Bacılarına görə dayısı arvadını öldürən qardaşlar cəzalandırıldı – FOTO

14-05-2015, 18:44   

“Get ananı çağır, onu duza qoyacağam”.

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəzər rayon sakini Nahid, Əziz, Cahid Qədəşov qardaşlarının CM-nin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürməyə cəhd), 29,120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını qəsdən öldürməyə cəhd), 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki va ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, ötən il avqustun 25-i, axşam saat 21 radələrində Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 88-də yaşayan Ülkər Abdullayeva (1965-ci il təv.), həyat yoldaşı Tərlan Abdullayev (1962-ci il təv.), övladları Əlirəhman Abdullayev (1987-ci il təv.) və qohumları Cahid Qədəşov (1988-ci il təv.) kəsilmiş-deşilmiş yaralarla 3 saylı kliniki xəstəxanaya çatdırılıblar.

Bıçaqlanan şəxslər dərhal cərrahi əməliyyata alınıb, lakin həkimlərin səyinə baxmayaraq Ülkər Abdullayeva orada keçinib. Həmin gecə Xəzər RPİ 1-ci polis bölməsinin əməkdaşları tərəfindən ilkin olaraq cinayəti törədən Nahid Qədəşov tutulub və istintaqa təqdim edilib.

Faktla əlaqədar rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə Ülkər Abdullayevanın meyitində 9 ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilib, ölümünə massiv qanitirmə səbəb olub.

İstintaqın gedişatında cinayət məsuliyyətinə Əziz və Cahid Qədəşovlar cəlb olunublar.

İstintaqla müəyyən edilib ki, ötən ilin avqustunda Nahid Qədəşov dayısı Tərlan Abdullayevin gəlini olan bacısı Ayselin incidildiyini eşidib.

Bundan 1-2 gün sonra bacısı qayınanasından küsərək öz evlərinə gəlib. Buna görə də Nahid, Əziz və Cahid Qədəşov qardaşları məsələni aydınlaşdırmaq üçün avqustun 25-də dayısıgilə gediblər. Ora çatandan sonra onlar həyətə daxil olublar və Nahid Qədəşov dayısından arvadını çağırmasını istəyib. Tərlan Abdullayev nə səbəbə görə arvadını soruşduğunu dedikdə, Nahid “duza qoyacağam” cavabı verib.

Bu səbəbdən Abdullayev bacısı oğluna sillə vurub və bu davaya səbəb olub. İnsident zamanı Nahid əvvəl dayısını və onun oğlu Əlirəhmanı bıçaqlayıb. Hadisədən xəbər tutan Ülkər Abdullayeva qışqıraraq köməyə adam çağırdıqda Nahid onu tutaraq divara sıxıb və bıçaq zərbələri endirməyə başlayıb. Bunu görən Tərlan Abdullayev yerdən qalxaraq özündəki cib bıçağı ilə Nahidi vurmaq istəyərkən onu Cahid tutub. Bu səbəbdən o Cahid Qədəşovu vurub.

Məhkəmə prosesində təqsirləndirilən şəxslər ittihamlarda özlərini qismən təqsirli hesab ediblər.

Zərərçəkən Tərlan Abdullayev bildirib ki, bacısı uşaqları həyətlərinə gələndən sonra Nahid Qədəşov oğlu Əlirəhmana deyib ki, “get ananı çağır, onu duza qoyacağam”. Bu söz onu özündən çıxarıb və buna görə Nahidə sillə vurub, dərhal sonra gözlənilmədən Qədəşov cibindən çıxardığı bıçaqla onun qarın və ayaq nahiyəsinə iki zərbə endirib. Həmin vaxt Əziz və Cahid Əlirəhmanı yerə yıxaraq, bıçaqlayıblar. Arvadı Ülkəri də xüsusi amansızlıqla Nahid öldürüb.

Prosesdə dövlət ittihamçısı çıxış edərək məhkəmədən Nahid və Əzizə 20, Cahid isə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini istəyib.

Məhkəmənin hökmü ilə Nahid və Əziz Qədəşovların hər biri 19, Cahid Qədəşov isə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.