Ziya Məmmədovun oğlunu deputat etmək istəyi hakimiyyət daxilində narazılıqla qarşılanıb; “Hər nazir öz oğlunun əlindən tutub ora gətirsə...”
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun mayın 27-də “Buta” sarayında Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbulda iştirak edib. Nazir oğlunun ali dövlət tədbirinə qatılması diqqətdən yayınmayıb. Nazir oğlunun bu cür törəndə hansı statusla iştirakı sual yaradıb. Bu haqda musavat.com-u bilgiləndirən mənbə deyir ki, A.Məmmədovun o tədbirdə iştirakı hakimiyyət daxilindəki qıcıq və etiraz doğurub. Onun rəsmi qəbulda iştirakına narazılıq edənlərin əsas arqumenti təxminən bu cürdür: “Belə çıxır ki, Ziya Məmmədov kimi başqa nazirlər də öz oğlanlarının əlindən tutub belə tədbirlərə gətirsin. Bəs o zaman protokol, qaydalar harda qaldı?!”
Mənbəmiz iddia edir ki, Anar Məmmədovun tədbirdə iştirakı ilə bağlı öncədən razılıq olmayıb. Sadəcə Z.Məmmədov öz əlaqələrindən istifadə edərək oğlunun tədbirdə iştirakını təmin edə bilib. Xəbər qaynağımız onu da bildirir ki, “Buta”da keçirilən rəsmi dövlət tədbirində A.Məmmədov üçün oturmağa yer olmayıb. O, xarici səfirliklərin nümayəndələri, hərbi ateşelər üçün nəzərdə tutulan masada əyləşdirilib.
Bəzi müşahidəçilər iddia edir ki, Ziya Məmmədov oğlunun deputat olmasına çalışır. Məmmədovlar ailəsini növbəti parlamentdə Anar Məmmədovun təmsil edəcəyi haqda söz-söhbət dolaşır. Ona görə də Z.Məmmədov övladını bu cür tədbirlərə gətirməklə onun indidən təqdimatını etməyə çalışır.
Z.Məmmədovun bu cür təqdimatının ona və oğluna xeyir gətirib-gətirməyəcəyi isə yaxın aylarda bilinəcək.
Cavanşir ABBASLIhttp://musavat.com/