Masazır qəsəbəsində evlərin altında baş verən qaz sızması, yerli sakinləri həyəcan içərisində saxlayır
Bir neçə gün öncə mətbuatda daha bir söküntü xəbəri yayıldı. Bu dəfəki söküntü isə Abşeron rayonu, Masazır qəsəbəsindədir. Məsələ burasındadır ki, qəsəbənin Sarı Aşıq küçəsi və ona yaxın olan ərazidə yerin altından qaz sızması baş verir. Bu səbəbdən də orada yaşayan sakinlər qorxu içindədirlər.
Problem qəsəbə sakinləri ilə yanaşı, hökumət rəsmilərini də narahat etməyə başlayıb. Onlar da bunun ciddi təhlükə doğurduğunu deyirlər. Belə ki, bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məsələyə münasibət bildirib.
R.Abdullayev qeyd edib ki, həmin ərazidə yaşamaq çox təhlükəlidir: "Adıçəkilən ərazidə şist qazı və bitum layları var. Məhz buna görə, həmin ərazidə baş verən qaz sızması təbii haldır. Sızan qaz ətrafa təhlükə yaradır. Şist qaz və bitum laylarının üzərində evlərin tikintisi qanunsuzdur. Yaxın vaxtlarda Azərbaycan hökuməti bu məsələ ilə bağlı müvafiq qərar çıxaracaq".
"Yanar şist"lə bağlı qısa məlumat verək. Şist, uzun geoloji dövr ərzində məhv olmuş bitki və heyvan qalıqlarının toplanması nəticəsində yaranan üzvi maddə süxurlarıdır. Yanar şistlərdən yanacaq-enerji ehtiyatının alternativ mənbəyi kimi geniş istifadə olunur.
Onlardan müxtəlif neft və kimya məhsulları - benzin, sürtgü yağları, benzol, fenollar, naftalin, toluol, lak alınır və tibbi preparatlar - ixtiol, naşatır spirti və s. hazırlanır. Azərbaycanda yanar şist yataqları və təzahürləri əsasən İsmayıllı, Quba, Şamaxı-Qobustan, Abşeron rayonları ərazilərində məlumdur.
Yanar şistlərdən qazlaşdırmada və maye yanacaq alınmasında, yandırılma yolu ilə istilik elektrik stansiyalarında, benzin, sürtgü yağları, benzol, fenollar, lak və sair neft-kimya məhsullarının, ixtiol, naşatır spirti və sair tibbi preparatların emalında istifadə olunur. Üstəlik, bu şistlərin külündən sement, silikat kərpic, beton və digər tikinti materialları hazırlanır. Eyni zamanda, bu küldən kənd təsərrüfatında mineral gübrə kimi də istifadə edilir.
Masazır qəsəbəsində tapılan da şist olduğu üçün burada yaşayan sakinlərin köçürülməsinə qərar verilib. Məsələ ilə bağlı geniş informasiya almaq üçün adıçəkilən Masazır qəsəbəsi, Sarı Aşıq küçəsinə baş çəkdik.
Yerli sakinlərlə söhbətləşdik və məlum oldu ki, burada demək olar, hər evin həyətindən qaz çıxır. Dəfələrlə həmin evlərə baxış keçirilib və burada yaşamağın təhlükəli olduğu deyilib.
Qaz sızıntısının olduğu bir neçə evdə olduq. Bəzi ailələrin həyətində, bəzilərində isə evlərinin zirzəmisində qaz sızıntısının olduğunu gördük.
Qaz sızıntısı gənc ailəni məhv edib
Bütün bunlardan savayı, öyrəndik ki, qeyd etdiyimiz ünvanda yaşayan gənc ailənin həyatı bu qaza görə məhv olub. Belə ki, aprel ayında yeni evlənmiş gənc ailənin yaşadığı evdə partlayış baş verib. Partlayışın baş vermə səbəbi isə evin altından sızan qaz olub. Evdə olan qadının bədəninin yarısı, onun həyat yoldaşının isə əlləri partlayış nəticəsində yanıb. Uzun müddət müalicə alan cütlük artıq bu evdə yaşamırlar.
Aldığımız məlumatlara görə, partlayışdan sonra "Azəriqaz”ın əməkdaşları evlərdə, həyətlərdə xüsusi aparatlarla axtarışlar aparıblar. Ərazidə tədqiqat aparan Geologiya İnstitutunun neft və qazın geologiyası və geokimyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Əkbər Feyzullayev açıqlama verərək, ərazidə təbii qaz çıxışlarının olduğunu təsdiqləyib. Bundan əlavə olaraq, o, deyib ki, ərazidə təbii qaz çıxışları var və onlar texnogen qaz deyil, burada qaz yataqları var. Bu da ərazidə vulkanların olması ilə bağlıdır.
Sakinlər qorxu içərsindədirlər
Qəsəbə sakinlərinin sözlərinə görə, onlar da köçməyin tərəfdarıdırlar: "Biz də bilirik ki, burada yaşamaq təhlükəlidir. Bir neçə dəfə evimizə, həyətimizə baxış keçiriblər. Zirzəmilərin qapısını açıq saxlamağı tapşırıblar. Və təklif ediblər ki, yaxınlarımız, qohumlarımız varsa, müvəqqəti olaraq, onlara köçək. Amma alınmır. Bizim ailənin 7 nəfər üzvü var. Bu qədər insanla hara köçək? Partlayış bir yana dursun, qazın özü müxtəlif xəstəliklər yaradır. Hətta bu yaxınlarda Abid Şərifov da bura gəlmişdi və dedi ki, "Bu qaz xərçəng, vərəm xəstəlikləri əmələ gətirə bilər”. Biz də istəyirik ki, köçək. Amma dəqiq bir söz deyən yoxdur".
"Bizi köçürürlərsə, öz torpaqlarımıza, Qarabağa köçürsünlər"
Sakinlərdən bəziləri isə burada heç bir qazın olmadığını və köçməyəcəklərini bildirdilər: "Burada yaşayanların çoxu qaçqınlardır. Onlara dövlət nə ev verib, nə də torpaq... Özümüz, öz gücümüz hesabına burada ev tikmişik. Dövlət mənimlə ev tikib ki, indi də söksün? Yox... Mən köçmürəm. Burada heç bir qaz yoxdur. Hamısı boş söhbətdir. Qaz sızıntısı dedikləri isə başqa şeydir. Burada kanalizasiya xətləri yoxdur. Hər yanda quyular var. Bütün çirkab suları oraya axır. Peyindən də qaz əmələ gəlir. Ağzı bağlı quyular olduğu üçün həmin qaz yaranıb. İndi də haradansa sızıb. Buna görə ev sökərlər? Kanalizasiya xətti çəksinlər, hər şey düzələcək. Yəqin burada nəsə tikmək istəyirlər, bütün bu qaz söhbətləri də ona görədir. Burada camaat ev tikəndə niyə icazə verirdilər? Heç kim illərdir ki, yaşadığı yerdən didərgin düşmək istəməz. Bizi köçürürlərsə, öz torpaqlarımıza, Qarabağa köçürsünlər".
400 ailə köçürüləcək
Ərazidə olduğumuz zaman rayon İcra Hakimiyyətindən də nümayəndələr gəldilər. Onlardan aldığımız məlumata görə, 400 ailənin köçürülməsi planlaşdırılır: "Burada söküntü işləri aparılacaq. Sadəcə, məsələ ilə bağlı tam qərar verilməyib. Amma biz siyahılaşdırmışıq və 400 ailəni qeydiyyata almışıq. Ərazidə hər hansı bir tikinti işinə də qadağa qoymuşuq. Heç bir tikinti işi aparılmayacaq. Sakinlər arasında da kompensasiya sözləri gəzir. Elə bir şey yoxdur. Hamı yeni mənzillərə köçürüləcək. Çünki burada yaşayanların 90 faizi qaçqınlardır. Heç birinin ev üçün sənədi yoxdur. Bəzisi var ki, 20 kvadratmetrlik yerdə ev tikib. Ona nə qədər kompensasiya ödəmək olar ki, o, özünə başqa bir yerdə ev alsın. Bu, mümkün deyil. Ona görə də, onların hamısı köçürüləcək. Dəqiq olaraq, hansı əraziyə köçürülmələri ilə bağlı heç bir məlumat yoxdur. Bu haqda qərar verilməyib".
Məhəmməd TÜRKMƏN,
Fotolar müəllifindir.