Daxili İşlər Nazirliyi (DİN) iyun ayının 11-də I Avropa Oyunlarının Atletlər Kəndinin nəqliyyat deposunda baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb.
Məlumatda xatırladılır ki, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün nəzərdə tutulmuş səki ilə gedən Avstriyanın yığma komandasının iki üzvünə bədən xəsarətləri yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törətmiş avtobusun sürücüsü barəsində həbs qətimkan tədbiri seçilərək istintaq aparılır.
Lakin həmin gün, qeyd edilən yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntü naməlum mənbədən sosial şəbəkələrə və internet portallarına yerləşdirilib. Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində videonun Nizami Rayon Polis İdarəsinin (RPİ) Təhlükəsiz Şəhər Xidmətinin bir əməkdaşı tərəfindən telefona köçürməklə tanışlarından birinə göndərməsi və onun da videonu sosial şəbəkədə yerləşdirməsi müəyyən olunub. Ciddi xidməti qəbahətə yol vermiş polis əməkdaşı barədə dərhal müvafiq yoxlama aparılıb və o, daxili işlər orqanlarından xaric edilib.
Xidməti araşdırmalar davam etdirilir.