Rusiyaya qarşı lal və kar siyasəti

30-04-2015, 08:42   
Rusiyaya qarşı lal və kar siyasəti

Qərbi «top»a tutanlar Rusiyaya «raqatka» ata bilmir
Baş verənləri müşahidə edəndə belə təəssürat yaranır ki, 2015-ci il hakimiyyətin ifşası ilidir. Düzdür, bütün dövrlərdə hakimiyyətin yalan siyasəti bumeranq effekti verib. Amma bu il bütün ifşalar ard-arda gəlir və bütün arqumentlər əriyir. Demokratik dünyanı və yerli tənqidçilərini “ermənipərəst” ittihamı ilə şərləyən hakimiyyət, indi “ermənipərəst”lər siyahısında öndə gedir. Əvvəlcə, Bakıya gələn ermənilərin “şot”unu vermək öhdəliyi götürdülər, ardınca erməni truppasını Bakıya dəvət etdilər, daha sonra milyonlar xərclədikləri Serbiya, Vatikan, Fransa qondarma erməni soyqırımını tanıdı, səcdə etdikləri Putin isə “soyqırım” abidəsini ziyarət etdi. Yəni məlum oldu ki, ermənipərəstlərə pul xərcləyən də, erməniyə qayğı göstərən də, ermənini himayə edənə təzim edən də bunlardı.
Bugünlərdə isə hakimiyyətin saxta vətənpərvərliyinə Ermənistan prezidenti daha ağır zərbə vurdu. Belə ki, Ermənistan prezidenti Sərkisyan “Pozner” proqramında bildirib ki, zərurət yaransa, Rusiya Ermənistana hərbi yardım göstərəcək: “Biz Vladimir Vladimiroviçlə bu mövzunu çox müzakirə etmişik, biz danışmaya bilməzdik: məsələ belədir ki, bu gün müttəfiqlərimizin, ilk növbədə Rusiyanın sayəsində həqiqətən döyüş qabiliyyətili ordumuz var, bundan ötrü çoxlu vəsait lazımdır. Ermənistanın isə bu vəsaiti yoxdur. Bu o deməkdir ki, Rusiya Ermənistana hərbi-texniki yardım göstərib və göstərir”- deyə Sərkisyan bildirib.
Bəli, Sarkisyan açıq şəkildə ifadə edib ki, Ermənistanı ayaqda saxlayan Rusiyadır. Hakimiyyət isə gecə-gündüz dünyada “ermənipərəst” axtarır. Saxta vətənpərvərlər Avropa Parlamentini, ABŞ-ı erməni lobbisinə xidmət etməkdə suçlayırlar, rejim qəzetləri Qərbi “top” atəşinə tutur, hakimiyyət təmsilçiləri ölkənin vicdanlı insalarını “erməni” kartı ilə damğalayır. Amma Rusiyaya “mıkk” səsləri çıxmır. Ən böyük ermənipərəstin qucağında oturub, ölkə vətəndaşına hörmət tələb edənləri “ermənipərəst” adlandırmaq, həyasızlığın analoqsuz formasıdır.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan hakimiyyəti Britaniyaya hədə-qorxu gəlmişdi və Ermənistan ordusunda Britaniyaya məxsus silahların olmasını tənqid etmişdi. Indi isə Sərkisyan deyir ki, Ermənistanın bütün silahını, pulunu Rusiya verir. Amma Azərbaycan hakimiyyəti Ermənistan ordusunda Rusiyaya məxsus silahları görmək istəmir. Bunların milli təəssübkeşliyi, vətənpərvərlik hissləri şimala doğru çevriləndə donur. Daha doğrusu, hakimiyyət Azərbaycanın bütün maraqlarını, vətəndaşın taleyini, ölkənin sərvətlərini Rusiyaya güzəştə gedib. Sanki hakimiyyət Ermənistanı həqiqətən dəsətəkləyən ölkələri qorumaqla məşğuldu. Rusiya “erməni soyqırımı”nı 1995-ci ildə, Vatikan 2000-ci illərdə tanıyıb. Amma Azərbaycan hakimiyyətinin səxavət kisəsi bu ölkələrin ayağı altına atılıb.
Bir balaca utanmaq hissi olan adam bu qədər ifşanın qarşısında susardı. Görünür, Azərbaycan hakimiyyəti utanmaq hissini əməliyyat edərək götürüb. Ona görə də utanmazlığın analoqsuz nümunələrini yaradıblar.
Vəziyyət o həddə çatdı ki, Sərkisyan dilə gəlib, ən böyük ermənipərəstin kim olduğunu etiraf etdi. Indi növbə sizindir, cənab yaptokratlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar