Novruz Məmmədov: “Azərbaycanı Liviya, Suriyaya çevirmək istəyirlər; buna imkan verməyəcəyik!”; “Bildiklərimizin hamısını sizə desək, heyrətə gələrsiniz““
3-cü Qlobal Bakı Forumunun aprelin 29-da davam etdirilən müzakirələrində Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qərbə yönəlik sərt mesajları ilə diqqəti cəlb etdi.
Administrasiya rəsmisi öncə tədbirdə Azərbaycan tərəfdən çıxış edənlərin sayının az olmasını xatırladıb, əlavə vaxt verilməsini xahiş etdi və “kimin üçün maraqlı olmasa, iclası tərk edib gedə bilər” şəklində zala sərt xitab etdi. Ardınca Qərbin ikili standartlarından danışarkən xatırlatdı ki, vaxtilə universitetdə dərs dediyi zaman Azərbaycanın haqq səsinin eşidiləcəyinə, haqq-ədalətin bərpa ediləcəyinə inanırdı: “Ancaq sonradan biz yanıldığımızı gördük və inamımız sındı. Azərbaycanın 20 faiz ərazisi işğaldadır.
Bu gün bu münaqişə Minsk Qrupunun monopoliyasına verilib. Ancaq hamı bilir ki, bu qrup münaqişəni həll edə bilməz. İlk dövrlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe ortaya qoyulsa, münaqişə həll edilsəydi, ondan sonra Gürcüstan, Moldova və Ukrayna ilə bağlı problemlər bəlkə də yaranmazdı”.
“Əlbəttə, bizim nöqsanlarımız da çoxdur. Amma bu nöqsanlara bu cür yanaşmaq olmaz. Hər gün Azərbaycanı təzyiq altında saxlamaq iddiasını görürük. Nə üçün belə olmalıdır” - deyə, N.Məmmədov gileyini də bildirdi. Əlavə etdi ki, Azərbaycanda demokratiya ilə bağlı problem ola bilər: “Amma əgər Qərb səmimidirsə, nə üçün Azərbaycan ərazilərinin 25 ildən artıq işğal altında olması barədə bir mövqe ortaya qoymurlar. İnsan hüquqları pozulursa, başa düşürəm, bunu tənqid etmək lazımdır. Amma 25 ildir 1 milyon insanın haqqı pozulub, niyə bir dövlət başçısı ortaya prinsipial mövqe qoymur, Qərb bir kəlmə demir. Bu gün beynəlxalq aləmdə ən böyük böhran ədalət böhranıdır. Ədalət yoxdur. Bu vəziyyət nə Qərb üçün yaxşıdır, nə də bizim üçün”.
N.Məmmədov dedi ki, qədim yunanlarda olimpiada vaxtı düşmənçiliklər dayanardı: “Amma Azərbaycanda keçiriləcək Avropa Oyunları ərəfəsində bizə elə kütləvi hücum başlayıb ki, biz bunu təsəvvür edə bilmirik. Bəlkə olimpiada bitərdi, sonra başlayardılar. Biz bildiklərimizin hamısını sizə desək, heyrətə gələrsiniz”. PA rəsmisi 2012-ci ildə “Avrovizion” ərəfəsində də eyni basqıların olduğunu dedi: “Azərbaycan 24 illik müstəqilliyi dövründə Qərblə səmimi əməkdaşlıq edərək Qərbdən bunun əvəzində yeganə bir şey istədi: Azərbaycanın ərazi bütövlüyünün işğaldan azad olunmasında ədalətli mövqe. Amma biz bunu görmədik. Avropaya olan səmimi münasibətimiz tükənir. Sanki Azərbaycanı Liviya, Suriya dövlətinə çevirmək istəyirlər. Buna imkan verilməyəcək. Nə üçün Dağlıq Qarabağdan əlavə 7 rayon 24 ildir işğal altındadır? Bir dövlət bu məsələni qaldırmır. Niyə?!”
Maraqlısı budur ki, açıq müzakirələr şəraitində N.Məmmədovun etdiyi bu cür kəskin çıxışa Avropadan, Amerikadan gəlmiş iştirakçılardan heç kim münasibət bildirmək istəmədi.
E.PAŞASOY