Elxan Şahinoğlu: “İndi Məmmədov konsul olaraq Makedoniyada biznesini artırmaq üçün statusunu artırmış oldu”; Ruslan Məmmədov: “O adamın dedikləri hamısı boş şeylərdir”
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun adı ətrafında daha bir qalmaqallı söhbətlərin yayılmasına Makedoniyakı Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahimin yaydığı açıqlama səbəb oldu.
Musavat.com-un türk deputata istinadən yaydığı sensasion məlumata görə, “iş adamı Anar Məmmədov külli miqdarda rüşvət verib Makedoniyadan fəxri konsulluq alıb”. Enes İbrahim bildirib ki, Makedoniyada qardaş Azərbaycanın adının çirkli pullarda hallanması onları çox narahat edir.
Azərbaycanın ən böyük şirkətlər qrupundan biri olan “Garant Holding”in təsisçisi, Azərbaycan Qolf Federasiyasının təsisçisi və prezidenti, Azərbaycan-Amerika Alyansının təsisçisi və rəhbəri kimi titullar daşıyan Anar Məmmədov Makedoniya Respublikasının Azərbaycandakı fəxri konsulu postuna bu ölkənin xarici işlər naziri Nikola Poposkinin Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarova göndərdiyi məktubla təyin edilib. İndi iddia budur ki, cənab Məmmədov bu adı rüşvətlə alıb. Bildirildiyinə görə, hazırda onun Makedoniyada geniş biznesi də var. İddia ilə bağlı hələ ki nə Anar Məmmədov, nə də vəkili mətbuata açıqlama verməyib.
Qeyd edək ki, bir müddət əvvəl iş adamı Hafiz Məmmədovun oğlu Kənan Məmmədov Xorvatiyanın Azərbaycandakı xoşməramlı səfiri seçilib. Bildirilirdi ki, Xorvatiya hökuməti 23 yaşlı bu şəxs barədə məlumat topladıqdan sonra onun namizədliyi üzərində dayanıb və istəyini Azərbaycan tərəfə bildirib.
İş adamlarının fəxri konsul rütbəsi almağa meylli olmasının səbəbləri maraqlıdır. Bu ad xüsusi şəkildə toxunulmazlıq statusumu verir, yoxsa ayrı səbəblər var? Konkret halda nəqliyyat naziri Ziya Məmmədovun oğlunun Makedoniyanın fəxri konsulu olması onunçün hansı mənanı kəsb edir?
Deputat Fazil Mustafa deyir ki, bu, həmin ölkənin seçimidir: “Ölkələrin səlahiyyətli orqanları belə bir fəxri adlar verə bilir. Necə ki, bizim universitetlərdə də fəxri professor və başqa titullar verirlər. Bunlar heç bir xüsusi hüquq yaratmır. Amma ölkənin təbliği baxımından, ölkənin tanıtdırılmasında xidmət göstərmək üçün əslində verilən mənəvi bir imtiyazdır, bundan başqa bir şey ifadə etmir. Yəni bunu istənilən adama istənilən ölkə üçün verə bilərlər. Hətta Azərbaycan da belə bir ad verə bilər - əgər Azərbaycan qarşısında xidmətləri varsa, xaricdə Azərbaycanı təmsil edirlərsə. İndi mən bilmirəm Makedoniyanın təbliği ilə bağlı hansı addımlar nəzərdə tutulub, yaxud onların niyyəti nədir. Amma hər halda burda hüquqazidd bir şey yoxdur, istənilən şəxsə bu titulu verə bilərlər”.
F.Mustafa qeyd etdi ki, fəxri konsulluq həmin şəxsin toxunulmazlıq hüququ əldə etdiyi anlamını da vermir: “Bu, mənəvi xarakter daşıyan məsələdir, hüquqi sənəd kimi elə bir rolu yoxdur”. Deputat fəxri konsulun həmin ölkə qarşısında hansısa öhdəçilik götürmədiyini də qeyd etdi: “Əgər bu, hansısa problem yaradarsa, bu addan məhrum edilə bilər”.
Ancaq F.Mustafa rüşvət ittihamını ciddi qəbul etmir: “İnanmıranm ki, bu məsələ rüşvətlə həll olunsun. Çünki əslində həmin ölkənin özü maraqlıdır ki, onun müəyyən dərəcədə təbliğində geniş iştirak edə biləcək imkanlı adamlara imtiyaz versin. İmkanlı şəxslərə, bizneslə məşğul olan adamlara da bu titulu verə bilərlər ki, onun təbliğində hansısa işləri görə bilsin”.
Politoloq Elxan Şahinoğlu bildirdi ki, dünya praktikasında fəxri konsulların iş adamlarına tapşırılması praktikası var: “Hər hansı ölkənin bir başqa ölkədə xüsusi konsulluq saxlamağa ehtiyacı olmadıqda həmin ölkədə tanınmış bir iş adamını tapır, bu səlahiyyəti ona tapşırır. Bu, həmin ölkə üçün də xeyirlidir ki, konsulluq açmaqla və ora diplomat göndərməklə əlavə pul xərcləmir, iş adamına da xeyirlidir ki, statusunu artırır, digər tərəfdən çalışdığı ölkədə biznes maraqlarını həyata keçirir. Məsələn, 2000-ci ildə Beyrutda olanda Azərbaycanın bu ölkədəki konsulu ilə tanış oldum. Həmin şəxs Livanın iş adamı idi, o həm biznesi ilə məşğul olur, həm də ölkəsində Azərbaycanın maraqlarını təmsil edirdi. Düşünürəm ki, Makedoniya da məhz eyni arqumentdən çıxış edərək Anar Məmmədovu konsul təyin edib”.
E.Şahinoğlunun fikrincə, Makedoniya “bir güllə ilə iki dovşan” vurub: “Bilirlər ki, Anar Məmmədovun atası məşhur oliqarx-nazirdir, sözü keçən adamdır, Azərbaycanda böyük kapitalı və layihələri var. Ona görə belə şəxs Makedoniyanın Azərbaycandakı maraqlarının təmsilində də uğurlar əldə edəcək. O biri tərəfdən gələn xəbərlərə görə, Məmmədovlar ailəsinin Makedoniyada biznes maraqları var. İndi Məmmədov konsul olaraq Makedoniyada biznesini artırmaq üçün statusunu artırmış oldu. Bir sözlə, belə bir prinsip işləyəcək: ”Mən sənə, sən də mənə". Ancaq həm Makedoniyanın, həm də Anar Məmmədovun nəzərə almadıqları ciddi amillər var. Birincisi, Anar Məmmədovu konsul təyin edən Makedoniya hökuməti nəzərə almalıdır ki, Azərbaycanda mənbəyi bilinməyən pullarla varlanan oliqarxları sevmirlər və onları istənilən an sorğu-suala cəlb edə bilərlər. Konsul təyin olunan oliqarx isə bilməlidir ki, Makedoniyada vəziyyət sabit deyil, müxalifət hökuməti yıxmaq üçün bütün gücünü səfərbər edib və bu işdə müxalifətə rəsmi Vaşinqton da dəstək verir. Yeni hakimiyyət isə keçmiş hakimiyyətin bütün, o cümlədən konsul təyinatlarını təftiş edə bilər".
A.Məmmədovun vəkili Ruslan Məmmədov isə “Yeni Müsavat”a açıqlamasında qısaca bunları bildirdi: “Mən xaricdəyəm, geniş şərh verə bilmirəm. Amma bunlar 100 faiz yalandır. O adamın dedikləri hamısı boş şeylərdir”.
Cavid TURANhttp://musavat.com/