Saray bələdiyyəsinin xanım sədri qoçu dəstəsi saxlayır- ŞOK İDDİA

30-04-2015, 21:50   
Saray bələdiyyəsinin xanım sədri qoçu dəstəsi saxlayır- ŞOK İDDİA



Saray qəsəbəsi bələdiyyəsinin sədrinin qanunsuz əməllərindən Moderator.az-a dəhşət dolu şikayət məktubu daxil olub. Məktubda şikayətçi Fikrət Məmmədov prezident İlham Əliyevdən kömək istəyir:

“Cənab prezident!

Sizin keçən müşavirələrin birində xüsusi qeyd etdiyiniz torpaqların üzərində yerli bələdiyyələrin həyata keçirdikləri qanunsuz əməlləri tapmaq üçün uzağa getmək lazım deyil. Abşeron rayon Saray bələdiyyəsinin sədri Vəsilə xanımın fəaliyyətini yoxlamaq kifayətdir ki, bələdiyyələrin vətəndaşların başına hansı oyunları açdıqlarını faktlarla müəyyənləşdirmək mümkün olsun.
Vəsilə xanım uzun illərdir Saray bələdiyyəsi sədrinin müavini, indi də sədri seçilib. Xanım sədr torpaqları bölüşdürməkdə və satmaqda xüsusi mütəxəssisdir. Vəsilə xanım bu xüsusi qabiliyyəti sayəsində bu yaxınlarda Saray kəndində, “Şamlıq” deyilən ərazidə Abşeron rayonu İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin əməkdaşı Elgiz Fərəcovla əlbir olaraq əhaliyə paylanan 2 hektar pay torpağını öz sürücüsü Ziyadxanın adına sərəncam verərərək saxta yolla özəlləşdirdikdən sonra Elgizin yaxın dostları olan Vüqar və Fədail Hüseynov qardaşlarının əli ilə satışa çıxarıb.
“İşgüzar” sədrin fəaliyyəti bununla bitmir. Xanım bələdiyyə sədri Elgiz Fərəcovla Hüseynov qardaşlarının əliylə qanunsuz silahlı dəstə saxlaması isə dəhşət doğurur. Bu dəstə kənd ərazisini gəzərək xoşlarına gələn torpaq sahələrinin sahiblərinə hədə-qorxu gəlməklə dəyərindən iki-üç dəfə aşağı qiymətə alırlar. Xanım sədr həmin torpaqları Elgizlə birlikdə saxta yolla sənədləşdirərək yenidən baha qiymətə satışa çıxarırlar. Nəticədə xanım sədr Saray qəsəbəsi ərazisində bir qarış da olsa boş torpaq qoymayıb. Xanım sədrin xeyir-duasıyla Elgiz və onun dostları Vüqar və Fədayıl qardaşları kənd ərazisində yerləşən “Üç qardaş” marketinin yanında bir hektardan artıq torpağı da zəbt edərək heç bir sənəd olmadan fərdi yaşayış evləri tikməklə ayrı-ayrı adamlara satır. Bundan əlavə Elgizlə Vüqar Saray ərazisindən keçən beton kanalı torpaqla dolduraraq satışa çıxarıb.

Cənab prezident!

Yuxarıda adlarını qeyd etdiyim insanların çirkin əməllərindən 20 aprel 2015-ci ildə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdiyimizə görə 25 aprel tarixində Xırdalan şəhərində həmin qoçu dəstəsinin üzvləri Vüqar, Fədail və Nuru qardaşlarının başçılığı altında 8-9 nəfərlik dəstənin hücumuna məruz qaldıq. Onlar qəflətən mənim və yanımda olan bacımoğlunun, qardaşımoğlunun üzərinə hücum edərək bizi hədələdilər, üstümüzə bıçaq çəkərək ölümlə hədələdilər. Tələbləri də bu olub ki, adıçəkilən quruma etdiyimiz şikayəti geri götürməsək bizi ailəlikcə məhv edəcəklər. Xoşbəxtlikdən yaxınlıqda olan insanların köməkliyi ilə həmin quldur dəstəsinin əlindən qaçıb canımızı qurtara bildik. Bu barədə DİN-in 102 xidmətinə zəng etdik. Amma hələ də cinayətkarlar azadlıqda gəzərək bizi hədələməkdə davam edirlər.

Möhtərəm prezident!

Sizdən xahiş edirik ki, bu cür harınlamış məmurların saxladıqları qoçu dəstəsinin qəzəbindən bizim ailəni və Saray qəsəbə sakinlərini xilas edəsiniz”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar