Ötən ilin sentyabrın 27-də saat 18 radələrində Xəzər rayonunda “Mercedes” markalı avtomobil Əhliman Qəhrəmanovun idarə etdiyi yük maşını ilə toqquşub. Hadisə zamanı “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev dünyasını dəyişib. Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli və sürücüsü Pərvin Fətullayev yaralanıb. Onların hər üçün xəstəxanaya yerləşdirilsə də, yalnız Sənan Mirzəyev ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Hazırda bu iş üzrə davam edən məhkəmə prosesində Maqsud Mirzəyev qəzada digər zərərçəkən tərəfi ittiham edir və hesab edir ki, hadisənin baş verməsində, oğlunun həyatını itirməsində İlham Əsgərli günahkardır. Mətbuatda da onun atası Asif Əsgərovu ittiham etməkdə davam edir.
Vəkil Bəylər Məmişov Modern.az saytına açıqlamasında bildirib ki, aprelin 24-də keçirilən sonuncu prosesdən sonra məhkəmə işi əlavə olaraq ekspertizaya göndərilib:
“Hazırda iş ekspertizadadır. Cavab gəldikdən sonra növbəti prosesin tarixi bilinəcək. Bu hadisədən əvvəl həm İlham Əsgərli, həm də Sənan Mirzəyev yaxın dost olublar. İlham Əsgərlinin idarə etdiyi maşın yolun kənarında dayanmış kimisə vurmayıb, yaxud qarşıdan gələn avtomobilin qarşısına çıxmayıb ki, qarşıdakı maşında kimisə vursun. Ona görə biz İlham Əsgərlinin niyə bu hadisəni törətdiyini demirik. Bu elə bir hadisədir ki, İlham Əsgərli və onun yaxın dostu bir avtomobildə olub. Bu hadisə zamanı İlham da ölə bilərdi. Onda belə çıxır ki, o zaman o da qarşı tərəfə düşmən mövqeyi tutmalı idi?
Bu məsələlərdə anlaşılmazlıqlar var. Ola bilər ki, zərərçəkən tərəfə də müəyyən məsələləri düzgün çatdırmayıblar. Hadisələrin və məhkəmənin gedişi onu göstərdi ki, burada heç də mərhuma qarşı bir qəsdən törədilən əməl, onun pisliyini istəyən bir şəxs olmayıb.
Zərərçəkən tərəfin əsas arqumenti ondan ibarət idi ki, niyə bizim oğlumuzu vaxtında tibbi yardım göstərilməyib. Amma İlham Əsgərli Türkiyəyə aparılıb. Sənədlər elan olunanda məlum oldu ki, Sənan Mirzəyev hadisə baş verən gün saat 18:25-də, İlham Əsgərli isə 20:30-da xəstəxanaya çatdırılıb. Təsəvvür edin ki, onların xəstəxanaya çatdırılmasında 2 saat fərq var.
O, sentyabrın 27-dən 30-na kimi Kliniki Tibbi Mərkəzdə koma vəziyyətində olub. Sonradan ailə üzvləri buradakı müalicənin heç bir effektinin olmadığını gördükdən sonra onu Türkiyəyə aparıblar.
Sənan isə xəstəxanaya daxil olduqdan haradasa 30-40 dəqiqə sonra vəfat edib. Onun ölməsini heç kim istəməzdi . Hadisə baş verən gün İlhamın əmisi və digər yaxın qohumları Sənanın aparıldığı xəstəxanaya gediblər. Onun yaşaması üçün əllərindən gələni ediblər. Amma onun həyatını xilas etmək mümkün olmayıb”.
Vəkil əlavə edib ki, hadisə zamanı yaralanan hər iki şəxs məhkəmədə ifadə verib:
“İlham özünü bu hadisədə təqsirli bilmir. Çünki yük avtomobili manevr qaydalarını pozaraq onun qarşısına qəflətən çıxdığı üçün bu hadisə baş verib. Yük maşınının sürücüsü Əhliman Süleymanov isə təqsirləndirilən şəxs qismində məhkəməyə təqdim olunub. Çünki istintaqın gedişində ekspertiza keçiriləndən sonra onun günahı müəyyən olunub”.
Sevinc Yasinqızı