Dünən Aydın Əliyevin rəhbərlik etdiyi gömrük sistemində illik gömrük rüsumları ilə bağlı maxinasiya faktlarını diqqətinizə təqdimetmişdik. Bu dəfə isə DİA.AZ-ın araşdırma qrupu gömrükdə baş verən digər yeyinti faktları ilə bağlı müəyyən bilgiləri diqqətinizə təqdim edir.
Beləliklə, rəsmi rəqəmlərə görə, 2013-cü il ərzində aşkar olunmuş 12 128 gömrük qaydaları əleyhinə inzibati xəta faktı üzrə 354 hüquqi şəxs (o cümlədən 181 xarici hüquqi şəxs) və 11 771 fiziki şəxs (o cümlədən 7477 xarici) inzibati məsuliyyətə cəlb edilib. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, göstərilən şəxslərə qarşı 1 milyon 255 min 121 manat cərimə tətbiq olunmaqla, dəyəri 199 min 108 manat olan mallar müsadirə edilib.
İndi isə gələk reallıqlara. Bununla bağlı dia.azın əldə etdiyi informasiyalardan belə aydın olur ki, 2013-cü il ərzində göçrük qaydalarının pozulması nəticəsində 6 milyon 348 min manatdan bir qədər artıq vəsait əldə edilib ki, bu da ümumi olaraq, keçən il ərzində Aydın Əliyevin 5 milyon manat “cəzapulu” yeməsi anlamına gəlir.
Müsadirə olunan malların məbləğinə gəlincə isə, dia.az-ın əldə etdiyi faktlara görə, açıqlanan 199 min 108 manatlıq müsadirə məbləği də gülüncdür. Məlumatlara görə, təkcə bir ay ərzində bu həcmdə mal müsadirə olunur. Bus isə faktiki olaraq müsadirə olunmuş malların mənimsənilməsi anlamına gəlir. Məlumatlara görə, bu gün Aydın Əliyevə yaxın şəxslər Bakının ayrı-ayrı yerlərində “optovik”lərə çox ucuz qiymətə məhz müsadirə olunmuş mal dağıtmaqdadırlar və bu biznesdən də il ərzində 1 milyon manatdan artıq pul yığılır. Deməli, qeyd olunan faktlar üzrə il ərzində baş verən oğurluq faktının miqyası 6 milyon manat həcmindədir.
Yenə də gələk rəsmi rəqəmlərə. DGK-dan verilən məlumatda deyilir ki, keçən il Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində valyuta nəzarətini həyata keçirərkən valyuta qanunvericiliyinin tələblərini pozan şəxslərdən 343 380 ABŞ dolları, 59 035 avro dəyərində 9 kq 115 qram qızıl, 4946 manat dəyərində 27 ədəd qızıl əşya, 77 kq gümüş, 22 920 manat dəyərində 2191 ədəd gümüş əşya, 14 238 manat dəyərində 86 karat qiymətli daşlar aşkar olunub.
Bu faktlarla bağlı dia.az-a danışan gömrükdəki mənbə bildirir ki, DGK-nın qara mühasibatlıq sənədlərində qeyd olunan rəqəmlərin gerçək formaları ilə müqayisə etdikdə Aydın Əliyevin bu yolla da ən azından 4 milyon manat dəyərində malı “xırıd etdiyi” göz önündə canlanır. Belə ki, elə DGK tərəfindən keçən ilin ortalarında rəsmən açıqlanan 6 aylıq hesabatda qanunvericiliyi pozan şəxslərdən götürülən qiymətli daşların ümumi karat həcmi 69 olaraq göstərilmişdi. Indi buradan belə çıxır ki, gömrükçülər ilk 6 ayda 69, digər 6 ayda 17 karatlıq qiymətli daş müsadirə ediblər? Hər halda, bu, yalnız nadir hallarda təbii fakt kimi qarşılana bilər.
Araşdırmalarımız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq…