Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı olan qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən 6 nəfər - Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbirinin verdiyi məlumata görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslər onlara elan olunmuş ittihamla özlərini təqsirli bilmədilər. Bundan sonra təqsirləndirilən 1991-ci il təvəllüdlü Eldost Quliyev sərbəst ifadə verdi.
E.Quliyev ifadəsində şəriət qaydaları ilə idarə olunan ölkədə yaşamaq istədiyini, Suriyaya da döyüşmək məqsədilə deyil, məhz bu səbəbdən getdiyini bildirdi: “Mən bunları burada özümü müdafiə etmək məqsədilə demirəm. Hətta desəm də bilirəm ki, bunun heç bir əhəmiyyəti yoxdur. MTN-də təzyiqlərə məruz qalmışam, ona görə də məcbur olub qol çəkmişəm. Bir il MTN-də saxlandıq. Sonra da bizi bura göndərdilər. Bəli, Suriyaya getmişəm. İşin mahiyyəti budur. Ortada heç bir sübut yoxdur, amma biz həbsdəyik. Nəticəsi də yəqin ki, hamıya bəlli olacaq”.
Hakim təqsirləndirilən şəxsə “hər dəqiqənin bir hökmü var, nəticəni əvvəlcədən bilmək olmaz” dedi.
E.Quliyev isə cavabında bunun ona aid olmadığını bildirdi: “İstintaq zamanı mənə dedilər ki, qanunu qatla qoy qırağa. Xahiş edirəm, mənə qanundan danışmayın. Mən dini qaydalarla yaşayırdım, namaz qılır, Quran oxuyurdum. İnternet vasitəsilə videolara baxırdım, eyni əqidədə olan insanlarla internetdə tanış olmuşdum. Onların adlarını çəkmək istəmirəm.
Belə qərara gəldim ki, Suriyaya gedim və şəriətlə idarə olunan torpaqlarda yaşayım. Azərbaycanda belə bir düşüncə var: əgər namaz qılırsansa, saqqal saxlayırsansa, deməli, terrorçusan. Əvvəlcə Gürcüstana getdim, oradansa Türkiyənin Hatay vilayətinə. Əl-Ərəbiən şəhərində ev tutub orada yaşayırdım. Heç bir silahlı birləşməyə qoşulmamışam, hərbi təlimlərdə iştirak etməmişəm. Azərbaycana da özüm qayıtmışam. Amma istintaq materiallarında yazılıb ki, guya iradəmdən asılı olmayan səbəblərə görə qayıtmışam. Belə olmayıb axı. Heç kim deyə bilməz ki, mən əlimə silah götürüb hansısa bir qruplaşmanın tərkibində döyüşmüşəm. İttihamda isə yazılıb ki, Gürcüstandan olan əl-Şişani (söhbət İŞİD-in ən güclü hərbi rəhbərlərindən biri, əslən Gürcüstanın Pankisi dərəsindən olan və “Ömər Şişani” kimi tanınan Timur Batiraşvilidən gedir-red.) soyadlı bir şəxsin qrupunda olmuşam. Əgər mən o şəxsi görümüşəmsə, Allah mənə lənət eləsin. Guya mən “Seyfullah camaatı”na qoşulmuşam, “əl-Nüsra”nın tərkibində olmuşam. Sonra da yazıblar ki, məni “əl-Nüsra” Suriya ərazisindən çıxarıb. Əgər doğrudan da orada döyüşmüşəmsə, “əl-Nüsra” məni Suriyadan niyə çıxarırdı? İnandırıcı deyil axı”.
Təqsirləndirilən şəxs onunla birgə ittiham olunanlardan yalnız Əhməd Həsənovu tanıdığını bildirdi. Hakim təqsirləndirilən şəxsə “hər şeyi olduğu kimi danışın, sizə inanırıq” dedi.
E.Quliyev isə “əgər inansaydınız, bizi buraxardınız” deyə cavab verdi: “MTN-də antiterror şöbəsinin üç əməkdaşı mənə işgəncə verdi. Üçünü də üzdən tanıyıram. Amma nə adlarını çəkirəm, nə də üzlərinə dururam. Vəkillərə isə məsləhətim budur ki, bu məsələdə çox da dərinə getməsinlər, sonra problem yaranar, prosesi birtəhər yola versinlər. Yenə də deyirəm ki, bir Allah şahiddir ki, “əl-Nüsra” özü çıxarıb məni Suriyadan. Adama gülərlər.
Onlarla birlikdə vuruşmadığıma görə məni oradan çıxarıblar. Gerçək olan budur. Mən özümü bir tək Allah qarşısında günahkar hesab edirəm”.
Məhkəmə prosesi aprelin 28-də davam edəcək.
Qeyd edək ki, MTN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 26 Azərbaycan vətəndaşı tutulub. Məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı - Yusifov Firdovsi Soltan oğlu, Soltanov Taleh Əzizağa oğlu, Həsənli Vilayət Ələsdan oğlu, Musayev Malik Elçin oğlu, Hacıyev Vasif Orduxan oğlu, Babazadə İlkin Aydın oğlu, Balakişiyev Mehman Pirbala oğlu, Mustafayev Ruslan Azər oğlu, Məmmədov Namiq Firdovsi oğlu, Muradov Fərid Arif oğlu, Həsənov Tural Namiq oğlu, Əliyev Elvin Vilayət oğlu, Mustafayev Tariyel Tapdıq oğlu, Qəmbərov Azər Asim oğlu, Bayramov Vüsal Qabil oğlu, Həşimov Samir Samid oğlu, Abbasov Nicat Faiq oğlu, Məmmədov Hüseyn Xəqani oğlu, Cəfərov Ruslan İlham oğlu, Baxışov Sənan İlqar oğlu, Quliyev Eldost Firudin oğlu, Məmmədəliyev Məmmədşah Ağaşah oğlu, Həsənov Əhməd Elxan oğlu, Mərdanov Maarif İrşad oğlu, Dursunəliyev Vüqar Əhəd oğlu və Qurbanlı Elşən Əbülfət oğlu şübhəli şəxs qismində saxlanılıblar.
Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanıb. Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs-qətimkan tədbiri seçilib.
İnarə Rafiqqızı
Virtualaz.org