BŞDYPİ-nin şöbə rəisi Malik İbrahimov idarədə hansı funksiyanı yerinə yetirir?
Dövlət Yol Polisinin əsas vəzifələri yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkili, DYP aparatlarının və hissələrinin fəaliyyətinə təşkilati – metodiki rəhbərliyin həyata keçirilməsi, yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların və texniki normaların işlənib hazırlanmasında iştirak edilməsi, hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarətin həyata keçirilməsi, DYP hissələrinə xidmətlə bağlı əməli köməklik göstərilməsi həvalə olunmuş vəzifələrin icrasına nəzarətin təmin edilməsi və digər məsələlərdən ibarətdir.
Qeyd edək ki, Yol-Patrul Xidməti (YPX) Daxili İşlər Nazirliyi (DİN) Dövlət Yol Polisinin (DYP) tərkib hissəsi olaraq yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirir. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət yol-patrul xidməti əməkdaşları tərəfindən stasionar və digər post və marşrutlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya texniki nəzarətetmə vasitələrinin tətbiqi ilə həyata keçirilir. Yol-patrul xidməti öz fəaliyyətində “Polis haqqında” və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, DİN-in əmr və göstərişlərini, digər normativ aktların tələblərini, eləcə də bu təlimatı rəhbər tutmalıdırlar. Təəssüf ki, polis şərəfinə söz gətirən bəzi şəxslər bilərəkdən qanunları pozurlar.
Son illərdə polis sistemində çalışan şəxslərin əməkhaqları bir neçə dəfə artırılsa da, bəzi yol polislərinin gözü doymur. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəisi, polis polkovniki Nuşirəvan Səfərov və onun tabeliyində olan şəxslərin fəaliyyətlərindəki neqativ məqamlarla bağlı bu günə qədər mətbuat səhifələrində silsilə yazılar dərc olunub. Buna baxmayaraq, BŞDYPİ-nin rəhbərliyi tənqidlərdən heç bir nəticə çıxarmır, əksinə sürücülərin hüquqlarını pozmaqda, onlara səbəbsiz cərimələr yazmaqda davam edirlər. Bildiyiniz kimi, yol polisi bizim cəmiyyətin qınağı ilə daha çox üzləşən dövlət qurumlarındandır. Lakin etiraf etməliyik ki, yaddaşlara acı yumorla hopmuş fəaliyyəti ilə bəzən qan qaraldan “qai”lərimiz yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin əsas təminatçısıdır. Bu qurumu təmsil edənlərlə gündəlik təmaslarda qazandığımız emosiyaların bir müddət təsiri altından çıxa bilmirik.
Əlbəttə, arada bir narazılıqlar da olur. Qayda-qanuna isə riayət etmək hamımızın borcudur. Onu da deyək ki, yol polisinin fəaliyyətindən edilən şikayətlərin spektri müxtəlifdir. Bura sürücülər üçün yaradılan süni maneələri daxil etmək olar. Cərimələrin ödəniş forması da qaranlıqdır. Əslində, ödənişlərin bank vasitəsilə aparılmalı olduğu halda, qeyri vasitələrə əl atılır. Yol polisi şöbələrində bu məsələni inhisarda saxlayan əməkdaşlar var. Dislokasiya qaydalarına bilə-bilə məhəl qoymayaraq yol hərəkəti qaydalarının daha çox pozulduğu müşahidə olunan ərazilərdən kənara çıxan əməkdaşlar da az deyil. Bu isə paytaxtın mərkəzində uzun tıxacların yaranmasına səbəb olur.
Bakıda keçiriləcək I Avropa Oyunlarının açılışına sayılı günlər qalır. Dünyanın hər yerindən ölkəmizə təşrif buyuracaq qonaqların xoş təəssüratlarla qayıtmaları hər bir azərbaycanlı üçün vacib bir məsələdir. Yol hərəkətinin əsas iştirakçısı olan sürücülərimiz bunu nəzərə almalı, pozuntulara nədən ola biləcək hərəkətlərə yol verməməlidirlər. Eyni tələblər paytaxtımızın yol polisi əməkdaşlarına da aiddir. Qanunla yol patrul xidməti avtomaşınlarının restoranların ərazisinə daxil olması ümumiyyətlə qadağandır. Buna baxmayaraq, yol polislərini gündüzlər, özü də iş vaxtı restoran-kafelərdə görmək olar.
Son zamanlar narahatlıq doğuran hallardan biri də nəzərdə tutulmayan yerlərdə saxlanmış nəqliyyat vasitələrinin evakuatorlar vasitəsilə cərimə meydançalarına daşınmasının az qala kütləviləşməsidir. Bu məsələnin artıq yol polisi əməkdaşlarının müəyyən hissəsinin biznes marağına daxil olmasına yəqin ki, çoxları etiraz etməz. Paytaxtın müxtəlif rayonlarında sıralanan cərimə meydançalarının günbəgün sərgilənən say artımı deməyə əsas verir ki, nəqliyyat vasitələrinin evakuatorla “əkişdirilməsi” əməlli-başlı biznesə çevrilib. Deyilənə görə, bu biznesə hörmətli Nuşirəvan müəllim şəxsən özü nəzarət edir. Bəs bu şıdırğı biznesdən dövlətimizin büdcəsinə konkret nə qədər vəsait ödənilir? İnanın, rəqəmlər açıqlansa, maxinasiyaların miqyası da üzə çıxa bilər. Özünüz fikirləşin, əgər avtomobilinizi nəzərdə tutulmayan yerdə saxlayıb, deyək ki, yaxınlıqdakı marketə azı 5 dəqiqəlik baş çəkmək fikrini reallaşdırsanız, xərcə düşmək zorunda qala bilərsiniz. Sizin rüşvət vermək fikrində olmadığınızı görüb məsələni rəsmiyyətə salsalar, banka yüngül ödənişlə canınızı qurtara bilərsiniz. Lakin nəzərə almaq lazımdır ki, yalnız qanun işləyəndə bank yada düşür. Qalan bütün hallarda isə hamımız bilirik ki, ortada qeyri-rəsmi alış-veriş var. Yəni qazancın əsas hissəsi evakuator əkişdirmələrini reallaşdıranların payına düşür. BŞDYPİ tərəfindən formal mühafizə olunan cərimə meydançalarının əksəriyyətində maraqlı “halallıq kompleksi” gerçəkləşib. Burada cərimə ödənişi prosesi kameraların yaddaşına köçürülür.
Cərimə qəbulu “məntəqə”lərindəki bütün proseslərin lentə alınması ola bilsin, məbləğin bölüşdürülməsi zamanı “yuxarıdakı” söz sahibləri arasında halallığa təminat verir. Nəzərə alsaq ki, Bakı kimi böyük şəhərdə gün ərzində minlərlə maşın evakuatorların “qəzəbinə” düçar olur, bu biznesdə əməlli-başlı işlək mexanizmin ustalıqla qurulduğunu asanlıqla yəqin etmək mümkündür. Hələ indiyə kimi evakuatorların gətirdiyi külli miqdarda gəlirlərin “xırıd” edilməsi də sirr olaraq qalır. Bu məsələ ilə məşğul olan özəl şirkətlərin vergi hesabatları nədənsə ciddi yoxlanılmır. Digər tərəfdən, paytaxtımızda aparılan evakuasiya “əməliyyatlarının” effekti də gözə dəymir. Bu gün şəhərimizin istənilən yerində avtomobillərin qanunsuz park edilməsi hallarına rast gəlinir. Sürücülərin maşını piyadalar üçün nəzərdə tutulmuş səkilərdə saxlaması isə az qala kütləviləşib. BŞDYPİ rəhbərliyinin, şəxsən paytaxtın baş yol polisi Nuşirəvan müəllimin diqqətindən xəbərsiz baş verdiyini oxucular qarşısında iddia etmək bizcə, gülünc olardı. Rəisin tabeliyindəki şəxslər sürücülərə əməlli başlı qənim kəsiliblər. Dəfələrlə sürücülərin heç bir qayda pozuntusuna yol vermədikləri halda saxlanılmalarının, cərimə edilmələrinin şahidi olmuşuq.
Bununla yanaşı, yol polisləri qayda pozuntularına göz yummaq üçün sürücülərdən rüşvət də alırlar. Nuşirəvan Səfərov bizə inanmırsınızsa, sizə konkret fakt göstərə bilərik. Belə ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində konkret şəxslər ayrılıb ki, onlar ancaq qeyri-rəsmi ödənişlərə nəzarət edir və yığılanları idarənin rəhbərliyinə çatdırırlar. Redaksiyamıza daxil olan məlumatlara görə, Nicat-Emin-Kərim üçlüyü bura işi düşən vətəndaşlara ciddi problemlər yaradaraq onları incidirlər. Açıq-aşkar şəkildə vətəndaşlardan rüşvət tələb edirlər. Hələ bu azmış kimi, Nicat adlı əməkdaş deyir ki, Malik İbrahimova zəng edib qiyməti müəyyənləşdirim. Yox elə bilməyin ki, bura bazardır. Bura Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 12-ci otağıdır. Hansı ki, bu günlərdə həmin otaqda vətəndaşdan 500 manat rüşvət alınıb. Bu pullar kimin cibinə gedib, cənab polkovnik?
Bu da sizə fakt Nuşirəvan Səfərov, işçiləriniz rüşvət alır. Belə olan halda sözügedən qurumda hansı şəffaflıqdan, qayda-qanundan danışmaq olar? Dövlətin müvafiq qanunu var və buna uyğun olaraq vətəndaş ona yazılan cəriməni ödəməlidir. Məgər, bura bazardır ki, vətəndaşla qiymətdə anlaşma əldə olunsun? Rüşvət olayında adı hallandırılan Malik İbrahimovun kimliyinə gəlincə demək istəyirik ki, bu şəxs Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında işlər üzrə qərarların icra şöbəsinin rəisidir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, şöbə rəisi idarə rəhbərinin sağ əli kimi tanınır, eyni zamanda yığım işlərinin böyük hissəsinə nəzarət edir.
Başqa sözlə deyilsə, BŞDYPİ rəhbərliyinə çatan “şirinlik” ilk olaraq Malik İbrahimovun əlindən keçir. Mənbənin bildirdiyinə əsasən, Bakı şəhərində maşınları zorla əllərindən alınan və barəsində həddindən artıq yüksək məbləğdə cərimə yazılaraq avtoxuliqanlıq maddəsi ilə məhkəməyə göndərilən sürücülərin sənədlərinə şəxsən şöbə rəisi özü baxır: “Əksər sürücülərdə DİN-ə qarşı mənfi fikrin formalaşmasında onun rolu az deyil. Sanki o bütün bunları qəsdən edir ki, daxili işlər orqanlarının adına artıq söz gəlsin”.
Araşdırmalar nəticəsində öyrəndik ki, sürücüləri boğaza yığan və vəzifə səlahiyyətlərini düzgün şəkildə icra edə bilməyən şöbə rəisi keçmiş təhsil naziri Misir Mərdanovun qohumudur. Deyilənə görə, elə bu səbəbdən onun vəzifə başında etdiyi özbaşınalıqlara, sürücüləri haqsız incitməyinə göz yumulur. İddialara görə, şöbə rəisinin qanunsuz əməllərindən əziyyət çəkən sürücülərin sayı yüzlərlədir. Buna baxmayaraq, idarə rəisi onun həyata keçirdiyi qanunsuzluqların qarşısını almaq əvəzinə, ona himayədarlıq edir. Bayaq qeyd etdiyimiz kimi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisinin adı indiyəcən müxtəlif xoşagəlməz işlərdə çəkilib.
Bir müddət əvvəl isə polkovnik bacısı oğlu ilə bağlı məsələdə gündəmə gəlmişdi. Yayılan məlumatlarda bildirilirdi ki, rəisin bacısı oğlu Namiq Kərimov saxlanılan müddətə qədər BŞDYPİ-də sərxoş sürücülərlə bağlı şöbəyə rəhbərlik edirmiş. Məlumata görə, onun saxlanılmasına səbəb 2500 manat pul alarkən yaxalanmasıdır. Lakin onun saxlanılması cəmi bir gün davam edib. Dayısı işə qarışaraq bacısı oğlunu həbsdən xilas edib. Amma bu zaman Namiq Kərimovun işdən çıxarılmasına dair əmr verilib. İdarə rəisi bacısı oğlunun yerinə qaytarılması üçün bəzi şəxslərlə danışıq aparsa da, nəticəsi olmayıb.
Xatırladaq ki, bir müddət əvvəl ANS televiziyasının efirində BŞDYPİ-nin rəisi ilə bağlı maraqlı süjet efirə verilib. Fəvvarələr meydanında çox bahalı dövlət nömrə nişanları olan bir neçə dəbdəbəli avtomobilin saxlandığı və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının bu halı görməzdən gəldiyi bildirilib: “Gözümüzdən yayınmayan, yollarda baş verən qanunsuzluqlardan biri qara plyonkalı avtomobillərə hələ də paytaxt yollarında rast gəlinməsidir. Baxmayaraq ki, bu barədə prezidentin sərt göstərişi olub. Təəssüf ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ölkə başçısının bu göstərişindən bir neçə müddət keçməsinə baxmayaraq, hələ də pəncərələrində qara plyonkalarla avtomobil idarə edən sürücülərin öhdəsindən ya gələ bilmir, ya da gəlmək istəmir. Amma magistral yollarda paytaxt yolları ilə müqayisədə vəziyyət bu sarıdan daha yaxşıdır. Çünki Respublika Baş Dövlət Yol Polis İdarəsinin mütəmadi apardığı tədbirlər nəticəsində magistral yollarda şütüyən qara plyonkalı avtomobillərə qarşı tədbirlər görülür. Bəlkə elə bu səbəbdəndir ki, magistral yollarda paytaxta nisbətən daha az sayda qəzalar baş verir və yol-nəqliyyat hadisələri zamanı ölənlərin sayı da azdır”.
Yazı ilə bağlı bütün tərəflərin cavab haqqını tanıyırıq.editor.az/