Səhiyyə naziri Oqtay Şirəliyev “Dövlət tibb müəsissələrində pulsuz tibbi xidmətin təşkili” barədə əmr versə də, əksər dövlət tibb müəssisələrində nəinki bu əmrə məhəl qoyulmur, əksinə, bu müəssisələrdə qiymətlər özəl klinikalardan da bahadır.
Bakı şəhər sakini Samir Ağayev tərəfindən Editor.az-ın elektron ünvanına göndərilən şikayət məktubunda da bundan bəhs olunur.
Şikayətçi bildirir ki, atasını əməliyyat etdirmək üçün 1 saylı şəhər kliniki xəstəxanasına aparıblar:
“Atam mədə yarasından əziyyət çəkirdi. Həkim ona baxan kimi dedi ki, dərhal əməliyyat olunmalıdır. Əks halda mədə yarasının şiş xəstəliyinə, xərçəngə çevriləcəyini söylədi. Biz də onun dediyi ilə razılaşdıq. Əməliyyata bir gün qalmış qiymət söhbətini elədik. Açıq şəkildə dedi ki, əməliyyata görə, bizdən 2500 manat pul alacaq. Biz paralel olaraq bir neçə özəl klinikada da olmuşduq. Orada əməliyyatın ümumi qiyməti 2000 manat idi. Fikirləşdik, 500 manata görə, risk etməyək. Nə biləydik ki...”.
Şikayətçi qeyd edir ki, əməliyyat standart olduğundan elə də ciddi fəsadı olmayıb:
“Amma bizə deyilmişdi ki, 2500 manatın içinə hər şey daxildir. Yəni xəstənin qalması, qidalanması, dərman təhcizatı və s. Amma hələ əməliyyat başlamamış köməkçi həkim bizi çağırıb, siyahı verdi. Siyahıda əməliyyatda istifadə olunan bütün avadanlıq və dərmanlar, hətta həkimin əlinə geyəcəyi əlcək də yazılmışdı. Biz atamıza xatir onun dediyi ilə razılaşmalı olduq. Əməliyyatdan sonra isə əməlli-başlı soyğun başladı. Hər gün sistemlər, dərmanlar alırdıq. Özü də çox baha qiymətə. Həkimlər dərman firmaları ilə separat razılaşmaya gedib, bizə baha dərmanlar yazır və buna görə, faiz alırdılar. 10 gün xəstəxanada qalmaq bizə əlavə 1000 manata başa gəldi. Nəzərə alanda ki, 2500 manat da əməliyyat xərci ödəmişdik, bu rəqəm 3500 manata çatır. Nəinki Bakıdakı özəl klinikalarda, hətta Türkiyə və Rusiyada belə bu qiymətə mədə yarası əməliyyatı etmirlər. Sonra da deyirlər ki, xəstələr niyə xaricə üz tutur?”.