Ded Xasanın işi bağlandı, “Rufo Gəncinski” heç nəyi boynuna almadı, amma...

29-05-2015, 08:48   
Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi məşhur kriminal avtoritet, “Ded Xasan” ləqəbli Aslan Usoyanın qətlinə dair qaldırılmış cinayət işini bağlayıb.

Virtualaz.org saytı “Rosbalt”a istinadən xəbər verir ki, müstəntiqlər iki ildən çox araşdırma aparsalar da bu qətl üzrə konkret ittiham irəli sürmək üçün dəlil-sübut tapa bilməyiblər. Bu, ilk növbədə oğru dünyasının qapalı olmasından irəli gəlir.

Lakin “vor zakon”lar öz aralarında istintaq aparıblar və Ded Xasanın qətlini kimin sifariş verdiyini müəyyən ediblər.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, məşhur kriminal avtoritet, “Yaponçik” ləqəbli Vyaçeslav İvankovun qətli kimi Ded Xasanın da qətli üzrə qaldırılmış cinayət işi arxivə göndərilir.

“Rufo Gəncinski”

Mənbənin bildirdiyinə görə, istintaqın əlindəki ən önəmli sübut Ded Xasanın qətlə yetirildiyi “Köhnə fayton” restoranının yaxınlığındakı videomüşahidə kameralarının görüntüləri idi. Bu görüntülərə əsasən killerə istiqamət verən və qətlin təşkilində iştirak edən şəxslərin çevrəsini müəyyən etmək mümkün olub. Həmin çevrəyə “Rufo Gəncinski” kimi tanınan Ülfət Tağıyev və “Rövşən Lənkəranski” ləqəbli Rövşən Canıyev də daxildir.

“Rufo” kameralara ilk dəfə 2013-cü il yanvarın 9-da, Ded Xasanın qətlindən bir həftə əvvəl düşüb. O, restoranın ətrafında fırlanıb, ətraf həyətləri dolaşıb, onu müşaiyət edən şəxslərlə nə barədəsə danışıb. Sonra Tağıyev daha iki dəfə “Köhnə fayton”un yaxınlığında görünüb.

Həmçinin “Rufo” yanvarın 16-da-qətlin baş verdiyi gün də restorana yaxın küçədə qeydə alınıb.

“Rufo” Rövşən Canıyevin killerlər briqadasının rəhbəri hesab olunur. O, Ded Xasanın qətlindən dərhal sonra Rusiyanı tərk edib, sonra şaiyə buraxıb ki, onu oğurlayıb və qətlə yetiriblər. Lakin 2013-cü ilin sentyabrında “Rufo” saxta sənədlə Moskvaya gələndə onu tanıyıb və yaxalayıblar.

“Vor zakon” azərbaycanlı biznesmen İ.Əliyevin qətlinə görə həbs edilib.

“Rufo”nu dəfələrlə Ded Xasanın qətlinə görə də dindiriblər. Lakin o, kriminal “generalın” qətlində hər hansı rolunun olduğunu inkar edib. “Köhnə Fayton” restoranının yaxınlığında görünməsini isə başqa həmkarları ilə görüşməsi ilə əsaslandırıb.

Ded Xasanın yaşadığı evdə aparılan axtarış və onun ailə üzvlərinin dindirilməsi də heç bir nəticə verməyib.

Rövşən Lənkəranski

“Köhnə fayton”un işçiləri də istintaqa kömək edə bilməyiblər. Onlar ancaq bunu deyə biliblər ki, “Ded Xasan” son vaxtlar çətinliklə hərəkət edirdi, restorandan çıxanda maşına qədər onu sevimli ofisiantı müşayiət edirdi. Qız onun qoluna girib maşına aparırdı. Qətl baş verən gün də güllələrdən biri qapını deşərək həmin ofisianta dəyib.

Hüquq-mühafizə orqanları Ded Xasanın qətlini aça bilməsələr də İspaniyadan qayıdandan sonra fəallaşan “Şakro molodoy” ləqəbli Zaxari Kalaşov öz istintaqını aparıb və bu günlərdə tərəfdaşlarına bildirib ki, qətli kimin təşkil etdiyi ona aydındır. O, Rövşən Canıyevin adını çəkib və imkan düşən kimi qisas alınacağını bildirib.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.