Mikayıl Cabbarovun təhsil naziri kimi fəaliyyətinin fiaskosu rəsmən elan olundu. Artıq Misir Mərdanovu qınayanların da arqumentləri alt-üst edildi. Qərb təhsilli, qoruq müdiri işləmiş gənc M.Cabbarovun ölkə təhsilini bir qarış da irəliyə apara bilmədiyi sübuta yetirildi.
TİA.AZ- xəbər verir ki, Mərdanovdan sonra təhsildə islahatlar aparılacağı, təcrübəli müəllimlərin daha çox pedaqoji fəaliyyətinə şərait yaradılacağı, peşəkarlığın artırılacağı, təhsil şöbələrində və məktəblərdə rüşvət yığılmasına son qoyulacağı, süpürgə pulu tələb edənlərin cəzalandırılacağı barəsində verilən bəyanatlar blef çıxdı.
Ölkənin təhsil sistemi post-Mərdanov dövründə bir qədər də uçuruma doğru irəlilədi və yeni nazirin xidmətləri yalnız neqativlərlə yadda qaldı. Əksər şagirdlər buraxılış imtahanlarından “2” və “3” qiyməti alıblar. M.Cabbarov isə bu səviyyəni qaldırmağa müvəffəq olmaq əvəzinə, Mərdanovsayağı siyasətini davam etdirdi. Bu gün də mediada təhsil şöbələrində, məktəblərdə, kollec və liseylərdə biabırçı vəziyyətin hökm sürdüyü ictimailəşdirilir.
Nazirin “kassir” adını qazanmış kadrı Fərzəli Qədirov da bu rüsvayçı mənzərənin mövcudluğunda maraqlıdır. Çünki Mərdanov estafetini davam etdirməklə postunda möhkəmlənmək və milyonlar qazanmaq mümkündür.
M.Cabbarovun isə yarıtmaz təhsil siyasətini TQDK sədri Məleykə Abbaszadə açıqladığı statistika ilə ortalığa qoydu. Bunun göstəricisidir ki, Bakı məktəblərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə dair statistik göstəricilər açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının nəticələrinin statistik göstəricilərini açıqlayıb.
9-cu siniflər buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31490 şagirddən 404 nəfəri imtahana gəlməyib, 5 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub.
TQDK-nın internet saytında 31081 şagirdin imtahan nəticələri yerləşdirilib. Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və Riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85.%-i ana dili fənni üzrə, 57.98%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıb. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 44.15%-i, riyaziyyat fənni üzrə isə 42.02 %-i “4” və “5” qiyməti alıblar.
Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56.%-i ana dili fənni üzrə, 44.16%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.44%-i, riyaziyyat fənni üzrə isə 55.84 %-i “4” və “5” qiyməti alıblar. 56 nəfər maksimum nəticə göstərərək 60 bal toplayıb.
11-ci sinif üzrə buraxılış imtahanda iştirakı nəzərdə tutulan 24445 şagirddən 333 nəfəri imtahana gəlməyib, 18 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub.
TQDK-nın internet saytında 24094 şagirdin imtahan nəticələri yerləşdirilib. Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil (xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün kimya) fənnindən isə 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 45.67.%-i ana dili fənni üzrə, 35.39%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.32%-i, riyaziyyat fənni üzrə isə 64.62 %-i “4” və “5” qiyməti alıblar.
Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 36.85.%-i ana dili fənni üzrə, 27.32%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 63.15%-i, riyaziyyat fənni üzrə isə 72.68 %-i “4” və “5” qiyməti alıblar. 165 nəfər maksimum nəticə göstərərək 90 bal toplayıb.