İş adamı “Bandotdel”də işgəncəyə məruz qalıb

26-05-2015, 10:08   
İş adamı “Bandotdel”də işgəncəyə məruz qalıb
«Kredit qalmaqalı»na görə həbs edilən Nizami Piriyevdən ilginc bəyanat

Hacı İbrahimin şirkəti ləğv edildi; daha bir bankir həbs olundu

“Artıq bir neçə gündür ki, mən döyülürəm və qeyri-insani rəftarla üz-üzəyəm. Cümə günündən (mayın 22-dən) etibarən mən hər gün bir neçə dəfə döyürlər. Mən vəkilim Muxtar Mustafayevdən bununla bağlı Baş Prokurorluğa və MTN-ə müraciət etməyi xahiş etmişəm”.

Həbsdəki oliqarx Nizami Piriyevin virtualaz.org saytının redaksiyasına göndərdiyi bəyanatda belə deyilir.
Yaranmış bu vəziyyəti şərh edən vəkil Muxtar Mustafayev qeyd edib ki, o, artıq Azərbaycanın baş prokuroruna təcili şəkildə müraciət edib.

Muxtar Mustafayev deyib ki, ona müvəkkili ilə görüşməyi qadağan edirlər. Bununla belə vəkil də oliqarx Nizami Piriyevin üzləşdiyi qeyri-insani rəftar barədə məlumatlı olduğunu bildirib.


Nizami Piriyev bir müddət əvvəl Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”na görə saxlanılıb və onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, “PNN Group” şirkətinin sahibidir. Onun oğlu Nəsib Piriyev isə həmtəsisçilərindən biridir.
“PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesi sahəsində ixtisaslaşan və metanol istehsalı ilə məşğul olan “AzMeCo” şirkətidir.



“Kredit qalmaqalı”na görə həbs edilən başqa bir iş adamı Hacı Ibrahim Nehrəmlinin isə prezidenti olduğu “Avesta Concern” şirkəti ləğv olunub. Bu barədə publika.az-a Hacı Ibrahim Nehrəmlinin köməkçisi məlumat verib.

Məlumatda qeyd olunur ki, iş adamı Beynəlxalq Banka olan borcla əlaqədar sözügedən şirkəti satışa çıxarıb. Bir neçə gün əvvəl isə “Avesta Concern”nin bütün işçilərinə işə gəlməməklə bağlı xəbərdarlıq edilib. Səbəb kimi isə şirkətin ləğv olunması və yaxud satışa çıxarılması göstərilib.

Bundan əlavə, şirkətin həyata keçirdiyi “Khazar Islands New City”, “Gold City” və digər layihələri də müvəqqəti olaraq dayandırılıb.

Işdən çıxanlar arasında “Avesta Concern”nin vitse-prezidenti Taleh Quliyev, ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Xaqani Cəfərli və digər şəxslər də var. Işçilərə deyilib ki, borcunu ödəyə bilsə, o zaman işçilərin hər biri təkrar öz vəzifəsinin icra etmək üçün şirkətə çağırılacaq.

“Vallah mən bu işlərdə yoxam. Mən tanıyarsınız, ATV-nin keçmiş vitse prezidenti, Xəbərlər Departamentinin rəhbəri olmuşam. Mən digər sahələri bilmirəm. Mən də sizin kimi jurnalistəm, tamam başqa sahənin adamıyam. Ona görə bu haqda heç nə deyə bilmərəm”. Bu sözləri isə modern.az-a “Azad Azərbaycan” Televiziyasının keçmiş vitse-prezidenti Natiq Ibrahimov qardaşı Hacı Ibrahim Nehrəmli ilə bağlı baş verənlərə münasibət bildirərkən deyib.



Bu arada məlumat yayılıb ki, “Bank Technique” Müşahidə Şurasının sədri Rövşən Ismayılov saxlanılıb. Virtualaz.org saytının hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yaydığı məlumata görə, Rövşən Ismayılov ötən həftənin cümə günü - mayın 22-də saxlanılıb. O, hazırda DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin təcridxanasında saxlanılır.
Bankir xüsusilə böyük məbləğdə pul yumaqda ittiham olunur.

Rövşən Ismayılov “Bank Technique”dən əvvəl Azərbaycan Beynəlxalq Bankında işləyib, Idarə Heyəti sədrinin müavini postunu tutub. 2012-ci ildə isə “Bank Technique” Müşahidə Şurasının sədri təyin olunub..azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar