Ərəstun Oruclu: «Bütün bu prosesin gedişatında oliqarxın, onun ailə üzvlərinin, yaxınlarının davranışı və reaksiyası diqqətlə izlənilir və bundan asılı olaraq, onun gələcək yeri və statusu barədə qərar qəbul olunur»
«Nəhayət, vurulmaq növbəsində oliqarxlardır və bu da gözlənilən idi. Ona görə ki, əlində iqtisadi və digər şəbəkəsi, külli miqdarda sərvəti, xarici ölkələrin siyasi və iqtisadi dairələrilə bağlılığı və yüksək dövlət postu olan şəxslər böhran dövründə ilk növbədə hakimiyyətin özü üçün ən ciddi təhlükə mənbəyinə çevrilə bilər». JAM.AZ xəbər verir ki, bu fikirləri tanınmış politoloq Ərəstun Oruclu Facebookdakı səhifəsində paylaşıb.
O baş verməsi gözlənilən olayın səbəblərini də açıqlayıb. «Bu səbəbdən də normal hüquqi və siyasi sistemə malik olmayan ölkələrdə hakimiyyət bəzən hətta iqtisadi böhranı bəhanə edərək, öz yetişdirdiyi oliqarxları sıradan çıxarır. Sxem isə olduqca sadədir: ilkin mərhələdə rəsmi və qeyri - rəsmi yığımları artırmaqla iqtisadi şəbəkə zəiflədilir. Arxasınca siyasi təsir dairəsi və nəzarətində olan inzibati resurslar məhdudlaşdırılır. Bu mərhələdə paralel olaraq həm də oliqarxın komandasına daxil olan kadrların dairəsi daraldılır. Sonda nəzarətində olan monopoliya sahələri əlindən alınır. Bütün bu prosesin gedişatında oliqarxın, onun ailə üzvlərinin, yaxınlarının davranışı və reaksiyası diqqətlə izlənilir və bundan asılı olaraq, onun gələcək yeri və statusu barədə qərar qəbul olunur: burada isə seçim imkanları kifayət qədərdir - mühacirətdən tutmuş həbsxanayadək».