Sabiq məmurun Ermənistana neft satması yenidən gündəmdə

15-06-2015, 09:17   
Sabiq məmurun Ermənistana neft satması yenidən gündəmdə
Mülkləri Rizvan Vahabov tərəfindən mənimsənilən 7 vətəndaş redaksiyamıza sabiq məmurun Ermənistana neft satmasının şok detallarından bəhs edən sənədlər təqdim etdi

“Yeni Müsavat”ın ötən saylarının birində Neft Kəmərləri İdarəsinin sabiq rəisi Rizvan Vahabovdan şikayət dərc olunmuşdu. Redaksiyamıza müraciət edən Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamik Əhmədov, Əhliman Alıyev və Adil Kazımov bildirmişdilər ki, keçmiş məmurun qanunsuz hərəkətləri bu gün də davam edir.

Şikayətçilər 2011-ci ildə Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alıblar.

Sonradan onlar Rizvan Vahabovun qanunsuz iddiaları ilə rastlaşıblar. Bu yazıdan sonra şikayətçilər redaksiyaya R.Vahabovla bağlı bəzi materiallar təqdim ediblər. Həmin materiallarda Neft Kəmərləri İdarəsinin (NKİ) keçmiş rəisi Rizvan Vahabovun ünvanına olan çox ilginc ittihamlar yer alır.

Şikayətçilər redaksiyamıza 2004-cü ildə “Təzadlar” qəzetində R.Vahabovun fəaliyyətinə həsr olunan silsilə yazılar dərc olunmuş bir qovluq təqdim ediblər. “Təzadlar”ın 11-18 may 2004-cü il tarixli sayında manşetdən dərc olunan “Azərnefttəchizat”da korrupsiya" sərlövhəli, “Azərbaycan benzini Ermənistan bazarlarına hansı yollarla və kimlər tərəfindən göndərilib?” yarımsərlövhəli yazıda düşmən ölkəyə yanacaq göndərilməsindən bəhs olunur.
Aktuallığını, maraqlı olduğunu nəzərə alıb həmin yazılardan bəzi özətləri təkrar dərc edirik:
“...Azərnefttəchizat”ın müfəttişi S.Quliyev Gəncə Paylayıcı Neft Bazasını yoxlayarkən, 57 milyon dollardan çox yanacaq oğurluğunun üstünü açıb...

Bu yoxlama-təftişlə məlum olub ki, neçə illər imiş yanacaq talanı baş alıb gedirmiş. Təxminən 1200-ə yaxın vaqon-sistern (120 tonluq, təxminən 144 min ton yanacaq) yanacaq Gəncə Paylayıcı Neft Bazasının adına yazılıb. Bu yanacağın az bir qismi Gəncəyə gedib çatıb. Qalanı isə başqa yerlərə göndərilib. Hətta Ermənistana da bu yanacaqdan gedib çıxıb. Bu barədə az sonra.

Lakin ən maraqlı cəhət həm də budur ki, bu qədər yanacağı Gəncə Neft Bazasının adına silənlər başa düşməyiblər ki, bu qədər yanacaq Gəncənin yanacaq tələbatından 8-10 dəfə çoxdur. Elə şübhə doğuran də bu olub, ölkənin ali hüquq-mühafızə orqanlarından birinin adının çəkilməsini istəməyən məsul əməkdaşının sözünə görə, o vaxt şübhə doğuran da elə bu olub. Rizvan Vahabovun başı bu yanacaq əməliyyatına necə qarışıbmışsa, baş verənləri təhlil etməyə vaxtı və imkanı belə olmayıb.

Hətta vəziyyət o qədər mürəkkəb olub ki, o, Bakıdan Gəncə adı ilə çıxan benzin dolu sisternlərin Ermənistana getdiyinin də fərqinə varmayıb. Təki benzin Bakıdan çıxıb gözdən-könüldən uzaq olsun və pulu gəlsin!




Ziya Məmmədovu susduran nə imiş?

İndi sual doğur, bəs Azərbaycan Dəmiryol İdarəsinin o illərdə rəisi olmuş Ziya Məmmədov niyə susurmuş?

Doğrudanmı, yüksək çinli dövlət məmurları üçün fərqi yox imiş ki, Azərbaycandan gedən bu yanacaq erməni tankına, təyyarəsinə doldurulub, sonra üstümüzə hücumun hərəkətverici qüvvəsi olacaq...

Bəs milli hiss, dövləti maraqlar, vətənpərvərlik? Doğrudanmı, bunlar yalnız kağız üzərində olur?

İndi məlum olur ki, dəmiryolu mütəxəssislərinin imzaladığı müraciət hələ 1998-ci ildə mərhum eks-prezident Heydər Əliyevə ünvanlanıb və göndərilib.

Bilmirik, həmin müraciət və sənədlər o vaxt dövlət başçısına çatdırılıb, ya yox, amma əlimizdə olan sənədlər həqiqətən də düşünməyə imkan verir ki, “Azərnefttəchizat"ın bölüşdürdüyü benzin həm də Ermənistana daşınıb, göndərilib.

Ermənistanın “Ayq” şirkətinin Bakıdakı “qohumları”

Müraciətdə deyilir:

“Doğrudanmı, yüksək dövlət məmurları üçün fərqi yox imiş ki, Azərbaycandan gedən bu yanacaq erməni tankına, təyyarəsinə doldurulub, sonra üstümüzə hücumun hərəkətverici qüvvəsi olacaq...”



“...Azərbaycan Dəmiryolu İdarəsinin rəisi Ziya Məmmədov (hazırda nəqliyyat naziridir - E.M) nəinki Ermənistan tərəfindən bizim vaqonlardan istifadə edilməsinin qarşısını almış, əksinə, hətta Gürcüstanın ermənipərəst ”Mari" firmasına qanunsuz olaraq 200 vaqon-sistern ən ucuz qiymətə satılmışdır. Bunların nəticəsidir ki, hazırda bizim vaqonlarla Batum və Poti limanlarından mütəmadi olaraq işğalçı Ermənistana neft məhsulları daşınır. Z.Məmmədov məlumat verir ki, guya yük Batum limanına gedir, orada da azad satışdır, hər hansı şirkət yanacaq ala bilər. Əslində isə Azərbaycandan gedən yanacaq dolu qatarlar elə Tbilisi stansiyasından Yerevana göndərilir".

Müraciət müəllifləri daha bir maraqlı məqamı qeyd edirlər:

“Respublikanın milli təhlükəsizlik naziri N.Abbasovun (1994-2004-cü illərdə bu vəzifəni tutub - E.M), Milli Məclisin iclasında respublikanın baş prokuroru Eldar Həsənovun (1995-2000-ci illərdə bu vəzifəni tutub-E.M), YAP-ın Siyasi Şurasının iclasında isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanovun (1993-2005-ci illərdə bu vəzifəni tutub -E.M) dəmir yolunun rəhbərliyinin vasitəçiliyi və təşkilatçılığı ilə işğalçı Ermənistana qatarlarla neft məhsullarının göndərilməsini ifşa etdilər...

Təəssüflə qeyd etməliyik ki, Azərbaycandan Gürcüstan adı altında Ermənistana yüzlərlə vaqon neft məhsullarının (yadımıza Gəncə Neft Bazasında it-bata düsən 1197 vaqon (120 tonluq) yanacaq düşür- red.) göndərilməsi, vaqonların orada boşaldılması yol-qaimə (peresıloçnaya-nakladnaya) sənədlərindən də aydın görünür. Aşkar olunur ki, Bakıdakı hansı firmalar Ermənistana yanacaq göndərir...

Hətta MTN əməkdaşlarının əvvəlcədən xəbər vermələrinə baxmayaraq, 3 qatar (hərəsi 4 min ton, cəmi 12 min ton) neft məhsulları Şirvan və Ağstafa stansiyalarından Ermənistana göndərilmişdir ..."

Bu da sənədlər: Azərbaycana məxsus 72125511, 73025777, 73624, 736, 71559132, 72061831 və s. çoxsaylı benzin dolu vaqonların Ermənistan Dəmiryolu İdarəsinin ştampı vurulmuş yol-qaimə sənədləri.

Tarixlər də təzədir: 03.06.1998, 03.11.1998, 24.11.1996-cı il və s. illər.
Baxın və nəticə çıxarın!

***
Bunlar “Azərnefttəchizat”dakı korrupsiyanın Azərbaycan Dəmiryolu İdarəsindən keçən izləridir.

Sərdar Mustafayev bunlardan doğrudanmı xəbərsiz olub?

Rizvan Vahabovun yaxın qohumu (kürəkəni) Sərdar Mustafayev “Azərnefttəchizat”da xarici-iqtisadi əlaqələr şöbəsınin rəisi işləyib. Güman edirik, onun rəhbərlik etdiyi şöbənin funksiyalarını izahlamağa ehtiyac yoxdur. Amma onu deməyə ehtiyac var ki xarici-iqtsadi ələqələrin müstəvisindən keçib Ermənıstana göndərilən yanacaq yükləri, məsələn, necə ola bilər ki, Gəncə Paylayıcı Neft Bazasının adına yazılan və Bakıdan yola salınan yanacaq dolu vaqonlar məhz S.Mustafayevin diqqətindən kənarda qalsın.

Çünki ən azı göndərilən yükün hesabat-qaimə, yükün boşaldılması, yük göndərənin həmin yükün ünvanına çatmasını təsdiqləyən yekun hesabat sənədləri və s. görməyə və bilməyə əsas verir ki, belə bir strateji yük hara gedib çıxır?

Mənbənin sözlərinə görə, həmin yüklər Gürcüstandan keçərək, həm Ermənistana, həm də Türkiyəyə, oradan bir qismi Naxçıvana gedib. Təbii ki, gömrük yoxlama-nəzarət məntəqələrində xırdaca araşdırma kifayətdir ki, yanacaq dolu vaqonların Gəncə adı ilə haralara gedib çıxdığı məlum olsun...

Çoxsaylı yanacaq vaqonları aylarla Azərbaycana niyə qayıtmırmış?

Gəncə Neftbazasında boşaldılmayan yanacaq dolu yük vaqonlarının 5-6 aylarla yoxa çıxması faktları da diqqətdən kənarda qala bilməz. Bunlar o vaqonlar olub ki, Ermənistana gedib çıxıb, yukü boşaldılıb, sonra geri qayıdıb.

R.Vahabov, yaxud Z.Məmmədov deyə bilər ki, biz yanacağı Rusiyanın fırmalarına şatmışıq, onlar kimə istəsələr sata bilərlər. Yəni bazar iqtisadıyyatıdır.

Sual edirik: Rizvan müəllim, əvvəla, siz məlumatlı idiniz ki, bu yanacaq dolu vaqonlar Ermənistana gedib boşalıb qayıdır. Alıcı firma qarşısında tələb qoya bilərdiniz ki, Azərbaycan benzini Ermənistana satıla bilməz! İkincisi, tutaq ki, bu benzin satılıb getdi. Bəs pulu dövlətə niyə ödənilmirdi? Bəlkə burada da bəhanə gətirilən azad ticarət prinsipi hakim idi? Bəs sizi vəzifəyə qoymuş prezident H.Əliyevin hələ 1996-cı ildə verdiyi pulu əvvəlcədən ödənilmədən yanacaq buraxılmasının qadağan olunması barədəki məlum sərəncamına niyə sayğısızlıq göstərmisiniz? Axı bu məbləğ yüz milyardları vurub keçirdi. Yəni dövlət əmlakını, xalq malını belə talamaqmı olardı?

Ermənistana benzin satanları ifşa edən təftişçini tutublar...

Halbuki hələ vaxtilə Tacikistandakı məşhur pambıq “pripiska”sında təftişçi kimi iştirak etmiş Salman Quliyev 57 milyon dollardan çox yeyintinin üstünü açmışdı. Onu mükafatlandırmaq əvəzinə, hələ bir 9 ay istintaq təcridxanasına saldıranda, düşünmürdünüzmü ki, hər şeyin üstünün açıldığı gün də olacaq?!".

*****
“Təzadlar” qəzetində illər öncə dərc olunmuş bu yazını redaksiyamıza təqdim edən vətəndaşlar deyirlər ki, bu cür ciddi ittihamların o dövrdə araşdırlmaması R.Vahabovun daha yeni qanunsuzluqlara getməsini şərtləndirən əsas məqam hesab etmək olar. Şikayətçilər deyir: “Cəzasızlıq yeni cinayətlərə yol açan başlıca amildir. Sənədləri saxtalışdırıb düşmənə yanacaq gönədrilməsi ittihamı ortada ikən R.Vahabovun illər sonra bizə (Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamik Əhmədov, Əhliman Alıyev və Adil Kazımova) qarşı etdiklərini cinayətə bərabər qanunsuzluqların məntiqi davamı hesab etmək olar”.

Yada salaq ki, adıçəkilən vətəndaşlar 2011-ci ildə Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alıblar. Az sonra isə R.Vahabov qayınanası A.Qoloveşkina vasitəsi ilə vətəndaşların qanuna uyğun şəkildə əldə etdikləri əmlakları onlardan almağa çalışıb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma zamanı məlum olub ki. R.Vahabovun 80 yaşlı qayınanasının məhkəmələrə təqdim etdiyi sənədlər saxtadır. 4 il davam edən məhkəmə çəkişmələrindən sonra iş növbəti dəfə Ali Məhkəməyə göndərilib. Vətəndaşlar inanırlar ki, bu məhkəmə instansiyasında nəhayət ki, ədalətli qərar veriləcək. Bununla da R.Vahabovun bir qanunsuzluğunun qarşısı alınmış olacaq...

E.MƏMMƏDƏLİYEV
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar