Sabiq nazir Misir Mərdanovun bəzi kadrları hələ də Təhsil Nazirliyində mühüm vəzifələrdə çalışırlar. Qeyd edək ki, Mikayıl Cabbarov nazir vəzifəsinə təyin olunandan sonra qurumun mərkəzi aparatında bəzi kadr islahatları apardı və köhnə komandanın əksər üzv işdən kənarlaşdırdı. Amma keçmiş nazirin bəzi kadrlarına toxunulmadı. Belə ki, onlar hansısa qüvvələrin yardımı ilə tutduğu postlarda qalmağı bacardılar.
Həmin şəxslərdən biri də Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovdur. Bu şəxsin barəsində indiyə qədər ayrı-ayrı mətbuat orqanlarında saysız-hesabsız tənqidi yazılar dərc edilib və o müxtəlif qanunsuzluqları icra etməkdə ittiham olunub. Bütün bunlara baxmayaraq, şöbə müdiri nazirlikdəki "toxunulmazlıq statusu"nu qoruyub saxlayır. Araşdırmalar göstərir ki, şöbə müdirinin iştirakı ilə həyata keçirilən bir sıra qanuna zidd əməllər nazirliyin fəaliyyətinə, ümumilikdə isə ölkə təhsilinin inkişaf tempinə mənfi təsir edir. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, son vaxtlar bu sahədə savadlı kadr qıtlığının yaşanması birbaşa şöbə müdirinin fəaliyyətindəki nöqsanlarla bağlıdır: "Nazirliklə bağlı olan bütün kadr məsələləri, yəni işə götürmə, işdən çıxarma və digər mühüm işlər strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin rəhbərinin tam nəzarətindədir. Şöbə müdiri müəllimlərin işə qəbulu, eləcə də onların yerlərinin dəyişdirilməsi məsələsini neçə illərdir ki, əlində saxlayır. Onun uzun müddətdir bu vəzifədə çalışdığını nəzərə alsaq, ötən illər ərzində qazandığı pulları hesablamağa bir neçə gün lazımdır. Şöbə müdirinin müəyyən etdiyi "tarif"lər şəhərlər və rayonlar üzrə dəyişir. Belə ki, paytaxtdakı təhsil müəssisələrində işə düzəlmək istəyən müəllimlərdən daha çox alınır. Bunun üçün işə qəbul olmaq istəyən şəxs mütləq vakant yerlərə imtahanda iştirak etməlidir. Amma bu imtahan əslində formal xarakter daşıyır və bu yolla sırf şəffaflıq görüntüsü yaratmağa çalışırlar. Fikir verin, imtahandan keçə bilməyən şəxslər aradan bir müddət ötəndən sonra müəllim kimi müxtəlif təhsil ocaqlarına təyinat alır. Əgər bu adam imtahandan keçə bilməyibsə, necə müəllim işləyə bilər? Təbii ki, şöbə rəhbərinə verdikləri "şirinlik" məsələdə həlledici rol oynayır. Bu işlərdə şöbənin aparıcı məsləhətçisi Zöhrab Kəlbəliyevin "əməyi" əvəzsizdir. O sanki əlaqələndirici funksiyasını həyata keçirir. Təhsil sahəsində əhəmiyyətli vəzifələrdə çalışan şəxslərin bir çoxu şöbə müdirinin kadrlarıdır. Onun bu vaxta kimi işdə qalmasının əsas səbəbi məhz nəzarətində olan təhsil şöbələrinə istənilən diqtəni edə bilməsidir. Diqqət yetirsəniz görərsiniz ki, hazırda yerli təhsil şöbələrinin yetərli hissəsində köhnə kadrlar müdir işləyir. Onların işdə qalmasının səbəbkarı Fərzəli Qədirovdur". Bizə çatan informasiyaya görə, Misir Mərdanovun yadigarı kimi göstərilən şöbə müdiri əlindəki imkanlardan istifadə etməklə həyat yoldaşını və digər yaxın qohumlarını direktor vəzifəsinə təyin etdirib. Bu barədə mənbənin dedikləri: "Onun həyat yoldaşı Kəmalə Qədirova 164 saylı orta məktəbin direktorudur. Bu ailə əvvəllər çox kasıb olub. Amma Fərzəli Qədirov şöbə müdiri vəzifəsinə keçəndən sonra birdən-birə varlanmağa başlayıblar. O oğluna, qızına bahalı avtomobillər, villalar, mənzillər alıb hədiyyə edib. Bundan başqa əlindəki imkanlardan istifadə edərək oğlu - 164 saylı məktəbin məzunu Fərid Qədirlinin qızıl medal almasına nail olub. Halbuki, o, bu medala layiq nəticə göstərməyib. Bunu təhsil ekspertləri də dəfələrlə verdikləri açıqlamalarında təsdiqləyiblər. Kəmalə Qədirovanın rəhbərlik etdiyi məktəbdə təhsil və nizam-intizam çox aşağı səviyyədədir". Xatırladaq ki, 2014-cü ilin fevral ayının 5-də məktəbin şagirdi Əliyeva Çinarə Samir qızı intihar edib və onun ölümündə direktorun adı hallandırılıb. İntihar edən qızın anası Hacıyeva Rufanə İslam qızı bununla bağlı baş prokuror Zakir Qaralova və təhsil naziri Mikayıl Cabbarova ünvanladığı müraciətdə dəhşətli məqamları açıqlayıb: "Mən dəfələrlə qaynar xəttə müraciət etmişəm, heç bir səs-səmir yoxdur. Nəsimi rayonundakı 164 saylı orta məktəbin direktoru Kəmalə Qədirova, onunla birlikdə bildiyini edən, özbaşınalıqla məşğul olan müəllimlər işləməyə davam edirlər. 05.02.2014-cü ildə qızım Əliyeva Çinarə Samir qızı intihar edib. İşə Bakı şəhəri Nəsimi rayon prokurorluğunda baxılıb. Qızım ölümqabağı kağız qoyub, sağlam düşüncəylə açıq-aşkar məktəbi ittiham edib. İş bağlandıqdan sonra mən hansısa sənədlərə qol çəkdim. Elə əvvəldən hiss etdim ki, məlum olan səbəblərə görə işə lazımi səviyyədə baxılmayacaq. Direktor Kəmalə Qədirova heç nə olmayıbmış kimi işini davam etdirir. Belə şey ola bilərmi? Müəllimlərin məktəbdə dərs saatı almaq üçün bir neçə min manat xərcləməsi heç kəsə sirr deyil. Bunu alanlar da hamıya yaxşı məlumdur. Bu xərci çıxarmaq üçün onlar uşaqların başına müsibət açır və bu pulu valideynlərdən qoparırlar".
Maraqlıdır ki, intihar işi ilə bağlı nə direktor istintaqa cəlb olunub, nə də digərləri. Beləliklə, ölüm işinin əsl səbəbləri gizli qalıb. Deyilənə görə, şöbə müdiri mötəbər əlaqələrini işə salaraq həyat yoldaşının cinayət işindən kənarda qalmasına nail olub.
Mənbənin sözlərinə görə, şöbə müdirinin fəaliyyətindəki nöqsanların sayı-hesabı yoxdur. Görəsən onu hansı keyfiyyətlərinə görə bu qədər məsul vəzifədə saxlayırlar? Ya onunla nazir Mikayıl Cabbarovun arasında hansısa anlaşma əldə olunub, ya da şöbə rəhbərini burda saxlayan qüvvələr var. Təhsil ekspertlərinin bildirdiyinə görə, sıravi rus dili müəllimi olan bu şəxs Misir Mərdanovun sayəsində nazirliyin ən məsul və aparıcı şöbəsinə müdir təyin edilib: "Başqa funksiyalarını bir kənara qoyaq, bildiyimiz kimi bütün ümumtəhsil məktəblərinə müəllim kadrların seçilməsi və yerləşdirilməsi bilavasitə onun rəhbərliyi ilə həyata keçirilir. Bu labirintə bənzər prosesin necə aparıldığını yəqin ki, 7-dən 77-yə qədər hamı bilir. Bilməyənlər də bilsin ki, dəfələrlə dəyişikliklərə məruz qalan "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydaları" da məhz onun "yaradıcılıq məhsuludur". Bu qaydaların tətbiqi sayəsində ildə 3-4 min vakant müqabilində müəllimlərin sayı 4000 min nəfər azalıb. Başqa sözlə, iş yerləri olduğu halda sayı belə məlum olmayan işsizlər ordusu yaranıb. Buna da yaxşı ad seçiblər: "optimallaşma"". Biz isə hesab edirik ki, nazirlikdə problem yaradan, bu qurumun fəaliyyətini iflic edən F.Qədirov tutduğu vəzifədən kənarlaşdırılsa, məqsədəuyğun olardı. Əks halda, yaxın gələcəkdə təhsil sistemində savadsız kadrların sayı daha da arta bilər. \\ gundelik-baku.com \\