Oliqarxların şəhər nəqliyyatına nəzarət savaşı qızışdı; Hacıbala Abutalıbovun “Baku Bus”u nəqliyyat nazirinin şirkətlərinin inhisarçılığına son qoyub; “Transqeyt”in bağlanan marşrutlarında çalışan sürücülər narazıdırlar; Nəqliyyat Nazirliyi çoxdan konfliktdə olduğu Kəbirə Məmmədovanın marşrutlarının şəhərə girişini yasaqladı
Avropa Oyunları ilə bağlı şəhər nəqliyyatında dəyişikliklər oliqarxlar arasında əsl savaşa çevrilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsus “Transqeyt” özəl şirkətini şəhər nəqliyyatından tam sıxışdırıb çıxarmağa başlayıb. Məlumdur ki, ötən ilin aprelində Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində payları dövlətə məxsus “Baku Bus” MMC yaradılıb.
“Baku Bus” MMC-nin nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və sərnişin daşınması üzrə avtobusların alınması məqsədilə cəmiyyətə 2014-cü ilin dövlət büdcəsindən 30 milyon manat ayrıldı. Hələ o zaman da bu qərar paytaxtda sərnişindaşıma sahəsinin Nəqliyyat Nazirliyindən alınaraq meriyaya verilməsi və Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin artıq sıradan çıxarılması kimi qiymətləndirilirdi. Nəqliyyat Nazirliyi isə yayılan xəbərlərə acıqlı reaksiya verərək “”Baku Bus" da bizimdir" kimi açıqlama vermişdi.
Amma Bakı Şəhər İcra Hakimiyyəti də borclu qalmadı. Abutalıbovun rəhbərlik etdiyi qurumdan bildirildi ki, prezidentin göstərişi ilə yaradılan və Avropa Oyunlarında modern avtobusların Bakıya gətirilməsi məhz “Baku Bus”a həvalə edilib və MMC paytaxtda özəl daşıyıcılarla, yəni bu sahədə inhisarçı olan Ziya Məmmədovun şirkətləri ilə rəqabət aparacaq.
Az sonra Avropa Oyunları ərəfəsi paytaxta gətirilən avtobusların istehsalçısı “Iveco Bus” şirkəti ilə Nəqliyyat Nazirliyi deyil, məhz Bakı Şəhər İcra Hakimiyyəti arasında müqavilə imzalanması da sübut etdi ki, Ziya Məmmədovun şəhər nəqliyyatından milyonlar qazandıran inhisarçı mövqeyinə son qoyulur. Bu ilin fevralında prezidentin şəxsən iştirakı ilə “Baku Bus”un paytaxta gətirdiyi avtobuslara baxış oldu. 200 ədəd iritutumlu avtobusun gətirildiyi “Baku Bus” MMC artıq aprel ayında tam fəaliyyətə başlayıb. Bir neçə gün ərzində də “Transqeyt”də daxil, Ziya Məmmədova yaxın şirkətlərin onlarla avtobusları ya köhnə adı ilə xətdən çıxarılıb, ya da birdəfəlik bağlanıb.
Məlumatlara görə, nazir və yaxın ətrafı bu prosesdən artıq bir neçə milyon zərərə düşüb. “Transqeyt”in bağlanan marşrutlarında çalışan sürücülər də çox narazıdırlar. Onlar deyirlər ki, rəhbərlik əvvəldən bilib ki, köhnəlmiş və üçqapılı marşrutlar yığışdırılacaq, amma bunu sürücülərdən gizlədiblər. Məlumata görə, Z.Məmmədovun adamları işsiz qalan sürücülərə “Avropa Oyunlarından sonranı” gözləməyi məsləhət biliblər. Aydındır ki, “Baku Bus” şəhər nəqliyyatında möhkəmlənən mövqeyini yenidən nazirin şirkətlərinə vermək niyyətində olmayacaq və bu məsələdə prezidentin də Abutalıbova dəstəyi var.
Qeyd edək ki, Ziya Məmmədovla Hacıbala Abutalıbov arasında münasibətlər heç də yaxşı deyil. Bakı meri bir neçə sahədə-küçələrin asfaltlanmasından tutmuş pullu dayanacaqlaradək (parkomatlar) Nəqliyyat Nazirliyinin boğazına “şərikdir”. İki qurum arasında şəhər infrastrukturuna ayrılan böyük pullar uğrunda daima mübarizə gedib. İndi görünən budur ki, nəqliyyat nazirinin hakimiyyətdəki mövqelərinin zəiflədilməsindən istifadə edən Abutalıbov ona daha bir gəlirli sahədə ciddi rəqib kimi ortaya çıxıb.
Ziya Məmmədov da Avropa Oyunları ilə bağlı yaranmış fürsətdən istifadə edərək, onunla çoxdandır ki, ciddi konfliktdə olan “Binə”nin sahibi Kəbirə Məmmədova ilə “haqq-hesab” çəkir. Bir neçə ay əvvəl Kəbirə Məmmədovanın göstərişi ilə “Transqeyt” şirkətinin avtobuslarının “Binə”yə girişinə qadağa qoyulub. Nazirə məxsus “M-Trans” nəqliyyat şirkətinin dispetçer məntəqəsi isə kran vasitəsilə bazarın içərisindən götürülərək Lökbatan dairəsində yol kənarına atılıb. Nəqliyyat Nazirliyi ilə danışıqlardan sonra “Binə” rəhbəri deyib ki, hər bir avtobusun bazara girib-çıxmasına görə 1 manat alınacaq.
Xatırladaq ki, K.Məmmədova uzun müddətdir ki, bazardan şəhərə işləyən marşrut xətlərinə də Z.Məmmədovun şirkətlərini buraxmır və bu xəttdə biznesmen xanıma məxsus avtobuslar işləyir. Amma mayın 4-də Z.Məmmədov da “Binə” sahibinin 193 saylı marşrutunun şəhərin girişinə qadağa qoyub. Mayın 7-də isə K.Məmmədovanın daha bir marşrutu -207 saylı avtobusların da şəhərə girişi yasaqlanıb. 207 saylı avtobusun marşrutu uzadılıb və ticarət mərkəzinə gedib-gəlmək xeyli çətinləşib. Məlumatlara görə, Avropa Oyunlarından sonra paytaxtın nəqliyyat sahəsində daha ciddi yoxlamalar və islahatlar aparılacaq. Mümkündür ki, Avropa Oyunlarından sonra Z.Məmmədov da vəzifəsi ilə nəhayət ki, vidalaşmalı olacaq.
“Yeni Müsavat”