Bakının Dostluq Parkındakı qanunsuz villaların söküntüsü davam etdirilir. Məlumat üçün bildirək ki, bu məsələ dövlət başçısı İlham Əliyevin müdaxiləsindən sonra aktuallaşmış və Bakı Şəhər İcra Hakimiyyətinə həmin tikililərin sökülməsilə bağlı göstəriş verilmişdir.
Maraqlıdır ki, sözügedən ərazidəki villaların əksəriyyəti sökülsədə onların sahibləri hələ də üzə çıxmayıblar. Söküntü işlərinin yekunlaşmasından sonra isə həmin ərazidə minlərlə ağacın əkilməsi planlaşdırılır. Amma məsələnin maraqlı tərəfi bundan ibarətdir ki, hazırda sökülən həmin villaların yerində vaxtilə yaşıllıqlar olub, tikililər isə həmin ağacların kəsilməsindən sonra reallaşıb. Belədə ortaya sual çıxır: Yaşıllıqların və ətraf mühitin mühafizəsinə məsul olan qurumlar görəsən həmin vaxt hara baxırmış? Hər halda ağacların həmin qurumların xəbəri olmadan kəsilməsinə inanmaq sadəlöhvlük olardı. Bəs nə baş verib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamenti paytaxtın gözəgəlimli yerində yaşıllıqların məhv edilməsinə göz yumub?
Bununla bağlı anaxeber.info-da olan məlumatda iddia olunur ki, vaxtilə Dostluq Parkında tikintilərə start verilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynov prosesə şəxsən "xeyir-dua" verib. Mənbə bu "xeyir-duanın" qarşılıqsız qalmadığını və Xalıqverdi Hüseynovun bu işdən kifayət qədər karlı çıxdığını bildirir: "Hazırda isə bu işdə iştirakı olan bütün şəxslər araşdırıldığından cəzalananlar siyahısında Xalıqverdi Hüseynovun olacağı da istisna edilmir".
Sonda qeyd edək ki, anaxeber.info olaraq məsələni diqqətdə saxlayırıq və yaxın günlərdə mövzuyla bağlı daha şok detalları açıqlayacağıq.