Öz iş yoldaşı tərəfindən qətlə yetirildiyi deyilən İmişli Polis Şöbəsinin əməkdaşı Muxtar Kazımovun anası cinayətin digər iştirakçılarının istintaqdan kənarda qaldığını ehtimal edir; “Ravil İbayevə kömək edənlər olub”
Bakıda qətlə yetirilərək yandırılan İmişli Rayon Polis Şöbəsinin əməkdaşı 1988-ci il təvəllüdlü Muxtar Nəcəf oğlu Kazımovun yaxınları “Yeni Müsavat”a danışıb. Onlar deyir ki, M.Kazımovu iş yoldaşı Ravil Nuruş oğlu İbayev öldürüb. Həmçinin iddia edirlər ki, o, cinayəti tək törətməyib. Mərhum polis əməkdaşının anası Tahirə Kazımova R.İbayevin cinayəti törətmək üçün əvvəlcədən hazırlaşdığını deyir:
“Özü də etiraf edir ki, əvvəldən bıçaq, sellofan və idman çantası alıb. Bunları ona görə alıb ki, oğlumu öldürsün və sonra sellofana büküb çantaya qoyub aparıb gizlətsin. Yalandan deyir ki, guya oğlumu tamah məqsədi ilə öldürüb. Buna inanmıram. Ona görə ki, Ravilin atası Nuruşun milyonları var. Onun bir neçə daş karxanası, çoxlu yük daşıyan ”KamAZ"ları və başqa obyektləri var. Oğlunu Polis Akademiyasına qoydurub. Bakıda 4-5 yerdə evləri, oğlunun, özünün, qızlarının hər birinin maşınları var. Belə bir adamın oğlu hansısa 15 min manata görə belə amansız qətl törətməz. Bu işin altında başqa məqamlar var. O, cinayəti kimlərləsə məsləhətləşərək törədib".
Yada salaq ki, Muxtar Kazımovla Ravil İbayev hər ikisi İmişli Rayon Polis Şöbəsinin əməkdaşları olub. Onlar Bakıya qiyabi təhsil aldıqları Polis Akademiyasında keçirilən imtahan sessiyasına gəliblər. Sessiya günlərində M.Kazımov Xətai rayonundakı özünə məxsus mənzildə, R.İbayev isə həmin rayonun ərazisində kirayələdiyi mənzildə yaşayıb.
“Qardaşım Xudu Məmmədov küçəsi ev 14-də ailəsi ilə yaşayırdı. 2011-ci il aprelin 17-də ailə qurmuşdu, 2015-ci il aprelin 17-də öldürüldü. 1 övladı var, biri də olacaq. Biz onun uşaqlarına nə deyəcəyik?” - deyən M.Kazımovun bacısı Əfsanə Məmmədli söhbətə qoşulur. Onun sözlərinə görə, R.İbayev bildiklərini gizlədir, istintaqı azdırmağa çalışır: “Ravil ”Nargilə" kafesinin yaxınlığındakı yaşayış binasında qalırdı. Bir gün qardaşımın maşını ilə, bir gün də Ravilin maşını ilə akademiyaya gedirdilər. Ravil də qardaşım kimi polisdə sürücü idi. Hər ikisi 1-ci kurs tələbəsi idi.
Aprelin 16-da o, qardaşıma 4 dəfə zəng edib soruşub ki, səhər akademiyaya gedəcəkmi. Bunu kimlərinsə diqtəsi ilə dəqiqləşdirib. O, cinayəti əvvəlcədən kimlərləsə planlaşdırıb. Hadisə olan gün səhər qardaşımı gəlib evin yanından götürüb və Polis Akademiyasına imtahana gediblər. Geri qayıdanda əmim oğlu Pəsərək ona zəng edib. Qardaşım əvvəlcə Pəsərəkə deyib ki, Ravilləyəm, evə tərəf gəlirik. Təxminən 20 dəqiqəyə yaxın danışıblar. Qardaşım Pəsərəkə söhbət əsnasında deyib ki, Ravil maşını bərk sürür, harasa gedirik. Evin yanında saxlamadı. Ravil tutulandan sonra deyib ki, qardaşımdan yolda soruşub ki, maşın almaq üçün pulu götürmüsən. Qardaşımın təsdiq cavabından sonra onu aldadıb ki, gedək satışda olan maşınlara baxaq.
Necə olubsa qardaşımı kirayələdiyi evə qalxmağa razı salıb. Ravil müstəntiqə deyib ki, Muxtar içəri keçəndən sonra nədənsə şübhələndi, geri qayıdıb qaçmaq istədi. İfadəsində bildirib ki, onu boynundan, ürəyindən və qabırğasından bıçaqla vurub. Yerə yıxılandan sonra Muxtar Ravilə deyib ki, pulları götür, məni xəstəxanaya çatdır. Ravil pulları götürüb, amma qardaşımı xəstəxanaya çatdırmayıb. Paltarlarındakı qanı yuyub, ütüləyib və qardaşımın meyitini əvvəlcədən aldığı idman çantasına yerləşdirmək istəyib. Görüb ki, alınmır. Evdən çıxıb, yaxınlıqdakı “moyka”ya gedib.
Orda işləyən bir yeniyetmə oğlana deyib ki, ona bir iri sandıq tapsın. Sandığa evdəki maşın ehtiyat hissələrini yığacaq. Həmin maşın yuyan da onunla qaçqınların yaşadığı yerə gedib, onlardan 5 manata sandıq tapıb. Sandığı götürüb və deyib pulunu verəcək. Maşın yuyanın köməkliyi ilə sandığı evinin qapısına qədər gətirib. Ona deyib ki, evdə arvad-uşaq var, get, sandığa maşın “zapçast”larını yığıb səni çağıracağam. Qardaşımı sandığa qoyub, gedib yük daşıyan dostundan “Ford” markalı maşını alıb. Ona deyib ki, evdən bəzi yükləri daşıyacaq. O da heç bir sənəd-sübutsuz maşını Ravilə verib. Ravil maşın yuyanın köməyi ilə qardaşımın meyiti olan sandığı 8-ci mərtəbədən endirib və Hövsana aparıb orada üstünə benzin tökərək yandırıb".
Ə.Məmmədlinin sözlərinə görə, R.İbayevin istintaqdan gizlətdiyi məqamların olmasından şübhələnirlər: “Qardaşım yoxa çıxandan sonra biz onun axtarışlarına başladıq. Muxtar çox intizamlı idi. Ailəsini çox istəyirdi. İmişlidə olanda hər imkan düşəndə evə gəlib dəyirdi. Hara getsə idi, ailəsinin xəbəri olurdu. Belə bir halda onun bir neçə saat telefona cavab verməməsi hamımızı çaşdırmışdı. Muxtarın başında bir qəzanın olmasından şübhələnirdik. Hamımız ilk olaraq onu Ravildən soruşduq. O isə hamıya deyirdi ki, Muxtarı evin 200 metrliyində olan parkın başında maşından düşürüb. Anam gecə saat 4-də Ravilin evinə gedib, yuxudan qaldırıb, ona da deyib ki, Muxtarı orada maşından düşürüb. Muxtarın həyat yoldaşı ona dəfələrlə zəng vurmuşdu, sonra da sms yazıb ki, Muxtar, haradasan, səni hamımız axtarırıq.
Bundan sonra onun telefonu söndürülüb. Biz Xətai Rayon Polis İdarəsində olanda oradan Ravilə zəng eləyib çağırdılar. Ravil ora elə sərbəst şəkildə gəldi ki..."
Əfsanə Məmmədli bildirir ki, R.İbayev sona qədər cinayəti gizlətməyə çalışıb: “Deyirdi ki, Muxtarı maşından parkın başında düşürüb, çıxıb gedib. Amma ərazidəki nəzarət kameralarının görüntüləri ilə onun dedikləri üst-üstə düşmürdü. Ravil bölməyə girəndə atamla, qardaşlarımla, əmimlə elə görüşürdü ki, sanki heç nə baş verməyib. Bizdən soruşurdu ki, Muxtarı tapmadız? O, özünü çox arxayın aparır. İşin üstü açılandan sonra gah dedi ki, Muxtar anama, bacıma sataşıb. Sonra dedi ki, yalan danışıram, onu pula görə öldürmüşəm. Bu adam düz söz danışmır. Onun altında 25 minlik maşını var. Qardaşımı pula görə niyə öldürməli idi? Atasının imkanı var. Çaxırlı kəndində 3 mərtəbəli villaları var. Atası Ravilə görə 80 min manat pul xərcləyib. Təhsil almasına pul verib. O, tutulandan sonra deyib ki, qayıdıb akademiyada oxuya biləcəyəm? Ona söz veriblər ki, Muxtarı öldür, heç nəyini itirməyəcəksən. Ravilin qardaşımı pula görə öldürməsinə inanmırıq. Biz ümumilikdə istintaqın gedişindən narazı deyilik. Düşünürük ki, Ravilin qardaşımı öldürməsinin əsl motivi üzə çıxarılmalıdır. Onun gizlətdiyi məqamlar var”.
Mərhum polis əməkdaşının anası deyir ki, R.İbayev cinayəti törədəndə evdə tək olmayıb: “Müstəntiqə deyib ki, Muxtar evə girdi və geri qayıtmaq istədi, onu vurdum. Muxtar evdə kimi görüb qayıtmaq istəyib? Mənim oğlumun 95 kiloqram çəkisi vardı, Ravil isə 50 kilodur. Onu tək vura bilməzdi. Onun yanında adamlar olub”.
T.Kazımova deyib ki, oğlu öldürülən gün Hövsanda dəniz kənarında ağ rəngli “Ford”la 3 şəxs o yan, bu yana gedib gəliblər: “Orada həmin adamları bir uşaq görüb. Ona deyiblər ki, çıx get. Ola bilər ki, həmin adamlar Ravillə birlikdə oğlumu öldürən şəxslər olub. Əraziyə baxıblar, sonra da oğlumun meyitini ora gətirib yandırıblar. Bu, tək adamın işi deyil”.
T.Kazımova R.İbayevin psixi problemlərinin olmadığını da deyib: “Mətbuatda yazırlar ki, Ravildə psixi problemlər olub. Onda heç bir problem yoxdur. Polisdə hər 6 aydan bir yoxlama olur. Əgər dəli idisə, polisdə necə işləyə, Polis Akademiyasında necə oxuya bilərdi?”
Qeyd edək ki, M.Kazımov yoxa çıxandan sonra yaxınları onun axtarışlarına başlayıblar. Sonradan axtarışlara onların məlumatı əsasında polis də qoşulub. Polisin ilk dindirdiyi şəxs M.Kazımovun iş yoldaşı Ravil İbayev olub. O isə M.Kazımovun harada olması barədə heç nə bilmədiyini deyib. Halbuki M.Kazımov elə İbayev tərəfindən öldürülübmüş. İbayev törətdiyi cinayətin üstünün açılacağından qorxaraq Kazımovun meyitini dəniz kənarına aparıb və izi itirmək üçün onu yandırıb.
R.İbayev M.Kazımovun az əvvəl şəxsi avtomobilini satması haqda məlumatlı olub. Maşının pulu da R.İbayev tərəfindən oğurlanıb. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
E.MƏMMƏDƏLİYEV