Bakı-Moskva anlaşmasının uzanmasının daha bir mühüm nədəni; rusiyalı nüfuzlu hərbi ekspertin “Savaş Moskvasız da alovlana bilər”, “Yayda müharibə başlayacaq” tipli bəyanatları nəyə işarədir?
İndi bir çox siyasi təhlilçilər I Bakı Avropa Oyunlarından sonra Qarabağ münaqişəsi zonasında vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmağa çalışırlar. Bunun mühüm səbəblərindən biri də yay mövsümünün hərbi əməliyyatlar üçün ən əlverişli hesab edilməsidir.
Təbii ki, oyunların keçirildiyi müddətdə müharibə ehtimalı sıfıra bərabərdir. Ona görə ki, mötəbər idman yarışının iştirakçıları kimi Rusiya və Ermənistan (Putin üstəlik açılış mərasiminə qatılacaq), ələlxüsus da oyunlara ev sahibliyi edən Azərbaycan bunda maraqlı deyil. Bəs sonra?
25 illik səmərəsiz sülh danışıqlarından bezən Azərbaycan sözsüz ki, öz ərazilərini güc yolu ilə azad edə bilər. Bir şərtlə ki, konfliktin memarı Rusiya neytral vəziyyətə gətirilsin. Gətirilibmi? Yeni savaş variantında Kreml neytrallıq nümayiş etdirəcəkmi? Bu suallara birmənalı təsdiqi cavab yoxdur. Hər halda, Rusiya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsi belə əminliyi yaratmır - baxmayaraq ki, Bakı ilə Moskva arasında silah ticarəti ilə bağlı çoxmilyardlıq anlaşma var və işləyir.
Məsələ də ondadır ki, Krımın işğalı ilə yaranan yeni geosiyasi vəziyyətdə nə Rusiya Azərbaycanı Avrasiya layihələrinə qoşmaq yönündə hansısa uğura çatıb, nə də Bakı Kremllə Qarabağ məsələsində hansısa anlaşmaya nail olub. Bu yöndə hələlik, yalnız ehtiyatlı ehtimallar və kövrək ümidlər, lap dəqiqi, boş vədlər səslənməkdə, bu az da “əsəb savaşı” getməkdədir.
***
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun son Moskva səfəri və bu səfər çərçivəsində onun yüksək rütbəli rusiyalı rəsmilərlə görüşlərinin nəticəsi, yaxud nəticəsizliyi qənaətimizi möhkəmləndirir. Səfər göstərdi ki, Rusiya və Azərbaycanın Avrasiya Birliyi və Dağlıq Qarabağ məsələsində mövqeləri dəyişməyib. Ən vacibi, bəlli oldu ki, Kreml münaqişənin həlli yönündə yeni və səmərəli təklifdə bulunmağa da hazırlaşmır. Görəsən, niyə?
Rusiyalı tanınmış hərbi eksperti Pavel Felqenqauerin şərhi bu xüsusda bəzi qaranlıq məqamlara işıq salır. Ekspert ölkəmizin şimal qonşumuz üçün önəmini qeyd edərək deyir: “Moskva əlbəttə ki, rəsmi Bakı ilə münasibətləri möhkəmlətmək istəyir və imkan düşən kimi, Azərbaycanı Kreml layihələrinə inteqrasiya eləmək fikrindədir. Rusiya sovet dövründəki dominant təsirini bərpa eləməkdə maraqlıdır. Ancaq hələlik bu, nə Gürcüstanın, nə də Azərbaycanın nümunəsində bir elə alınmır”.
Lakin onun sözlərinə görə, hazırda Moskva üçün prioritet Dağlıq Qarabağ yox, Ukrayna məsələsi, Qərb və Çinlə münasibətlərdir: “Qarabağ indi Rusiya üçün yüz faiz birinci yerdə deyil. Kremlin Qafqazla bağlı hazırda yalnız bir hədəfi var - orada eskalasiyaya imkan verməmək. Çünki bu, Moskva üçün ən pis variant olardı. Bizim artıq pulumuz, artıq ordumuz yoxdu ki, o variantda müdaxilə edək. Mən ciddi şəkildə buna şübhə edirəm, hərçənd yerli qüvvələr hesab edir ki, situasiya kəskinləşsə, onun arxasından məhz Moskva çıxacaq. Mən bəyan edirəm: vəziyyətin kəskinləşməsi Moskvanın iradəsindən kənarda da baş verə bilər”.
Analitik Rusiya-Azərbaycan tərəfdaşlıq münasibətlərinin perspektivinə də toxunub: “Sözsüz ki, Rusiya Ermənistan qədər Azərbaycanla da müttəfiqlik əlaqələrinin olmasını istəyir. Bakı indi Qarabağ təklifini irəli sürür. Çətin ki, Rusiya ona getsin, çünki bu, çox ciddi təklifdir. Həm də ciddi zəmanətlərsiz təklifdir. Qeyd etdiyim kimi, indilikdə Qafqaz Rusiya üçün prioritet deyil. Putin var gücü ilə Qərblə münasibətlər istiqamətində işləyir”.
***
Hərbi ekspertin “Qarabağda müharibə Moskvasız da alovlana bilər” sözləri əslində Bakının Qarabağ təklifini qulaqardı edən Kremlin Avrasiya layihələrindən “yan gəzən” Azərbaycana xəbərdarlığı kimi də yozula bilər. Yəni ya qeyd-şərtsiz bizim yanımızdasınız, ya da müharibə “bizsiz alovlanacaq”. Ancaq ciddi təhlilçilərin hamısı bilir ki, postsovet coğrafiyasında müharibə məsələlərinə kim “baxır”. Bu, əlbəttə ki, əli hər yerə çatan Rusiyadır.
Söz düşmüşkən, bu il mayın əvvəllərində Felqenqauer Rusiya ordusunun Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayacağını demişdi. Onun fikrincə, yaxın aylarda böyük müharibə gözlənilməsə də, Moskva Ukrayna münaqişəsinə birbaşa təsir etmək barədə hələlik qərar qəbul etməsə də, ordu texniki olaraq buna hazırdır: “Rusiya ordusu yayda Ukraynaya girə bilər”. Felqenqauer onu da əlavə eləmişdi ki, Ukraynada Rusiya meylli döyüşçülər müharibə barədə özləri qərar verməyəcək: “Çünki onlara Rusiyanın hərbi dəstəyi lazımdır”.
Belə bir dəstək yeni müharibədə yüzdə yüz erməni separatçılarına da lazım olacaq. Demək, ermənilər də Donbasın silahlı separatçıları kimi heç vaxt Rusiyanın izni olmadan Azərbaycanla savaşa girməyəcəklər.
İstisna deyil ki, Rusiya Qarabağ məsələsində dönüş yaratmağı məhz elə Ukraynadan sonraya saxlayıb. O zaman Azərbaycanı israrla Avrasiya Birliyinə çağıran Moskvanın Qarabağa dair yeni həll modeli nədən ibarət ola bilər?
Bunu yəqin ki, önümüzdəki yay aylarında biləcəyik.
Analitik xidmət musavat.com/