Sui-qəsdlə aradan götürülən komandir Cahangir Rüstəmovun şoferi uzun illər sonra sensasion açıqlamalar verdi
“Lamiyə işi”ndə əsas fiqurant, Şəmkirin sabiq icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun, eks müdafiə naziri Səfər Əbiyevin adları hallanan sui-qəsdlə bağlı araşdırmalarımız davam edir.
Əməkdaşımız Şəmkirdə olaraq Gədəbəyin Şınıx bölgəsində mina partlayışı zamanı həlak olan əfsanəvi komandir Cahangir Rüstəmovun sürücülərini arayıb və çox maraqlı məqamlar üzə çıxıb.
Maraqlıdır ki, C.Rüstəmov mina partlayışı zamanı həlak olan gündən az əvvələ qədər ona sürücülük etmiş Valeri Bexmetyev susmağa üstünlük verib, danışmaqdan imtina edib...
Partlayışdan 3 gün əvvəl - 1994-cü il martın 25-də C.Rüstəmova müvəqqəti sürücü təyin olunmuş Saleh Əliyev isə fikirlərini müxbirimizlə bölüşüb. Olay zamanı çoxsaylı bədən xəsarətləri alan, bu gün də partlayış zamanı aldığı yaraları sağalmayan sürücü qaranlıq qalan işin araşdırılmasında maraqlı olduğunu bildirib.
Deyib ki, komandirin illərlə işlədiyi sürücüsü olaydan bir neçə gün əvvəl işindən ayrılıb: “Hadisədən bir neçə gün qabaq o, dağdan enmişdi. Deyilənə görə, xəstə anasına baş çəkmək üçün komandir ona icazə verib”.
S.Əliyev deyir ki, bundan sonra müvəqqəti olaraq C.Rüstəmova sürücülük edib: “Komandiri ondan da qabaq dayımla dost olduğuna görə tanıyırdım. 30 ilə yaxın bir yerdə işləyiblər. Ona sürücülük etdiyim günlərdə Başkənd, Şınıx, Göyəmli tərəflərə getmişdik. İş vaxtı bir dəqiqə də olsun, yanından uzaqlaşmamışam. Maşını nəzarətsiz qoymamışam. İşdə olanda hərbi hissənin qarşısında, evdə olanda isə dayımın həyətində saxlamışam. Dayımın həyəti qapalı yerdir. Minanı maşına harada qoya bilərdilər, bax, bunu deməyə çətinlik çəkirəm”.
“Cahangir Rüstəmova qəfil zəng gəldi...”
S.Əliyev deyir ki, məlum partlayışdan bir gün qabaq Şəmkirdə yas yerində olublar. Planları da belə olub ki, yasdan sonra evə gedib bir qədər dincəlsinlər. Amma...
“Cahangir Rüstəmova qəfil zəng gəldi. Məncə, zəng edən rəhbərlikdən idi. Başqasının sözü ilə Cahangir Rüstəmov geriyə qayıtmazdı. Axşamüstü dağa qalxmalı olduq. Bundan əvvəl yolun yarısında qəribə bir hadisə oldu. Maşını Gədəbəy istiqamətində sürmək istədim, Cahangir müəllim dedi ki, Tovuza sür, bacıma baş çəkim. Elə bil ürəyinə dammışdı... Bacısı ilə görüşüb çıxana qədər qapının qarşısında maşında onu gözlədim. Bacısından ayrılıb dağa qalxanda maşın sanki təpəni çıxmaq istəmirdi. 2 dəfə ümumiyyətlə, aşa bilmədik. Polkovnik zarafat etdi ki, düşüb itələyəkmi? 3-cü cəhddə çətinliklə də olsa təpəni aşdıq. Səhəri o dəhşətli hadisə oldu. Partlayış zamanı yadımda o qalıb ki, gözümün önünü alov bürüdü, möhkəm alov... Sonra özümdən getmişəm. Nə olub, necə olub bilməmişəm”.
Saat mexanizmli mina maşının altına bərkidilibmiş...
“Bombanı komandirin maşınının altına bağlamışdılar”
Hadisə şahidlərinin danışdığına görə, güclü partlayış S.Əliyevi maşından təxminən 30 metr kənara atıb. C.Rüstəmovun əyləşdiyi tərəfdə benzin çəni darmadağın olub. Maşının arxa təkərləri oxundan ayrılıb. Sürücü deyir ki, o, minanın maşının altına bağlandığını güman edir. Hesab edir ki, saat mexanizmli bombanı maşının alt hissəsinə bərkidiblər. Partlayış zamanı maşının arxa təkərinin oxdan ayrılmasını da dediklərinin təsdiqi sayır.
“Maşında boş kanistrlər olub!”
S.Əliyev maşına 2 kanistr əlavə benzini kimin qoyması məsələsinə də aydınlıq gətirib. Belə məlum olur ki, kanistrlər maşına C.Rüstəmovun qərargah rəisi olan Nadir Qasımovun istəyi ilə qoyulub. Bu yerdə qeyd edək ki, N.Qasımov məlum partlayışdan az sonra müdafiə naziri Səfər Əbiyevin köməkçisi təyin olunub. S.Əliyev kanistrlərin maşına qoyulmasını belə xatırlayır: “Hadisə günü maşında benzin yox idi. Yanacaqdoldurma məntəqəsinə gedəndə Nadir Qasımov dedi ki, 2 kanistr də mənim maşınım üçün doldur. Birdən harasa gedərəm, yolda qalmayım. Doldurub gətirmişəm. Çox çəkməyib ki, Cahangir Rüstəmov gəlib və biz tərpənmişik. Maşında əlavə benzin olmayıb. Boş kanistrlər vardı...”
Bu olayla bağlı danışanlar deyir ki, hadisə baş verməzdən az əvvəl ərazidən bir traktor keçib. O zaman ortaya bir sual çıxır: traktor komandirin əyləşdiyi maşından ağır olub və üstəlik, arxasında kötük daşıyıb. Bəs traktor niyə partlamayıb?
Müstəntiqin maşını15 metr aralıda partladılıb!
S.Əliyev deyir ki, traktorun və maşının keçdiyi yola mina basdırıldığına inanmır: “Maşının partladığı yerdə mina olmayıb. Minanı maşının altına bərkidiblər. Traktor da o yoldan keçib. Əgər mina olsaydı, partlayardı. Bu məsələ araşdırılmadı. Qazax qarnizonu hərbi prokurorluğunun əməkdaşı Səbuhi Lütfi oğlu Xasiyevin maşını da bizim maşının partladıldığı yerdən 15 metr aralıda partladılıb! O iş də araşdırılmayıb. Səbuhi Xasıyev çox təcrübəli müstəntiq idi. Bir çox işin üstünü açmışdı. Partladılmasaydı, bu iş yarımçıq qalmazdı. Səbuhi Xasıyev Cahangir Rüstəmovun işindən qabaq çox işlər görüb, çox cinayətlərin üstünü açmışdı. Kənardan bir hərbçini vurmuşdular, o, cinayətkarı axtarıb tapmışdı. İmkan versəydilər, onu aradan götürməsəydilər, bu işin də üstü açılardı. 21 il bağlı qalmazdı...”
“Partlayışdan sonra özümdən getmişəm”
S.Əliyev bu gün də bədənində partlayış zamanı aldığı yaraların izlərini gəzdirir. Qolunda, bədənində qəlpə yerləri var: “Partlayışdan sonra özümdən getmişəm. Xəstəxanada ayıldım. Hansısa müstəntiqin ”Allah rəhmət eləsin!" kəlməsindən sonra başa düşdüm ki, Cahangir Rüstəmovu itirmişik. Bunu özümə sığışdıra bilmədim! Necə olub ki, Cahangir Rüstəmov rəhmətə gedib? Bu gün də onun qanı yerdə qalıb. Bu işi araşdırsınlar. Bədənimdəki qəlpələr onun ölümünü daim mənə xatırladır. Xəstəxanada o qəlpələri çıxaranda bildim ki, maşından qopan qəlpələrdir. Həkimlər sağ qolumun əmələ gəlməyəcəyini deyərək kəsmək istəyirdilər. Uzun əməliyyatdan, müalicədən sonra qolum işlədi. Buna baxmayaraq, bu gün də sağ qolumu rahat işlədə bilmirəm.
“Aslan Aslanov hərbiyə müdaxilə edəndə...”
S.Əliyev onu da bildirib ki, Aslan Aslanov hadisədən əvvəl hərbi hissəyə ara-sıra gəlib gedib: “Cahangir Rüstəmov Səfər Əbiyevə əvvəl korpus komandiri, sonradan isə müdafiə naziri, Aslan Aslanova icra başçısı kimi münasibət göstərirdi. Hər ikisi ilə vəzifə müstəvisində münasibət saxlayırdı. Aslan Aslanov onun işinə müdaxilə etmək istəyəndə, Cahangir müəllim dərhal etirazını bildirirdi. Deyirdi ki, hər kəs öz bildiyi işlə məşğul olmalıdır! Cahangir Rüstəmov öz işini bilən insan idi”.
“2 dəfə naməlum adamlar qapımı döyüblər, açmamışam”
S.Əliyev deyir ki, hadisədən sonra sağ qalması sadəcə möcüzə olub. Bunu istəməyənlərin varlığını da başa düşüb, bu illər ərzində özünü, ailəsini qoruyub: “Mən hadisədən sağ çıxandan sonra 2 dəfə naməlum adamlar qapımı döyüblər. Evdə olmuşam, tanımadığım, şübhəli adamlar olduğu üçün qapını açmamışam. Hətta evdəkilərə də tapşırıq vermişəm ki, mən evdə olmayanda qapını döyən olsa belə açmayın! Mənə xəbər verin ki, yad adam gəlib”.
Maraqlıdır, görəsən, C.Rüstəmovun əsas sürücüsü - Valeri Bexmetyevin susması ona ola biləcək təhdidlərlə əlaqəli deyil ki?
S.Əliyev bu suala cavab verməkdə çətinlik çəkir. Hazırda o, işsizdir, partlayış zamanı aldığı yaralar onu əlilə çevirib. Amma ümidini itirməyib. O, bir gün bu qanlı cinayətin üstünün açılacağına, əfsanəvi komandirin ölümünə, onun isə şikəst qalmasına səbəb olan cinayətin sifarişçisinin və icraçılarının cəzalandırılacağına inanır...
“Yeni Müsavat”ın
reportyor qrupu,
Şəmkir