Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində son bir neçə ay ərzində eyni məktəbdə oxuyan dörd şagird özünü asmaqla intihar edib. Ölkədə böyüklər arasında intiharların adiləşdiyi, canına qəsd edənlər arasında yeniyetmələrin, hətta azyaşlı məktəbilərin artdığı bir vaxtda eyni məktəbdən olan dörd şagirdin (müxtəlif vaxtlarda olsa da ) intiharı haqda xəbərlər eşidənləri şoka salıb.
Virtualaz.org saytının müxbirləri bu dəhşətli hadisənin izi ilə Kürdəxanı qəsəbəsinə üz tutdu.
Qəsəbədəki 113 nömrəli məktəbin şagirdlərindən Ceyhun Əliyevi ötən il dekabrın əvvəlində, 10-cu sinif şagirdi Əli Məmmədovu fevralda, 6-cı sinif şagirdi Ruslan Həsənovu isə bu ilin aprel ayınında asılmış vəziyyətdə tapılıblar. Bunlar intihar edənlərdən üçünün adlarıdır. Qəsəbə sakinləri arasında dolaşan şaiyələrdə isə deyilirdi ki, əslində intihar edənlərin sayı çoxdur-5 nəfərdir. Onlardan biri qızdır, əvvəllər 113 nömrəli məktəbdə oxusa da intihardan əvvəl məktəbi dəyişib və qonşu Məhəmmədi kəndindəki məktəbə keçib. Püstə adlı qızın həmin qəsəbədə intihar etdiyi deyilirdi.
Yəqin ki, bu intihar hadisələrinin hər biri haqda hüquq-mühafizə orqanlarının rəsmi xronikalarında qısa məlumatlar verilib. Lakin eyni məktəbdən cəmi bir neçə ay ərzində 3, yaxud 4 şagirdin intihar etməsi məlum olanda bütün diqqətlər 113 nömrəli məktəbə yönəlir. Axı bu məktəbdə nə baş verir? İntiharların məktəblə hansısa bağlılığı var idimi?
Məktəbdə dərs ikinövbəlidir, olayı araşdırmaq üçün məktəbə çatanda ikinci növbə başa çatmaq üzrə idi. Rastlaşdığımız şagirdlərdən sirli intiharlar haqda soruşuruq. Azyaşlılar sonuncu intihar edən Ruslan haqda danışırlar. “Mən onu bir gün əvvəl məktəbdə görmüşdüm. Ertəsi gün eşitdim ki, özünü asıb”-6-cı sinif şagirdlərindən biri deyir.
Boyuna görə sinif yoldaşlarından seçilən Ruslanın doğum tarixi 2003-cü il göstərildiyindən 6-cı sinifdə oxuyurmuş, ancaq məktəbin direktorunun mətbuata verdiyi açıqlamadan məlum olurdu ki, anası onun əslində 1999-cu il təvəllüdlü olduğunu deyib.
Məktəbin direktoru Şirin Abbasova ilə görüşürük. Jurnalist olduğumuzu bilən kimi həyacanlanır, narahat olur. Çünki intihar xəbərlərinin bu cür ictimailəşməsi mətbuatdan ona çoxsaylı müraciətlərə səbəb olub. Bakı şəhər Baş Təhsil İdarəsi isə ajiotajın böyüdüyünü görərək direktora mətbuata açıqlama verməyi qadağan edib. Direktor deyir ki, hadisəni mətbuatda şişirdilmiş təqdim ediblər, müxtəlif şaiyələrə əsaslanıblar. Eyni zamanda deyir ki, bu hadisə haqda açıqlamanı ancaq Bakı şəhər Baş Təhsil İdarəsi verə bilər. “Mənim icazəm yoxdur danışmağa, nə mümkünsə artıq demişəm, bu hadisələrin heç birinin məktəbə dəxli yoxdur, hamısı dərsdən sonra baş verib, heç bir sualınıza cavab verə bilmərəm”-əsəbi direktor deyir.
Qəsəbə sakinləri ilə söhbətləşirik. Əslən kürdəxanlı olan taksi sürücüsü deyir ki, o da intiharlar haqda eşidib və narahatdır, ancaq bildiyinə görə intihar edənlərin heç biri bu qəsəbədən deyil. Sonradan gəlib məskunlaşanlardır. “Biz uşaqlarımıza intihar edənin yerinin cəhənnəm olduğunu başa salırıq”-yaşlı sürücü deyir.
Qəsəbədəki təcili yardım stansiyasının işçiləri isə deyirlər ki, onlar intihar edən şagirdlərlə bağlı çağırışlara gediblər. Ancaq intiharların səbəbləri haqda heç nə bilmirlər. “Deyilənə görə onlardan birinin ailəsi kasıb olduğu üçün ona istədiyi paltarı ala bilməyib, uşaq da özünü asıb. Digərinin radikal dini cərəyanın təsiri altına düşdüyü deyilir. Hər halda belə söhbətlər eşitmişik, nə dərəcədə düzdür, deyə bilmərik. Biz həmin uşağın yaxınlarından birinə yardım göstərməyə getmişdik, hadisədən sonra halı pisləşmişdi”-təcili yardım işçilərindən biri deyir. Bəs qalan intiharların səbəbləri? Təcili yardım işçilərindən bu haqda heç nə biləni yoxdur.
Sakinlərdən intihar edənlərdən birinin Ruslan Həsənovun ailəsinin yaşadığı evin yerini öyrənə bildik və ora yollandıq. Ruslanın ailəsi Sabirabad rayonundandır, Kürdəxanının yeni salınmış yaşayış massivində yeni tikilmiş, hələ təmir olunmamış evdə yaşayır. Hadisə aprel ayında olub, Ruslanın qırxı hələ çıxmayıb. Evin darvazasına qırmızı və qara lenti qoşa bağlayıblar. Dünyadan nakam gedən yeniyetmə üçün…
Ruslanın valideyinləri onun intihar etdiyinə heç cür inanmır, inanmaq istəmir. Ruslanın anası, göz yaşları hələ qurumamış Tünzələ Həsənova qəhərdən boğulur, danışmağa çətinlik çəkir: “Ölümündən bir neçə gün əvvəl dedi ki, məktəbə iki oğlan gəlmişdi. Dedi ki, ana, həmin oğlanlar mənə onlarla işləməyi təklif etdilər. Dedim ki, oğlum sənin işləməyə ehtiyacın yoxdu. Dedi məndən cavab gözləyirlər, mən də işləmək istəməyəcəyimi söyləyəcəm. Aprelin 18-də-şənbə günü məni yuxudan oyatdı. Tələsirdi, məktəbdə kimsə gözləyirdi. Sonra da uşaqlarla futbol oynayıblar. Axşam asılmış vəziyyətdə tapdıq”.
Ruslanın atası Akif Həsənli də deyir ki, həmin gün Ruslanla bir yerdə olan uşaq məktəbdə tanımadıqları iki kişinin olduğunu görüb. Ruslan da qapıdan çıxanda anasına məktəbdə onu gözləyəcəklərini söyləyib: “Hər gün 6-ya 15 dəqiqə işləmiş evdə olurdu. Şənbə günü dərs olmadığından uşaqlarla futbol oynayıb. Saat 2-də evə qayıtmalı idi. Axşama kimi axtardıq, axşam evin arxasındakı boş daxmadan asılı vəziyyətdə tapdıq. Ruslanın boyu hündür idi. Boğazından bir neçə yara almışdı. Evin hündürlüyü cəmi 180 sm olub. Ruslanın boyu ilə tavanın hündürlüyü arasında 4 santımetr məsafə vardı. Üstəlik, məftil onun ağırlığını götürə bilməzdi. Ruslan asılmaqdan daha çox divara söykənmiş vəziyyətdə idi. Mən əvvəlcə görəndə qorxudan gizləndiyini düşündüm”.
Ata deyir ki, bir müddət əvvəl məktəbin digər şagirdi Ceyhun da özünü asaraq intihar edib: “Ötən il dekabrın əvvəlində Ceyhun intihar etmişdi. (Qeyd: Dekabrın əvvəlində Kürdəxanı qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əliyev Ceyhun Zaur oğlu özünü yaşadığı evin həyətindəki su çəninin borusundan mələfə ilə asıb ) Dedilər ki, məktub yazıb, sevdiyi qıza görə özünü öldürüb. Sonra qəsəbədə Ceyhunun vəhabilərin təsirinə düşdüyünü dedilər. Ruslana Ceyhunun ölümü pis təsir etmişdi. , deyirdi ki, Ceyhun atasının belini qırıb, gərək özünü öldürməyəydi. Evimizdə də ölümdən söhbət getmirdi, əksinə yaxın qohumun toyuna hazırlaşırdıq. Özünə bazarlıq edəcəkdi, toya hazırlaşırdı. Bəlkə də uşaq kiminsə təsirinə düşüb, yoldan çıxarıblar”.
Akif Həsənov məktəbdə daha bir intihar hadisəsini də xatırladır: “Fevralın 6-da da 10-cu sinif şagirdi Əli Məmmədov intihar etmişdi. İndi məktəbdə bir-biri ilə dalaşanlar intihardan danışırlar. Görürsən ki, fiziki baxımdan güclü şagird nisbətən zəifi yıxır, sonra deyir ki, “kişisən get özünü as”. İntihar söhbəti məktəbi bürüyüb”
Ata Ruslanın intiharı ilə bağlı sonadək araşdırma aparacaqlarını söyləyir. Deyir ki, Ceyhun musiqiçi idi, müsabiqədə birinci yeri tutmuşdu. Bəs Ruslanla iş haqda danışan iki naməlum şəxs kim olub? Ruslanın dostlarından heç kim onları tanımır. “Elə bil bütün uşaqları qorxudublar. Onların dediklərini müstəntiqə də söyləmişəm. Məktəbə qədər yad adamlar gəlir, uşaqlara iş təklif edirlər, təbliğat aparırlar. Uşaqları hara isə aparmaq istəyiblər. Məktəbin nəzarətçisi, kamerası yoxdur. Kənddə o qədər şaiyələr gəzir ki...Bir məktəbin 4 şagirdi niyə intihar edir? Uşaqlarımızı yoldan çıxaranlar tapılsın. Ekspertizanın rəyindən sonra baş prokuror Zakir Qarayevə müraciət edəcəm”.
Ruslanın əmisi də bu qəsəbədə yaşayır, azyaşlı uşağı 113 saylı məktəbdə oxuyur. Deyir ki, dalbadal baş verən bu intiharların arxasında nəyin dayandığını araşdırıb ortaya çıxaran yoxdur: “Müstəntiqə deyirik, cavab verirlər ki, araşdırırlar. Necə araşdırırlar? Deyirəm gəlin məktəbə, uşaqlarla söhbət edin, müəllimlərlə söhbət edin, araşdırın görün bu məktəbdə hansı atmosfer var ki, şağirdlər bir-birinin ardınca intihar edir. Deyirlər vaxt yoxdur, olanda gələrik”
Maraqlıdır ki, intihar edən uşaqların hər üçü fiziki baxımdan cüssəli olub. Şagirdlərdən biri qonşunun daxmasında, digərləri isə öz həyətlərində asılmış vəziyyətdə tapılıblar. Hər üç hadisə şənbə günü və axşam saatlarında baş verib. Dördüncü intihar hadisəsi isə 2013-cü ilin iyul ayında baş verib. Həmin hadisə haqda DİN-in kriminal xronikasından məlumat tapmaq olar. Məlumata görə 113 nömrəli məktəbin 9-cu sinif şagirdi olan, qonşu Məhəmmədi kəndinin sakini 16 yaşlı Püstəxanım Quluzadə də özünü asaraq intihar etmişdi. Bu intiharın motivləri haqda heç nə məlum deyil.
Hüquq-mühafizə orqanları isə hələlik istintaq getdiyini, nəticənin olmadığını deyirlər. Ruslan Həsənovun ölüm işini araşdıran müstəntiq Günay Məmmədova hadisə ilə bağlı istintaqın davam etdiyini, hələlik nəticənin olmadığını bildirib. Sabunçu rayon Prokurorluğundan isə bildiriblər ki, hər üç şagirdin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (Özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb və istintaq davam edir.
Bu müəmmalı ölümlərin səbəblərinin qaranlıq qalması ilə yanaşı dalbadal 4 şagirdi intihar edən məktəbdə hökm sürən psixoloji vəziyyət də narahatlıq doğurmalıdır. Axı intihar xəbərlərinin məktəbdə şagirdlər arasında yayılmasının ciddi psixoloji təsirlərini nəzərə almaq, məktəbdə təlim-tərbiyəni, nəzarəti gücləndirmək lazımdır. Bakı şəhər Baş Təhsil İdarəsindən isə intiharlar haqda vəd olunan rəsmi açıqlamanı nədənsə ləngitməyi üstün tutudular...
Ülviyyə
Virtualaz.org