Əhali Avropa Oyunlarından nələri itirəcək

12-05-2015, 09:21   
Əhali Avropa Oyunlarından nələri itirəcək

Oyunlara görə tətbiq edilmiş qadağalar sadə vətəndaşı müflis edir

Hakimiyyət bütün uğursuzluqları Avropa Oyunlarının arxasına sığınaraq gizlətmək istəyir. Hər gün telekanallar, rejim mətbuatı böyük həvəslə Avropa Oyunlarını təbliğ edir, oyunlara neçə gün qalması haqqında məlumat verilir. Sanki 30 gündən sonra büdcəmiz artacaq, Qarabağ geri qayıdacaq, maaşlar yüksələcək, qeyri-neft sektoru inkişaf edəcək, təhsil, səhiyyə çiçəklənəcək və s. Əslində isə Avropa Oyunları dövlət və millət üçün yalnız uğursuzluq gətirəcək.
Dəfələrlə yazmışıq ki, Avropa Oyunları maddi baxımdan ölkəyə heç bir uğur gətirməyəcək. Əksinə, bütün turistlərin hesabını Azərbaycan tərəfi ödəyəcək. Ölkənin imici baxımından da bu oyunlar fürsət kimi dəyərləndirilmədi. Əksinə, bütün dünya Azərbaycandakı siyasi məhbuslardan, korrupsiyadan, avtoritar idarəetmədən xəbərdar oldu. Hətta Avropa Oyunlarına gələcək heyətlərə çağırış da edildi ki, Azərbaycana getməsilnər. Bunu hakimiyyət də etiraf etdi və ölkə başçısı səviyyəsində bildirildi ki, dünyada Azərbaycana qarşı kampaniya başlayıb. Azərbaycan hakimiyyətindən siyasi məhbuslara azadlıq tələb olunur. Hakimiyyət isə öz qanunsuz əməllərini davam etdirir. Bir sözlə, ölkənin təbliğatı baxımından da Avropa Oyunları uğur gətirmədi. Deməli, 8 milyarddan artıq vəsait mənasız yerə xərcləndi, bir qrup adamın büdcədən milyonlar silməsinə xidmət etdi. Şəffaf bir mənzərə yaranıb və heç bir sadə vətəndaş “bu oyunlar mənə uğur gətirdi” deyə bilməz.
Bəs, Avropa Oyunları ölkə vətəndaşına fərd olaraq hansı zərəri vurdu? Avropa Oyunlarına görə xeyli ailənin qazancına zərbə dəyəcək.
Deməli, oyunlar zamanı şadlıq saraylarının fəaliyyəti dayandırılacaq. Ola bilər ki, bundan şadlıq sarayının sahibləri o qədər də məyus olmasınlar. Amma bu şadlıq saraylarında ofisantdan tutmuş, aşpaza qədər 1000-lərlə insan çalışır və onların gündəlik dolanışığı toylardan asılıdır.
Avropa Oyunları zamanı iri yük maşınlarının şəhərə giriş-çıxışı qadağan edilcək. Deməli, yükdaşıma xidməti də dayandırılacaq və bu işlə məşğul olan 100-lərlə insan mənfəətdən məhrum olacaq. Üstəlik, tələbat duyulan malların sifarişini həyata keçirənlər də fasilə edəcək və alğı-satqı prosesi də dayanacaq.
Avropa Oyunları zamanı küçə ticarətinə də imkan verilməyəcək. Xırda köşklərdə tum, siqaret, kontur və digər zəruri məhsullar sataraq ailəsini dolandıran adamlar da zərərlə üzləşəcək.
Avropa Oyunları zamanı taksi fəaliyyəti ilə məşğul olan şəxslər də məhrumiyyətlə üzləşəcəklər. Köhnə maşınlar, ümumiyyətlə, şəhərə buraxılmayacaq, digər avtomobillər isə məhdudiyyətlərlə hərəkət edəcək, alternativ yollar daha çox çətinliklər yaradacaq və s. Heç kimə sirr deyil ki, bu ölkədə 10 minlərlə insan taksi fəaliyyəti göstərir və gündəlik dolanışqları məhz bundan asılıdır. Metro stansiyalarının qarşısında dayanıb 1-2 manat müqabilində xidmət göstərən adamlara Avropa Oyunları zərbə olacaq.
Məlumata görə, oyunlar zamanı Dərnəgül bazarı da bağlanacaq. Hansıki, bu bazarda kifayət qədər insan çalışır və bu adamlar müəyyən vergilər ödəyir. Inanmırıq ki, qadağalara görə onların xərclərinə güzəşt olunsun. Yəni qazanc bir yana qalsın, mayanı da xərcləmək zərurəti yaranır.
Avropa Oyunlarının ən böyük zərərlərindən biri də qeyri-rəsmi ödənişlərin tələb olunmasıdır. Məlumatlara görə, məktəblərdən tutmuş, xəstəxanalara qədər pul yığımı həyata keçirilir. Yəni hakimiyyət xərclənən vəsaiti vətəndaşın cibindən çıxarmaq istəyir.
Başqa məqamları da sadalamaq olar. Hətta bizə məlum olmayan qadağalar da var. Göründüyü kimi, Avropa Oyunları ümumi zərərdən başqa, həm də fərd olaraq vətəndaşlara zərbə vurur. Ümumi mənzərə bundan ibarətdir ki, Avropa Oyunları yalnız millətə və dövlətə zərbə vurmağa xidmət edəcək. Deməli, hakimiyyətin təbliğatını apardığı bu tədbir, ölkəyə fəlakət gətirmək üçündür. Bəli, hakimiyyət bizi məcbur edir ki, bizi gözləyən fəlakətlərə sevinək, alacağımız zərbələri alqışlayaq.
Bir sözlə, uzun müddətdir bəh-bəhlə yolunu gözlədiyimiz Avropa Oyunları əslində, xalqın başına oyun açılmasıdır.
Azad
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar