Polislər məhkəmədə icra başçısının oğlunu necə müdafiə etdi?

23-04-2015, 20:54   
Polislər məhkəmədə icra başçısının oğlunu necə müdafiə etdi?
"Mc Donald's" rəhbərinin oğlunun ölümünə səbəb olmuş qəzanın günahını yük maşınının sürücüsünün üzərinə qoymağa cəhd edilir

Övladını itirən ata icra başçısını ittiham etdi: "Asif müəllim niyə bizə xəbər eləməyib, o zaman əsas işi adları dəyişmək idi..."

Səbailin icra başçısı Asif Əsgərlinin 1998-ci il təvəllüdlü oğlu İlham Əsgərovun mühakiməsi başa çatmaq üzrədir. Söhbət ötən il sentyabrın 29-da baş vermiş və "Mc Donald's"ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümünə səbəb olmuş yol qəzası üzrə məhkəmə prosesindən gedir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bu prosesdə həm təqsirləndirilən, həm zərərçəkmiş, həm də şahidlərin dindirilməsi mərhələsi başa çatıb.

Xatırladaq ki, İlham Əsgərlinin idarə etdiyi "Mercedes S500" markalı avtomobil Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. Həmin vaxt İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İlham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib. İlham Əsgərli ilə yanaşı, Əhliman Süleymanov da təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Onların hər ikisinin barəsində məhkəmə hökm verənə qədər ev dustaqlığı qətimkan tədbiri seçilib.

Dünənki məhkəmə iclasında İlham Əsgərlinin vəkilinin vəsatəti əsasında əlavə şahid qismində çağırılmış dörd nəfər dindirilib. Onlardan biri qəza zamanı hadisə yerinə gəlmiş Təcili Tibbi Yardımın həkimi, mərhum Sənan Mirzəyevi Sabunçu xəstəxanasına aparmış Yeganə Əliyeva olub. Çağırış əsasında qəza yerinə gələn ilk Təcili Tibbi Yardım briqadasına daxil olan həkimin sözlərinə görə, onlar həmin vaxt yaralı olan üç nəfərdən ən ağır vəziyyətdə olanını aparıblar: "Arxadan başqa briqada da gəlirdi. Ona görə biz lap ağır olanı apardıq. Başından açıq kəllə-beyin travması vardı, danışa bilmirdi".

Yeganə Əliyeva bildirib ki, Təcili Tibbi Yardım maşınının içində lazımi tibbi avadanlıq vardı və yaralıya ilkin yardım kimi nə mümkünsə, göstərilib".

"Sənanı orada tək buraxmasaydılar, o da elə olmazdı..."

İş üzrə zərərçəkmiş olan Maqsud Mirzəyevin etiraz etdiyi əsas məsələ hadisədən sonra onun övladının baxımsız vəziyyətdə qalması - icra başçısının oğlu və sürücüsü əvvəlcə Kliniki Tibbi Mərkəzə, oradan isə dərhal İstanbula aparıldığı halda, Sənanın heç bir şəraiti olmayan Sabunçu xəstəxanasına göndərilib, kimsəsiz qalması, üstəlik, Əsgərovlar hadisədən məlumatlı olduqları halda, onların ailəsinə heç bir xəbər verməməsidir.

Bu səbəbdən Maqsud Mirzəyev və nümayəndəsi Afət Qazıyeva həkimdən açıq kəllə-beyin travması olan xəstəni hadisə yerinə daha yaxın olan Heyrocərrahiyyə xəstəxanasına yox, Sabunçuya aparmalarının səbəbini soruşub. Həkim suala belə cavab verib: "Təcili Yardım Stansiyasından hara göstəriş verirlərsə, ora aparırıq".

Təcili yardımın həkimi onu da qeyd edib ki, onlar adətən apardıqları yaralını xəstəxanaya təhvil verib gedirlər. Yeganə Əliyevanın sözlərinə görə, bəzən xəstənin aparıldığı tibb müəssisəsində qalması özü və yaxınları tərəfindən məqsədəuyğun hesab edilməyəndə, bu haqda mütləq imtina jurnalına imza atılmalıdır.

Dindirmədən aydın olub ki, hadisə yerinə gələn ikinci Təcili Tibbi Yardım İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayevi də həmin xəstəxanaya aparıb. Amma az sonra Fətullayev imtina imzasıyla oradan çıxarılıb.

Maqsud Mirzəyev eyni zamanda, Təcili Yardım maşınında lazımi tibbi avadanlıqların olması haqda həkimin dediklərinə də etirazını bildirib: "Sənanı orada tək buraxmasaydılar, o da elə olmazdı... Mən Sabunçu xəstəxanasındakı bütün həkimlərlə danışmışam, təcili yardım maşınlarına da baxmışam. O maşınlarda heç nə yoxdur. Başından xəsarət alan adam ilk növbədə süni nəfəs aparatına qoşulmalıdır. O aparatdan sizin maşında olmayıb".

Həkim də maşında süni nəfəs aparatının olmadığını təsdiqləyib.

Maqsud Mirzəyev icra başçısının sürücüsünün dərhal Sabunçu xəstəxanasından başqa klinikaya köçürülməsi məsələsinə də ironik münasibət bildirib: "Əlbəttə, Pərvin o xəstəxanada qalmaq istəməzdi, onun səviyyəsinə uyğun deyildi. Amma Sənanın səviyyəsinə uyğun idi..."

Polisin yalanı...

Həkimdən sonra Xəzər rayon yol-patrul xidmətinin iki əməkdaşı - Ələmşah İsayev və İlkin Lətifov dindirilib. Adları çəkilən şəxslər ibtidai istintaq zamanı şahid qismində tanınmayıb. Məhkəməyə isə icra başçısının oğlunun vəkilinin qaldırdığı vəsatət əsasında çağırılıb. Bu polislərin hər ikisi hadisə yerinə qəzadan bir xeyli sonra gəliblər. Onların hər ikisi iddia edib ki, guya, yük maşını yolun kənarındakı dəmirlərin kustar üsulla kəsilməsilə keçid yaradılan torpaq yola dönmək istəyib. Bu zaman arxadan gələn "Mercedes S500" yük maşınının sağ arxa təkərinə dəyib.

İlham Əsgərlinin vəkilinin vəsatətilə məhkəməyə gələn bu polislərin görmədikləri hadisə barədə bu cür danışması, şahidi olmadıqları qəzaya görə məsuliyyəti açıq-aşkar yük maşınının sürücüsünün üzərinə qoymaq cəhdi Əhliman Süleymanovun vəkili İlqar Musayevin etirazını səbəb olub. Onunla çavuş Ələmşah İsayev arasında belə bir dialoq olub:

- Siz hadisəni görmüsünüz?

- Yox.

- Bəs əminlik hardandır ki, yük maşını yolun solu ilə gedə-gedə qarşıdan sağ tərəfə dönmək istəyib və buna görə qəza olub?

- Yük maşınının sürücüsü dedi.

Yük maşınının sürücüsü Əhliman Süleymanov isə polisin yalan danışdığını bildirib:

- Orada elə söz deyən olmayıb axı, niyə belə danışırsan?!

Bundan sonra polis sözünü dəyişərək deyib ki, hadisənin məhz belə baş verə biləcəyini ehtimal edir.

Qeyd edək ki, polislərin bu cür danışması icra başçısının oğlunun məhkəmədə verdiyi ifadəyə uyğundur. Amma ibtidai istintaq zamanı İlham Əsgərli başqa cür danışıb.

Əhliman Süleymanovun vəkili Əsgərlinin ifadəsini üç dəfə dəyişdiyini məhkəmənin nəzərinə çatdırıb: "Əvvəl deyib ki, sükan arxasında mən olmamışam, sürücü olub. Sonrakı ifadəsində deyib ki, arxadan "marqat" eləyib, yol istədim, vermədi, mən də sağından keçəndə qəza oldu. İndi də məhkəmədə torpaq yola dönmək məsələsini atıblar ortaya. Ayıbdır. Bu cür şahidləri bura tökməklə deyil ki..."

Əhliman Süleymanov özü də ifadəsində göstərib ki, o, qarşısındakı başqa bir yük maşınını ötmək üçün işıqları yandırıb, yolun soluna keçib. Bu zaman güzgüdən görüb ki, çox yük sürətlə arxadan "Mercedes" gəlir və işıqlarını yandırıb-söndürməklə yol istəyir. Həmin vaxt aralarında təxminən 200 metr məsafə olub. "Mercedes"in çox sürətli gəldiyini nəzərə alaraq, ötüb keçənə qədər onun gəlib çata

biləcəyindən ehtiyatlanıb və yenidən maşını sağa çəkib, yük maşınının arxasına qayıtmaq istəyib. "Mercedes" cəmi bir neçə saniyə ərzində ona çataraq, sağından keçmək istəyəndə qəza baş verib.

Məhkəmədə dindirilən şahidlər də həmin vaxt "Mercedes"in təxminən 180-200 km. sürətlə hərəkət etdiyini bildirib.

"Onu Asif müəllimin özündən soruşun..."

Dünənki məhkəmə iclasında Rəşad Məmmədzadə adlı şəxs də vəkilin vəsatəti əsasında dindirilib. Məlum olub ki, o, Əsgərovlar ailəsinin yaxın adamıdır. O da ifadəsində təsdiqləyib ki, Sənan Mirzəyev və Pərvin Fətullayev hadisə yerindən təcili yardım maşınında, İlham Əsgərli isə ağ rəngli "Hyundai"də aparılıb. Rəşad Məmmədzadə bildirib ki, qəzadan xəbər tutan kimi hadisə yerinə gedib, dərhal icra başçısının Londonda olan digər oğlu ilə əlaqə saxlayıb.

Bu zaman Maqsud Mirzəyevlə Rəşad Məmmədzadə arasında belə bir dialoq olub:

- Siz İlhamın atası Asif müəllimlə nə vaxt əlaqə saxladınız?

- Təxminən axşam saat 18.10-da.

- Saat 6-dan axşam 9-a qədər Asif müəllim bizə zəng eləyib xəbər verə bilməzdi?

- O sualı Asif müəllimə vermək lazımdır.

- Aydındı, onda əsas iş adları dəyişmək idi...

Hadisə zamanı Hyu-Yorkda olmuş Maqsud Mirzəyev bildirib ki, həmin vaxt ailə üzvləri Sənanın telefonuna zəng eləyəndə telefonu Sabunçu xəstəxanasının işçilərindən biri götürərək, ora gəlmələrini istəyib. Qayınası və qayınatası ora çatanda isə Sənan artıq Mərdəkandakı morqa aparılmış olub.

Rəşad Məmmədzadənin sözlərinə görə, İlham Əsgərlinin əmisi və daha iki qohumu Sabunçu xəstəxanasına Sənan Mirzəyevin ardınca gedib, onu başqa klinikaya aparmaq istəyiblər. Lakin həkimlər vəziyyətinin ağır olduğunu deyərək, icazə verməyiblər.

Məhkəmə prosesi sabah davam edəcək.

Aytən Məmmədova
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar