Maqnitski aktı Azərbaycan məmurlarına da tətbiq oluna bilər

1-05-2015, 08:32   
Maqnitski aktı Azərbaycan məmurlarına da tətbiq oluna bilər

«Freedom House» təşkilatının vitse-prezidenti ABŞ Konqresinə müraciət etdi

ABŞ qanunvericiləri Maqnitski aktının genişləndirilməsi üzərində işləyirlər. Məqsəd onun yalnız Rusiyaya deyil, başqa ölkələrə də şamil edilməsidir. Yeni qanun layihəsinin müəllifləri Azərbaycan da daxil olmaqla, bütün dünyadakı korrupsiyaya bulaşmış, insan haqları sahəsində pozuntulara yol verən məmurları “özlərinə hesabat verməyə, insan hüquqlarının pozulmasına son qoymağa” çağırırlar.
“Maqnitski aktı heç zaman Rusiyaya qarşı olmayıb, o, ”pis oğlanlara" qarşı olub və qlobal xarakter daşıyır", - qanun layihəsinin həmmüəllifi, konqresmen Cim Makqovern bildirib.
Aprelin 29-da Vaşinqtonda Turan-ın müxbirilə söhbətində Makqovern deyib ki, yeni qanun layihəsi üzrə cari debatlar onu göstərir ki, ABŞ və digər ölkələr insan haqlarını öz xarici siyasətlərinin mərkəzi hissəsi hesab edirlər.
“Insan hüquqlarını pozanlar nəzərə almalıdırlar ki, onların hərəkəti diqqətdən kənarda qalmayacaq”, - deyə o əlavə edib.
Maqnitski qanunu ilə 2012-ci ildən insan hüquqlarını pozanların ABŞ-a girişi qadağan edilib və maliyyə vəsaitləri dondurulub. Hazırda siyahıda 38 nəfər var ki, onlara qarşı bu sanksiyalar tətbiq edilib.
Onların arasında ilk növbədə moskvalı vəkil Sergey Maqnitskinin qanunsuz həbsində, ona işgəncə verilməsində və həbsxanada ölümündə günahkar olanlar durur.
Qanunun genişləndirilməsi bu sanksiyaların bütün ölkələrə şamil edilməsini nəzərdə tutur.
Eyni zamanda korrupsiyanın cinayətlər siyahısına daxil edilməsi namizədlərin bu qara siyahıya daxil edilməsini genişləndirəcək. “Azərbaycanlı məmurlar da Qlobal Maqnitski qanununun təsirinə düşə bilərmi?” sualının cavabında Makqovern deyib ki, qanun bütün dünyada insan hüquqlarını pozanlara, korrupsioner məmurlara yönələcək, onlar məsuliyyətə cəlb olunacaqlar.
Öz növbəsində Freedom House təşkilatının vitse-prezidenti Daniel Kalinqaert Konqresin Xarici Məsələlər Komitəsinə müraciət edərək Maqnitski Aktının genişləndirilməsinə çağırıb. “Dünyada Sergey Maqnitski kimi ədalət və azadlıq haqqında danışmağa cəsarət etdiyinə görə təzyiqlərin qurbanı olan adamlar çoxdur” deyən Kalinqaert belə şəxslərin sırasında Rəsul Cəfərovun və Xədicə Ismayılovanın adlarını çəkib.
Rəsul Cəfərov Azərbaycan hökumətinin insan hüquqlarını pozduğunu ifşa etdiyinə görə 6,5 il müddətinə azadlıqdan məhrum edilib.
Xədicə Ismayılova prezident ailəsinin korrupsiya əməllərini araşdırdığına və dərcinə görə həbsə alınıb.
Konqresdəki mənbələr Turan-ın müxbirinə bildiriblər ki, Xədicə Ismayılovanın və digər fəalların həbsi Vaşinqtonda çoxları tərəfindən geniş müzakirə olunur. Bu cür faktlar yalnız belə fikir yaradır ki, azərbaycanlı məmurlara qarşı sanksiyalar tətbiq olunmalıdır.
“Azərbaycan hökuməti sözsüz ki, Konqresdə çoxsaylı lobbiçilər axtarır və yaxşı münasibətlər qurur ki, onlar insan haqlarının pozulmasına göz yumsunlar.
Lakin getdikcə bunu etmək çətinləşir, bütün bu pozuntuları gizlətmək çətindir, çünki əslində nələrin baş verdiyini daha çox insan başa düşür. Bu mənada Ramiz Mehdiyevin məlum məqaləsi və digər addımları göstərmək olar", - deyə konqresdə adının çəkilməsini istəməyən mənbə bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar