Jurnalist Həsən Babayev Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun özbaşınalığı ilə bağlı müraciət yayıb.
Arqument.Az həmin müraciəti təqdim edir:
"Əziz jurnalist həmkarlar, hörmətli millət vəkilləri,dəyərli dostlarım!
Xahiş edirəm kömək edin!
Bu gün ölkə başçısı cənab prezident İlham Əliyev Azərbaycanda məmur özbaşınalığı və korrupsiyaya qarşı sərt mübarizə elan edib.
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 31.01.2015-ci tarixli 1115005208 qeydiyyat nömrəli Çıxarışla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 29.01.2015-ci ildə 001013008894 Reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü (Texniki pasport) ilə ailəmə məxsus olan Binəqədi rayonu Goradil kəndindəki torpaq sahəsində kirayə yaşamaqdan canımı qurtarmaq üçün birmərtəbəli ev tikmək məqsədilə Binəqədi İcra Hakimiyətinə rəsmi olaraq müraciət etdim. Evin lisenziyalı şirkət tərəfindən hazırlanmış 3 nüsxədən ibarət eskiz layihəsini İH-nin Rayon Təsərrüfatı şöbəsinə, baş memar Şahin Musayevə təqdim etdim. 5 dəfə ayrı-ayrılıqda layihədə xirda dəyişiklik edilməsinin vacibliyini vurğulayaraq məni get-gələ saldı. Hər dəfə layihəni dəyişmək mənə maddi zərər bahasına başa gəlirdi. Nəhayət 5-ci dəfə dəyişiklikdən sonra heç bir problem olmadığını deyərək layihəni və rəsmi müraciəti qəbul etdi. Bir ay keçdikdən sonra ev tikməklə bağlı müraciətimə verilən cavabda qeyd olundu ki, evin dam örtüyü müvafiq qanunvericiliyə uyğun tərtib edilməyib.
Məlum oldu ki, baş memar Xaləddin İsgəndərovun göstərişi ilə bu addımı atıb. Çünki Binəqədi rayonu ərazisində sənədinin olub-olmamasından asılı olmayaraq ev tikməyin rüşvəti 8000-15000 manat arasında dəyişir. Bunu da torpaq sahəmiz olan ərazidəki sakinlərin dilindən eşitmişik. Hətta həmin ərazidə bizim qonşuluqda olan bir nəfərin evini rüşvət vermədiyi üçün buldozerlə dağırdıblar.Yəni bu rüşvət birbaşa Xaləddin isgəndərovun cibinə gedir. Mətbuatda yazılanlara görə, başçı bu işlə bağlı xüsusi dəstə saxlayır.
Dəfələrlə icra hakimiyətinə müraicət etdim. Mənə bildirdilər ki, əgər ev tiksən, buldozerlə dağıdılacaq. Onu da bildirdilər ki, Xaləddin İsgəndərov heç kimə güzəşt etmir. Əlbəttə, bütün bu deyilənləri icra başçısı qəbul etməyə bilər. Lakin sual olunur:
Hansı səbəbdən layihəyə 5 dəfə dəyişiklik edilməsi məqsədilə vətəndaş süründürməçiliyə məruz qalır? Sonda isə qeyd olunur ki, evin dam örtüyü qanunverciliyə uyğun tərtib edilməyib. Əgər belə bir hal var idisə, nə üçün baş memar layihəyə 5dəfə baxan zaman iradını bildirməyib. Deməli, ortada başqa məqsədlər var.
Hörmətli millət vəkilləri, əziz jurnalist həmkarlar!
İlk olaraq bunula bağlı sizlərə müraciət edirəm.
Dövlət başçımız cənab İlham Əliyev hər zaman çıxışlarında icra başçılarına vətəndaşlara xidmət etməkləri üçün tapşırıqlar verir. Dəfələrlə sərt şəkildə özbaşınlıq edən, vətəndaşları incidən icra başçılarına, məmurlara xəbərdarlıq edib.
Təəssüflər olsun ki, Binəqədi Rayon İH-nin başçısı Xaləddin İsgəndərov hələ də öz çirkin əməllərindən əl çəkmək istəmir. Özünün rüşvət piramidasını genişləndirməkdə qərarlıdır. Bütün bu çirkin əməlləri ilə cənab Prezidentin apardığı siyasətə, dövlət maraqlarımıza zərbə vurmaq icra başçısının təxribatçı niyyətlərindən xəbər verir.
Xahiş edirəm həmrəylik göstərib bu məsələnin ictiamiləşməsində mənə yardımçı olasınız.
Hörmətlə jurnalist
Həsən Elbrusoğlu Babayev"