İş adamları vəziyyətdən çıxmaq üçün, işçilərin maaşına göz tikib
Azərbaycanda proseslər olduqca sürətliə inkişaf edir. Bir məsələnin axırına çatmamış, digər hadisə baş verir. Amma bütün bu hadisələrin nəticəsində zərər görən sadə vətəndaş olur. Əvvəlcə məlum oldu ki, ölkədə keçiriləcək Avropa oyunları birbaşa vətəndaşın və dövlətin zərərinə işləyəcək.
Belə ki, dövlətin büdcəsi, vətəndaşın cibi boşalacaq. Daha sonra manatın devalvasiyası baş verdi və bir gecənin içində sadə vətəndaşa 2.2 milyard zərər dəydi. Bunun ardınca qiymət artımı müşahidə olundu və sadə vətəndaşın dolanışığı təhdid altına düşdü. Son olaraq isə Binəqədi rayonunda faciəli yanğın hadisəsi baş verdi və 15 vətəndaşımız dünyasını dəyişdi. Məlum oldu ki, bu faciənin səbəbkarı da hakimiyyətdir. Bəli, öncəki yanğınlardan dərs çıxarmayan hakimiyyət, insanları faciə ilə üz-üzə qoydu. Daha çox qazanmaq istəyi, vətəndaşın ölümü ilə nəticələndi.
Bütün bu hadisələrin şokundan ayılmamış oliqarxların həbsi xəbəri yayıldı. Bəlli oldu ki, 100-ə yaxın iş adamı istintaqa cəlb olunub və “bandotdel” ə aparılıb. Ardınca 43 iş adamının azad olunması xəbəri yayıldı. “Maliyyə xəyanəti”ndə ittiham olunan oliqarxlar, yenidən iş başına qayıtdılar. Sual oluna bilər ki, bunun sadə vətəndaşa nə aidiyyatı var.
Məsələ burasındadır ki, “bandotdel”ə dəvət olunmuş oliqarxlardan pul tələb olunur və bu vəsait lazımi ünvana çatmalıdır. Bunun üçün isə oliqarxlar əziyyət çəkməlidir. Indi kimisi villasını, kimisi avtomobilini satışa çıxarıb. Amma faciə burasnıdadır ki, bu oliqarxların hər birinin müəyyən sayda obyektləri var və bu obyektlərdə xeyli adamlar çalışır. Mətbuata sızan məlumata görə artıq bu obyektlərin qapadılması prosesi gedir və işçilərin əmək haqqı verilmir. Yəni, yuxarıdan sıxılan oliqarxlar, aşağıların hesabına boşalmaq istəyir. Hakimiyyətə gücləri çatmasa da, sadə işçini cəzalandıra bilirlər. Deməli, oliqarxların həbsi də vətəndaşın başında çatlayır və son məqamda fəhlənin haqqını tapdamaq çıxış yolu seçilir. Göründüyü kimi milyonçuların problemini, manata möhtac olanlar ödəyir.
Təəsüflər olsun ki, uzun illərdi Azərbaycan belə idarə olunur. Bütün dəyişikliklər, qanun-qaydalar, sərəncamlar, həbslər vətəndaşın müflisləşməsinə xidmət edir. Hətta milyonlarla manatı mənimsəməkdə ittiham olunanlar da vəziyyətdən çıxa bilir və məngənəyə ölkə vətəndaşı düşür. Hamı gücünü vətəndaşın üzərində sınayır. Amma bir gün mütləq vətəndaş da gücünü göstərəcək. O zaman haqq öz yerini tapacaq.
Azad