Sahibkar həbsləri yeni qalmaqallar yaradacaq

27-05-2015, 09:05   
Sahibkar həbsləri yeni qalmaqallar yaradacaq

Onların əhalinin pulu hesabına inşa etdiyi binaların aqibəti necə olacaq?


Bir neçə nəfərin həbsi minlərlə adamı işsizə çevirdi

Hazırda ölkəni bürüyən sahibkarların həbsi ilə bağlı bir neçə maraqlı məqam var. Onlardan artıq bir neçəsinə qəzet olaraq toxunmuşuq. Həbslərin ölkənin beynəlxalq iqtisadi nüfuzuna təsir edəcəyi və ölkədən kapital axınına səbəb olacağı bir neçə dəfə vurğulanıb. Amma sahibkarların həbsi bir sıra şirkətlərin fəaliyyətini dayandırması ilə nəticələnib.

“Avesta” Konserninə 6 şirkət daxildir

Artıq bir neçə gündür ki, Hacı Ibrahimə məxsus “Avesta” Konserni fəaliyyətini dayandırıb. Şirkətin saytından məlum olur ki, bu konsernə altı şirkət daxildir. Onlar Azər-Ross IK MTK, “Günel Ltd”, “Həsən ” 96" MTK, “Hüseyn -94" KM , ”Ilkan" MMC şirkətləridir.
Və bu şirkətlərdən bəzilərinin hazırda da yarımçıq qalan mühüm layihələri var. Bəs bu layihələrin aqibəti necə olacaq?

Yarımçıq layihələri kim tamamlayacaq?

Hazırda “Ilkan” Bakı Şəhəri Pirallahı qəsəbəsində 5.8 ha ərazidə istirahət-mehmanxana kompleksinin, Sahil qəsəbəsində dəniz kənarında 15 ha ərazidə istirahət mehmanxana kompleksinin inşası ilə məşğuldur. Şirkət “Azal” SKB ilə əlaqəli fəaliyyət göstərir.
“Hüseyn-94" Kiçik Müəssəsi isə 1994-ci ildə təsis edilib. Hazırda ”Hüseyn -94" KM Bakı şəhəri Pirallahı qəsəbəsində 18 ha ərazidə istirahət mərkəzinin tikinti işləri ilə məşğuldur. “Azal” SKB, “Standart Bank” ilə əlaqəli fəaliyyət göstərir.
1994-ci ildə təsis edilən “Günel LTD” Məhdud Məsuliyyəti Cəmiyyəti Bakı şəhəri “Gənclik” ərazisində 14 mərtəbəli yaşayış - ofis binasını tikib. “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Azal SKB”, “Iran Milli Bankı”, “Standart Bank” ilə əlaqəli fəaliyət göstərir.
Şirkətin həyata keçirdiyi “Khazar Islands New City”, “Gold City” və digər layihələri də müvəqqəti olaraq dayandırılıb.

Xəzər adaları yeni şəhər layihəsi

Süni arxipelaqda inşa edilməli olan “Khazar Islands”, 3 min hektar sahəni əhatə etməli idi. Müxtəli ölçülü 50 adadan ibarət olmalı layihə 19 mikrorayona bölünəcəkdi. Səkkiz km uzunluğu, 3 km eni olmalı arxipelaqın ümumi sahəsi sənəd üzərində 24 km2 təşkil edir. Bu miqyası təsvir etmək üçün paytaxtın Babək prospektinin uzunluğunun cəmi 4 km olduğunu vurğulamaq kifayətdir. Burada hər bir adaya özünəməxsus bir ad verilməsi nəzərdə tutulurdu.

Aldadılan vətəndaşlar

Onu da vurğulamaq yerinə düşər ki, bu şirkətlərin yarımçıq qalan layihələri şirkətin vəsaitləri hesabına deyil, vətəndaşlardan alınan maliyyə hesabına ərsəyə gəlməli idi. Bu istiqamətdə ətraflı məlumat əldə edə bilməsək də, onu dəqiq qeyd etmək olar ki, şirkətlərin tikintini dayandırması vətəndaşlara ciddi ziyan vermiş olacaq. Çünki şirkətlərin üzərlərinə götürdüyü layihələrin kimlər tərəfindən davam etdiriləcəyi sual altındadır.
Və ya həbsdəki oliqarx Nizami Piriyevlə bağlı duruma diqqət yetirək. Bir müddət əvvəl Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”na görə saxlanılan Nizami Piriyev 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Xatırladaq ki, o, “PNN Group” şirkətinin sahibidir. Onun oğlu Nəsib Piriyev isə həmtəsisçilərindən biridir.
“PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesi sahəsində ixtisaslaşan və metanol istehsalı ilə məşğul olan “AzMeCo” şirkətidir.

Fəxri mühəndis Miryusif Mahmudovun aqibəti?

Bundan başqa əvvəlki yazılarımızda da qeyd etmişdik ki, “Global Construction” şirkətinin açılışında Ilham Əliyev şəxsən iştirak edib, şirkətin rəhbəri Miryusif Mahmudova “fəxri mühəndis” adı verib, Miryusif Mahmudov Gəncədəki Heydər Əliyev muzeyinin memarı olub və s. Amma faktlar bununla da yekunlaşmır. Miryusif Mahmudov “M-line”, “Glocal Stone”, “Global Light”, “Poliplast” şirkətlərinin də rəhbəri olub. Məlumatlar görə, bir neçə nazirlik istisna olmaqla bütün dövlət obyektlərinin mebel təchizatını Miryusif Mahmudovun şirkətləri həyata keçirib. Ölkə başçısı dəfələrlə bu adamla birlikdə açılışlarda iştirak edib.
Bu şəxsin bəlkə də şərti olaraq rəhbərlik etdiyi şirkətlərin bağlanması da minlərlə insanı işsiz qoyur. Nəticədə şirkətlərin bağlanması nəinki şəhər təsərrüfatını iflic edir, eyni zamanda vətəndaşlarına iş yerlərini itirməsi ilə nəticələnir.
Hikmət
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar