Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Eynalov Samir Həsrət oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edir.
İstintaqla müəyyən edilib ki, Samir Eynalov 31 avqust, 2014-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, P.Allahverdiyev küçəsində yaşayan Nizami Nuriyevi qətlə yetirib.
Qətl hadisəsinin baş verməsinə səbəb isə mərhumun Samiri görərkən gülməsi olub. Aralarında əvvəllər də ədavət olduğundan Samir Eynalov ondan qisas almaq qərarına gəlib. O, köhnə qonşusu N.Nuriyevə bıçaqla zərbələr endirib. Ağır dərəcəli bədən xəsarəti alan yaralı dünyasını dəyişib.
Törətdiyi cinayət əməlinə görə S.Eynalov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs qismində dindirilən Samir Eynalov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində mərhumla 2013-cü ildən bəri ədavətlərinin olduğunu göstərib: “Uzun müddətdir ki, “Sədərək” ticarət mərkəzində yük daşımaqla məşğul oluram. Ailəmlə birgə 3 il Sulutəpə qəsəbəsində kirayədə yaşamışam. Kirayə qaldığımız ev Nizami Nuriyevin bacanağı Eldənizə məxsus olub. Nizaminin evi ilə Eldənizin evinin arasında cəmi bir hasar vardı.
Nizami ilə əvvəllər münasibətim normal olsa da sonradan pisləşmişdi. Münasibətimizin pozulmasına isə ailə daxilində yaranmış problemə Nizaminin müdaxilə etməsi səbəb olmuşdu. Belə ki, mən sərxoş vəziyyətdə həyat yoldaşım Ülviyyə ilə mübahisə edərkən Nizami qəflətən içəri girmişdi və səs-küy salmağıma görə iradını bildirmişdi. Elə buna görə də mübahisəmiz düşmüş, Nizami məni döymüşdü, üz-gözümü qaraltmışdı. Amma o vaxt nə həkimə, nə də polisə müraciət etməmişdim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisənin səhərisi Nizami onlara gəlib və mənzili boşaltmaqlarını tələb edib: “Qapıda dayanıb söyüş söyür, “bu evdən bu dəqiqə çıxmalısınız” deyə qışqırırdı. Nizamini başa saldım ki, əvvəla, bura sənin evin deyil, ikincisi də imkan ver, qoy sağalım, ev tapıb köçəcəm.
Bu hadisədən üç gün sonra qəsəbədə başqa mənzil tapıb ora köçdüm. Düz bir il Nizamini görmədim. Mən ailəmlə birgə o evdən çıxsam da qaynım Elnur və qayınanam həmin həyətdə qalırdılar. Hadisə baş verən gün Elnur əşyalarını çıxarmaqda ona kömək eləmək üçün məni çağırmışdı.
Yaxınlıqdakı kafelərin birində yemək yeyib spirtli içki içdim. Nizami ilə yenidən qarşılaşa bilmək təhlükəsi olduğuna görə özümlə bıçaq götürdüm. Qaynımgilə gələndə arvadım dedi ki, Aytəkin (Nizaminin həyat yoldaşı-red.) ona “siz nə abırsız adamlarsınız, sizi döyüb burdan qovmuşuq, yenidən gəlmisiniz” deyib. Ona Nizami ilə özüm söhbət edəcəyimi bildirdim”.
Təqsirləndirilən şəxs S.Eynalov Nizaminin kinayəli şəkildə ona baxıb güldüyünü görsə də əvvəlcə heç nə deməyib: “Nizaminin küçədə olmadığını görüb marketə getdim. Amma geri qayıdanda qəflətən üz-üzə gəldik. Ona “gəl söhbət edək” dedikdə söyüş söydü, yerdən daş götürüb məni vurdu. Mən də bıçağı çıxarıb Nizamini vurdum. Neçə zərbə vurmağımı xatırlamıram. Onu vurandan sonra taksiyə oturub birbaşa Binəqədi Rayon Polis İdarəsi 40-cı polis bölməsinə getdim”.
Zərərçəkmiş şəxs qismində dindirilən Aytəkin Nuriyeva Nizami Nuriyevlə 2006-cı ildə ailə həyatı qurduqlarını, həyat yoldaşının tikintilərdə çilingər işlədiyini göstərib: “Ailə qurandan sonra bir müddət Sulutəpədə yaşayan bacımın evində kirayədə qaldıq. Sonra Nizami bir sot torpaq aldı, torpaq sahəsinə bir vaqon qoyub orada yaşamağa başladıq. Birgə nikahdan iki qız övladımız var.
Samirgil 2011-ci ildən bacımın evində kirayə qalırdılar. Samir çox vaxt içkili olurdu, arvadı Ülviyyəni mütəmadi olaraq döyürdü. Ülviyyənin anası və qardaşı da orada kirayədə qalırdı.
Əvvəllər Samirgillə münasibətlərimiz yaxşı idi, bir-birimizin evinə gedib-gəlirdik. Hadisədən bir il əvvəl Samir yenə sərxoş halda arvadını döyən zaman Ülviyyə onun əlindən qaçıb anasıgilə köçmüşdü. Həmin vaxt Samir arvadı ilə birgə qayınanasını da döymüşdü. Onların evində hər gün dava olduğundan ailə işlərinə heç vaxt qarışmırdıq. Amma həmin gün Ülviyyənin anası Rəhimə gəlib Nizamini köməyə çağırdı. Samiri birtəhər sakitləşdirdilər. Bacıma zəng vurub xahiş etdim ki, Samirgilə evdən çıxarsınlar. Bu hadisədən sonra Samir ailəsini də götürüb başqa yerə köçdü.
Hadisə baş verən gün Ulviyyənin anası ilə qardaşı evdən köçüb getməyə hazırlaşırdılar. Nizami ilə oturub həyətdə çay içirdik. Kimsə Nizamiyə zəng vurdu, işlə bağlı söhbət etdilər, sonra Nizami harasa getdi. Bir qədər sonra bacım Tamella bizə gəlib Nizaminin bıçaqlandığını dedi. Küçəyə çıxanda həyat yoldaşımın yolun ortasında yıxılıb qaldığını gördüm”.
Məhkəmə prosesi davam edir.
İnarə Rafiqqızı
Virtualaz.org