?
Ekstrasenslər iddia ediblər ki, gülləri qətldən sonra yaşlı bir kişi cəsədin yanına qoyub və deyib: “Ölümə ölüm!”.
Bu nə demək idi? Lüdmilanın yaxınları deyiblər ki, onun nənəsi və xalası da 32 yaşında həlak olublar. Lüdmila nəsildə 32 yaşda ölən üçüncü qadındır. Ekstrasenslər deyirlər ki, hər şey Lüdmilanın ulu babasının ötən əsrin 20-ci illərində günahsız yerə bir nəfəri həbsxanaya saldırmasına görədir. Həmin şəxsin 32 yaşlı arvadı isə ərinin həbsinə dözməyərək intihar edib. İntihardan qabaq o, ərinin həbsinə bais olanları lənətləyib. Ekstrasenslər əmindirlər ki, üç liliya məhz nəsildə öldürülən 3-cü qadın deməkdir.
Virtualaz.org